PREZİDENT İLHAM ƏLİYEV seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə həyata keçirməyi birliyimizin və müttəfiqliyimizin bariz göstəricisi olduğunu bildirib
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 70 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda bildirilir ki, bu gün Türkiyə Respublikası Prezident Rəcəb Tayyib Ərdoğanın müdrik rəhbərliyi altında inkişafının ikinci yüzilliyinə qədəm qoyur: «Sizin ömür yolunuz Vətənə və xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsidir. Siz qardaş Türkiyənin rifahı, bugünkü inkişafı, beynəlxalq aləmdə layiqli yer tutması naminə fədakarcasına çalışan böyük şəxsiyyət, zəmanəmizin görkəmli dövlət xadimisiniz. Siz üzərinizə düşən məsul tarixi missiyanı inam və qətiyyətlə yerinə yetirərək, uzaqgörən və məqsədyönlü siyasətinizlə ölkənizi dünyanın ən aparıcı və qüdrətli dövlətləri sırasına çıxarmısınız. Türkiyənin son iyirmi ildə əldə etdiyi mühüm nailiyyətləri və uğurları məhz Sizin adınızla bağlıdır”.
“Siz Azərbaycan xalqının da əsl dostusunuz. Azərbaycana qəlbən bağlılığınız ölkəmizin ərazi bütövlüyünə daimi dəstəyinizdə, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, müttəfiqliyimizin sarsılmazlığı naminə misilsiz xidmətlərinizdə öz ifadəsini tapmışdır. Azərbaycanın haqq işi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, verdiyiniz tərəddüdsüz dəstək xalqımız tərəfindən xüsusi minnətdarlıq hissi ilə xatırlanır”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə həyata keçirməyi birliyimizin və müttəfiqliyimizin bariz göstəricisidir: “Bu dəvətə və səfərim zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək diqqət və qonaqpərvərliyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizinlə səmimiyyət, qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsini yüksək qiymətləndirirəm.
Əminəm ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından və birliyindən güc alan dünyada bənzəri olmayan münasibətlərimiz bundan sonra da birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir”.
“Həyatınızın bu sevincli günü münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə daim yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram”, - deyə məktubda bildirilib.
AZƏRBAYCAN-TÜRKİYƏ BİRLİYİ SARSILMAZDIR!
Bəli, bu gün qədim tarixlərin sınağından çıxmış, aforizm kimi dillər əzbəri olan “Azərbaycan-Türkiyə – Bir millət, iki dövlət” həmrəyliyinin nəticəsində Qələbə Zəfərinə nail olduq. Vətən müharibəsinin başlandığı gündən dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla dostluğumuzun, qardaşlığımızın nə qədər sarsılmaz olduğunu, böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezislərinin bir daha reallıqda təsdiqinin təqdimatı oldu. İki qardaş ölkənin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsində də böyük öndərlərin bu fikirlərinin Türkiyə-Azərbaycan münasibətlərinin əsasında dayandığı xüsusi qeyd olunub. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca önəmli məqamlardır.
Göründüyü kimi, istər Azərbaycanın, istərsə də Türkiyənin xoş günlərində də, çətin günlərində də bir-birinin yanında olub, çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etməsi, Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi.
Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!
Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki proqram xarakterli tarixi nitqində Azərbaycanın beynəlxalq aləmdəki roluna və yerinə verilən siyasi qiymət dünya ictimaiyyətinin diqqətini çəkən vacib məqamlardan biridir. Prezident İlham Əliyev çıxışı zamanı bu strateji istiqaməti bütün dünyaya bəyan edərək söylədi ki, “Bizim ailəmiz Türk dünyasıdır… Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox! Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
SEÇKİLƏRDƏN SONRA İLK RƏSMİ SƏFƏRİN MƏHZ QARDAŞ TÜRKİYƏYƏ HƏYATA KEÇİRİLMƏSİ BİRLİYİMİZİN VƏ MÜTTƏFİQLİYİMİZİN, İLHAM ƏLİYEV – ƏRDOĞAN QARDAŞLIĞININ BARİZ GÖSTƏRİCİSİDİR
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 70 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunda bildirib ki, seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə həyata keçirməyi birliyimizin və müttəfiqliyimizin bariz göstəricisidir.
