"Siz Azərbaycan xalqının da əsl dostusunuz. Azərbaycana qəlbən bağlılığınız ölkəmizin ərazi bütövlüyünə daimi dəstəyinizdə, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, müttəfiqliyimizin sarsılmazlığı naminə misilsiz xidmətlərinizdə öz ifadəsini tapmışdır. Azərbaycanın haqq işi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, verdiyiniz tərəddüdsüz dəstək xalqımız tərəfindən xüsusi minnətdarlıq hissi ilə xatırlanır." Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana unvanladığı təbrikində bildirib: 'Əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə öz adımdan və Azərbaycan xalqı adından Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən xüsusi məmnunluq duyuram". Onun ömür yolunun Vətənə və xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi olduğunu bildirən Cənab Prezident qardaş Türkiyənin rifahı, bugünkü inkişafı, beynəlxalq aləmdə layiqli yer tutması naminə fədakarcasına çalışan böyük şəxsiyyət, zəmanəmizin görkəmli dövlət xadimi kimi dəyərləndirib:"Siz üzərinizə düşən məsul tarixi missiyanı inam və qətiyyətlə yerinə yetirərək, uzaqgörən və məqsədyönlü siyasətinizlə ölkənizi dünyanın ən aparıcı və qüdrətli dövlətləri sırasına çıxarmısınız. "
Müasir dünyada Rəcəb Tayyib Ərdoğanın müdrik rəhbərliyi ilə Türkiyə Respublikası inkişafının ikinci yüzilliyinə qədəm qoyur. "Bu yolda qardaş ölkəyə qarşısına qoyduğu bütün hədəflərə və məqsədlərə çatmağı, yeni müvəffəqiyyətlərə və zəfərlərə imza atmağı arzulayırıq"- deyə Prezident bildirib.
İKİ DÖVLƏT ARASINDA YENİ ÜFÜQLƏR
Məlumdur ki, Azərbaycanın Qalib Lideri Prezident İlham Əliyev bütöv, suveren ölkəmizdə keçirilən seçkilərdə tarixi zəfərə imza atdıqdan sonra ilk rəsmi səfərini dost Türkiyəyə etdi. Bu, yeni dövrün başlağıcında artıq iki qardaş dövlətin bundan sonrakı münasibətində yeni üfüqlərin açıldığının təzahürüdür. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilib. "Seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərimi dəvətiniz əsasında məhz qardaş Türkiyəyə həyata keçirməyim birliyimizin və müttəfiqliyimizin bariz göstəricisidir. Bu dəvətə və səfərim zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək diqqət və qonaqpərvərliyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizinlə səmimiyyət, qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsini yüksək qiymətləndirirəm" - deyə dövlət başçımız bildirib.
Hər zaman olduğu kimi bu səfər çərçivəsində də müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması, eləcə də aparılan müzakirələr mövcud münasibətlərin daha da dərinləşməsinə əsasdır. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş"in, "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"in imzalanması iki dövlət arasında əlaqələri daha da sıxlaşdırır. Vurğulamaq yerinə düşər ki, ikitərəfli ticarət dövriyyəsi bir il əvvəlkinə nisbətən 16 faizdən çox artımla 7,5 milyard dollar səviyyəsinə çatıb. Hədəf isə 15 milyard dollardır. Eyni zamanda, səfər çərçivəsində təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu" imzalanıb. Anlaşma Memorandumu ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi olacaq. Universitet elm və texnologiya sahələrində münasibətləri yeni səviyyəyə qaldıracaq.
"AZƏRBAYCAN XALQI BU QARDAŞLIQ DƏSTƏYİNİ HEÇ VAXT UNUTMAYACAQ"
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. "Əminəm ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından və birliyindən güc alan dünyada bənzəri olmayan münasibətlərimiz bundan sonra da birgə səylərimizlə "Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir." - dövlət başçımızin təbrikində qeyd olunub.
Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. "2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Bu gün söhbət əsnasında mən demişdim ki, ondan əvvəl də Türkiyə - Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı." – deyə Prezident çıxışlarının birində diqqətə çatdırıb.
Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan müstəqil siyasət yürüdə bilən ölkədir. Dövlət siyasətinin də mütləq prioritetləri Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiə olunması, eyni zamanda ölkəmizin müstəqil siyasət aparmasıdır. Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə dövlətlərarası gələcək iş birliyinin istiqamətini göstərir.
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir.
Əlbəttə ki, Azərbaycan ilə Türkiyə arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik yaradır.
Zümrüd BAYRAMOVA