PDF Oxu

Siyasət

  • 2 233

Dünyaya qardaşlığın, dostluğun nümunəsini göstərən Azərbaycan-Türkiyə münasibətləri

Dünyaya qardaşlığın, dostluğun nümunəsini göstərən Azərbaycan-Türkiyə münasibətləri

Tarixi Zəfərimizdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyan bu əlaqələr yeni istiqamətlər üzrə inkişaf etmək dədir. Bu birlik öz növbəsində türk dünyasının həmrəyliyi üçün mühüm amilə çevrilib.

Azərbaycan–Türkiyə ədalətin, beynəlxalq hüququn yanındadır və bütün məsələlərin məhz bu prinsiplər əsasında həll olunmasına səy göstərirlər. Azərbaycan və Türkiyə Prezidentlərinin qarşılıqlı səfərləri əsasında bu əlaqələr daha da möhkəmlənir, münasibətlərin gələcək inkişafına xidmət edən addımların atılması ilə yadda qalır. Fevralın 19-da növbəti dəfə dünyanın diqqəti bu birliyə, həmrəyliyə yönəldi. Belə ki, cənab İlham Əliyev ənənəyə uyğun olaraq prezident seçkilərindən sonra ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə etdi. Bu addım yalnız ölkələrimiz deyil, Prezidentlər arasında şəxsi dostluq və qardaşlıq münasibətlərinin təqdimatı oldu.

Səfər çərçivəsində Prezidentlərin keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında Azərbaycan və Türkiyə əlaqələrinin ayrı-ayrı sahələrdə inkişafına, yeni imzalanan sənədlərin münasibətlərin gələcəyi ilə bağlı yaratdığı təsəvvürlərə xüsusi diqqət yönəldildi və belə bir əminlik ifadə edildi ki, əlaqələrimiz yüksək zirvələri fəth edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirdi ki, prezident seçkilərindən sonra ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiidir, bu, bir ənənədir: “Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.”

Əməkdaşlığın mühüm istiqamətlərindən olan hərbi sahədə xüsusi qeyd edildi. Dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri Türkiyə modelinə tam uyğundur: “ Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub.”

Türkiyədən Naxçıvana təbii qazın nəqli üçün boru xətti və dəmiryolunun çəkilməsi məsələsinə baxılıb. Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq hər iki ölkəyə Asiya ilə Avropa arasında nəqliyyat dəhlizi olmaq imkanı verir. Nəqliyyat dəhlizi imkanı dövlətlərə tranzit gəlirlərlə yanaşı, həm də siyasi dividend də qazandırır. Türk Dövlətləri Təşkilatının dövlət başçıları səviyyəsində növbəti toplantısının işğaldan azad olunan Şuşa şəhərində bu ilin iyununda keçirilməsi türk dövlətlərinin Azərbaycana verdiyi siyasi dəstəyi göstərir. Türkiyə regionda davamlı sülhün təmin olunmasına çalışan Azərbaycana hər zaman dəstək verəcək. Türkiyə həm diplomatik, həm də hər bir sahədə Azərbaycanı dəstəkləyir. Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmiryolu xətti iki ölkə arasında ticarət dövriyyəsinin həcmini artırmaqla yanaşı, beynəlxalq yük daşımalarında həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq.

İki dost ölkənin birgə həyata keçirdiyi layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri ölkələrin sərhədlərindən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır.

Bütün bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün Azərbaycan və Türkiyə öz gücünə güc qatır və bu, bütün Türk dünyasının, Türk Dövlətləri Təşkilatının hər bir üzvünün güclənməsi deməkdir.

ARZU ƏlİYEVA

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər