Mövcud reallıq və faktlar təsdiq ki, azərbaycanlılar müxtəlif dövrlərdə erməni vəhşiliyi ilə üzləşib. Nəticə də son 2 əsr ərzində 2 milyondan çox insan həyatını itirib, yüz minlərlə insan isə ev eşiyindən olub, yurdu yuvası dağıdılıb. Erməni vandalları insanlara qarşı soyqırımı aktları törətməklə kifayətlənməyib, tarixi abidələrə, memarlıq nümunələrinə qarşı da vandalizm aktları həyata keçirib. Təkcə 30 illik işğal dövründə ermənilər Azərbaycan xalqına məxsus yüzlərlə tarixi abidəni, memarlıq nümunəsini dağıdıb, məscidləri viran edib. İşğal altında olan ərazilərdə abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Ermənistan qanunsuz silahlı birləşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına küllü miqdarda ziyan vurub. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına zidd olsa da işğal altında və Ermənistanda qalan Azərbaycan mədəniyyət abidələrinin əksəriyyəti məhv edilib. Real sənədlərə nəzər salsaq görərik ki, həmin ərazilərdə təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla öz kimliklərini nəinki Azərbaycan xalqına, eləcə də bütün dünyaya göstərdilər. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu "Qafqazın Xirosiması" adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir".
Erməni vəhşilyinin izləri azad edilən ərazilərin hər yerində görünür
Şuşa, Ağdam, Qubadlı, Zəngilan və digər şəhərlərimizdə Ermənistan mədəni soyqırımı törədib, bu ərazilərdə dini ziyarətgah, məscid, muzey, arxeoloji yer, məzarlıq və çoxlu sayda digər mədəni və dini abidələri məhv edilib. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir. Onu da vurğulayaq ki, həmin illərdə ermənilərin tapdağı altında olan ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyi və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz eksponatları oğurlanıb. Erməni təcavüzkarları həmin muzeylərdə olan Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltaraşlıq əsərləri, dünyaşöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materialları qarət edərək Ermənistana və digər ölkələrə daşıyıblar. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizminə məruz qalmış dini, tarixi və yerli memarlıq abidəsi hesab edilən binaların bərpası və yenidən qurulmasına xüsusi önəm verirlər. Məlumdur ki, Vaqifin məqbərəsi artıq bərpa edilib. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimiz - Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri əzəli torpağımıza gətirildi. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açılıb, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyulub. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışı olub. Qeyd edək ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib. Yaşayış evinin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib. Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub.
Şuşada bütün tarixi binalar bərpa olunur
İşğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işləri, mədəni-dini abidələrimizin bərpası davam edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub. Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir. Heydər Əliyev Fondu hazırda Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırıb. Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir. Bir çox əlamətdar hadisələrə şahidlik edən Şuşamızda Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə tanış olublar. Hazırda məsciddə "PAŞA Holding"in dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa işləri həyata keçirilir.
Mamayı məhəlləsində XIX əsrin sonlarında Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib
Məscid Şuşa şəhərinin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Düzbucaqlı quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri var. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılıb. Burada da məscid, bulaq, kiçik meydan, hamam olub. Lakin işğal zamanı onlar da erməni vandalizminə məruz qalıb. Sovet hakimiyyəti illərində isə Mamayı məscidi poeziya evi kimi fəaliyyət göstərib. Bərpa işləri Mamayı bulağını da əhatə edir. Vaxtilə Mamayı məhəlləsindəki bulağın yuxarı hissəsində kitabə olub. Kitabədə bulağın 1900-cu ildə Səməd ağa Cavanşir tərəfindən tikildiyi yazılmışdır. Ermənilər Şuşanı işğal altında saxladığı dövrdə şəhərdəki bir çox abidələr kimi Mamayı bulağını da erməniləşdirməyə çalışıblar. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunub. Bundan başqa, ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dillərində yazılmış lövhə də həkk ediblər. Aparılacaq işlər zamanı Mamayı məscidinin və bulağın tarixi görkəmi bərpa olunaraq istifadəyə veriləcək.