Göründüyü kimi, bu səfər indiyədək əsası qoyulmuş ənənənin davamı olmaqla yanaşı, tarixi dostluğa, qarşılıqlı etimada, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrə ehtiramın bariz göstəricisi olmaqla, həm də bu gün bu siyasi kurs İlham Əliyev – Ərdoğan qardaşlığı timsalında özünün ən yüksək inkişaf mərhələsindədir. Ölkələrimizin qarşılıqlı əməkdaşlığı, birgə hədəfləri onu deməyə əsas verir ki, müştərək inkişaf xətti daha da dərinləşəcək və güclənəcək. Prezident İlham Əliyevin təbirincə desək: “Türkiyə– Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.
Ankarada keçirilən rəsmi tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək və geniş tərkibdə görüşlər, hər iki dövlə üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə sənədlərinin imzalanması və mərasimdən sonra hər iki liderlərin mətbuata bəyanatla çıxışları bir daha Azərbaycan – Türkiyə - dünya birliyində bu iki qardaş ölkə arasındakı münasibətlərin analoqunun olmadığını təsdiqləyir. Şərqdən qərbə, Şimaldan Cənuba qədər bütün qitənin bildiyi tək həqiqət var: Azərbaycan və Türkiyə iki qardaş və strateji tərəfdaşdırlar. Dostlarımız da, düşmənlərimiz də bizim qardaşlığımızın qədim köklərə söykəndiyini yaxşı bilirlər.
İki qardaş dövlətin başçılarının fevralın 19-da qarşılıqlı görüşü zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlərin, o cümlədən Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Memorandum imzalanması iki ölkə arasında təhsil sahəsində yeni əməkdaşlığın əsasını qoyacaq. “Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.” Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla keçirdikləri birgə mətbuat konfransında səsləndirdiyi bu fikirlər təkcə münasibətlərimizin qardaşlığını göstərmir. Bu fikirlər həm də iki qardaş ölkənin Türk Birliyinin yaradılması istiqamətində çoxşaxəli fəaliyyətinin göstərcisidir.
Müasir dünyada gedən proseslərin fonunda Azərbaycan ilə Türkiyə arasında, ilk növbədə, məhz hərbi-siyasi sahədə əməkdaşlığın dərinləşdirilməsi getdikcə öz əhəmiyyətini artırır. Təsadüfi deyil ki, dövlət başçılarının keçirdikləri geniş tərkibli görüş zamanı cənab Prezident İlham Əliyev hərbi sahədə və müdafiə sənayesi sahəsində əməkdaşlığın önəmini xüsusi vurğulayıb. Möhtərəm dövlət başçımız prezident seçkilərindən iki gün sonra şəxsən iştirak etdiyi ilk tədbirin də “Bayraktar Akıncı” PUA-sının təqdimatı olduğunu diqqət mərkəzinə gətirib. Qeyd olunub ki, bu gün Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq dinamik şəkildə inkişaf edir və genişlənir. Təbii ki, Azərbaycan səmasında PUA-ların uçması ölkəmiz üçün yeni imkanlar yaradır. Həmçinin cənab Prezident İlham Əliyev “Baykar Holding”in Azərbaycanda təlim, tədris və təmir mərkəzinin yaradılmasını yüksək qiymətləndirib. Əlaqələrini artıq rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş iki qardaş ölkənin bilavasitə hərbi sahədə əməkdaşlıq əlaqələri xüsusi önəm kəsb edir. Dövlət başçımızın mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, bu gün Azərbaycan və Türkiyə orduları bir yumruq anlamına gəlib və hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm də Azərbaycanda keçirilir. Əlbəttə ki, bütün bunlar ölkələrimizin hərbi qüdrətinin artmasına xidmət edir.
Bir sözlə, yaşanan reallıqlar bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır və bu, bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur! Çünki bizim qardaşlığımız da, müttəfiqliyimiz də, birliyimiz də ƏBƏDİDİR! Və dövlət başçımızın söylədiyi kimi: ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından və birliyindən güc alan dünyada bənzəri olmayan münasibətlərimiz bundan sonra da birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.
RƏFİQƏ KAMALQIZI