Şuşada Heydər Əliyev Fondu tərəfindən Çöl Qala məscidində və bulağında bərpa işləri aparılır. Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Məscid XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikdirilib. Məscid minarəsiz formada inşa edilib. Onun forması Şuşa şəhərinin əksər məscidləri kimi düzbucaqlı olub. Məscidin ümumi girişi asimmetrik şəkildə düzülmüş əsas fasaddan ibarət olub. İbadət ocağının interyeri tamamilə İslam memarlığına uyğundur. Məscidin daxili hissəsi dörd ədəd səkkizguşəli daş sütunla bəzədilib. Məscidin taleyi Şuşa şəhəri 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra şəhərin digər tarixi abidələri kimi olub və bu dini-tarixi abidəmiz də dağıdılaraq talan edilib.
Çöl Qala məscidinin yaxınlığında məscidin üslubunda tikilən XIX əsrə aid Çöl Qala bulağı yerləşir. Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra bulaq da dağıdılıb, daş kitabələri də məhv edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində "Qızlar gimnaziyası" tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanış olublar. Xatırladaq ki, Şuşada müstəqil qız məktəbi 1875-ci il oktyabrın 26-da Şuşa əhalisinin təşkil etdiyi "Xeyriyyə cəmiyyəti” tərəfindən təsis olunub. Dini etiqadından və mənşəyindən asılı olmayaraq, bütün qızlara burada təhsil almaq imkanı yaradılmışdı. Tədris planına rus dili, hesab, ana dilində oxuma, yazma, hüsnxət, rəsm, rəsmxət, ümumi coğrafiya, tarix, ölkəşünaslıq daxil idi. Eyni zamanda, məktəbdə milli mahnılar öyrədilir, təbiət, tarix və fizikadan dərs verilirdi. Məktəbdə təhsil ödənişli olsa da, kasıb ailələrin övladları təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə fransız və alman dilləri də tədris edilir, musiqi öyrədilirdi. Qızların rus dilində təhsilinə diqqəti artırmaq və xərcin bir qismini xəzinədən ödəmək şərti ilə Şuşa qız məktəbi 1894-cü ildə Şuşa Marinski qız məktəbi adını aldı və dördsinifli məktəbə çevrildi. Məktəb 120 şagirdlə fəaliyyətə başladı. 1895-1896-cı tədris ilində burada 147 qız təhsil alırdı. Bu məktəbin təşkili azərbaycanlı qızların da rus dilində təhsilinə şərait yaratmışdı. Şuşa Marinski qız məktəbi qadınların təhsili sahəsində, azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol oynayıb. 1894-cü ildə Şuşada iki şəxsi qız məktəbinin əsasında Müqəddəs Mariya qız məktəbi yaradılmış, bununla da azərbaycanlı qızların Avropa təhsilinə yolları açılmışdı. Sovet məkanında yaşadığımız illərdə bina internat məktəbi kimi də fəaliyyət göstərib. Gələcəkdə buranın dekorativ tətbiqi sənət mərkəzi və mədəni sahələr üzrə inzibati bina kimi istifadə olunması planlaşdırılır.
Onu da qeyd edək ki, hər daşında tarix yaşanılan Şuşamızın hər küçə və meydanında yaddaşımızın qapalı qalan məqamları açılır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri ilk dövrlərdə Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırılırdı. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılıb. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırıb. Şuşa qalasının üç əsas qapısı var idi: Gəncə, İrəvan və Ağoğlan qapıları. Mənbələrdə qeyd olunduğu kimi, hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün Baş planlarında qeyd edilir. Şəhər işğaldan azad edildikdən dərhal sonra tarixi Şuşa qalasında bərpa işləri görülüb. Qala üzərindəki Şuşa yazısı bərpa edilib.Erməni vandalizmin izləri tamamilə aradan qaldırılır. Bütün bunlar xalqımızın öz keçmişini bərpa etməsi, dəyərlərinə sahib çıxması deməkdir. Təbii ki, insanlar Şuşaya, Xankəndinə, Xocalıya və digər işğaldan azad edilən ərazilərə tam şəkil də qayıtdıqdan sonra bölgədə həyat öz axarına düşəcək.
İLHAM ƏLİYEV