Rasim Musabəyov: "Rusiyanın 5 min nəfərlik kontigenti olan hərbi bazası var, Gümrüdə olan hərbçilər, hərbi hava qüvvələri Rusiyaya tabedir"
Son zamanlar İrəvanın anti-Rusiya xarakterli addımları, xüsusilə Qərblə hərbi-siyasi cəhətdən yaxınlaşması, ələlxüsus Fransa ilə açıq sövdələşmələr aparması nəhayət ki, Kremlin qıcıqlanması ilə nəticəsini tapdı. Məhz bu baxımdan, Türkiyə və Azərbaycanla yanaşı, regionun aparıcı aktorlarından hesab edilən Rusiya Cənubi Qafqazda bu bölgəyə xas olmayan oyunçuların daxil olmasını əngəlləmək üçün yedək planını işə salmaq qərarını verib. Bu qərarın bazis hissəsi isə Ermənistan hakimiyyətinə dərs verməkdən ibarətdir. Artıq belə qənaətə gəlmək olar ki, Rusiya-Ermənistan gərginliyi bölgə üçün fərqli bir situasiya proqnozlaşdırır. Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya arxa çevirib bütün ümidlərini Parisə bağlayırsa, bunun nəticələrini də düşünməlidir. Hər halda, Yelisey sarayı son anda Kreml qarşısından geri də çəkilə bilər və bu kimi ehtimal daha çox görünməkdədir. Amma hələlik, Fransa Ermənistanı silahlandırmaqla vəziyyəti öz xeyrinə dəyişəcəyini düşünür...Düşünməyinə düşünür, fəqət hazırkı zamana qədər Parisin kimlərin dərdinə dərman ola bilməsi reallığını da unutmaq olmaz. Daha dəqiq desək, Fransa son anda yaxasını geriyə çəkəcək.
Deputat: "Fransa bölgədə mövcud deyil, amma bunun əksinə olan reallıqlar mövcuddur"
Deputat, politoloq Rasim Musabəyova görə isə, Moskva İrəvanın oyunbazlığına səbr etməklə Parisin bir növ əl-qol açmasına şərait yaradır. "İrəvanın davranışlarına Moskvadan cavab nə qədər gec verilsə, daha sərfəli situasiya yarana bilər", - deyən deputat digər tərəfdən bildirib ki, Fransanın indiki halda Ermənistanın təhlükəsizliyinə necə və hansı şəraitdə qarantiya rolunda çıxış edəcəyi müəmmalıdır: "...Çünki Fransa bölgədə mövcud deyil, amma bunun əksinə olan reallıqlar mövcuddur. Hazırda Ermənistanda Rusiyanın 5 min nəfərlik kontigenti olan hərbi bazası var, Gümrüdə olan hərbçilər, hərbi hava qüvvələri Rusiyaya tabedir. Eyni zamanda, Ermənistan sərhədlərini 4 min Rusiya sərhədçisi qoruyur. Agentura şəbəkəsinin sayını isə qeyd etməyə ehtiyac yoxdur".
Politoloq: "100-200 nəfərlik fransız polisi gətirməklə onların bölgədəki mövcudluqlarını təmin etmək mümkün deyil"
Rasim Musabəyov fransızların Ermənistana hərbi qüvvə gətirəcəyi iddialarını da şərh edib. Onun fikrincə, 100-200 nəfərlik fransız polisi gətirməklə onların bölgədəki mövcudluqlarını təmin etmək mümkün deyil: "Vaxtilə Rusiya Ermənistana ən təhlükəli silahları vermiş, "İskəndər" raketlərini yerləşdirmişdi. Fransa isə indi Ermənistana gecəgörmə cihazları verməklə nəyəsə nail olmaq istəyir".Politoloq paralel olaraq Ermənistanın son davranışları fonunda sülhə zərbə vurmaq ehtimallarını da dəyərləndirərək qeyd edib ki, Paşinyan bununla heç nəyə nail ola bilməyəcək: "Bütün bunlara baxmayaraq onun davranışları Azərbaycanın qarşısında duran məqsədlərə çatmağa maneə törətmir".
İran faktoru və onun "qırmızı xətti"
Əlavə olaraq onu da xatırladaq ki, artıq İran da rəsmi şəkildə Ermənistanın ərazisində Qərb qüvvələrinin yerləşməsini "qırmızı xətt" adlandırıb. Fransanın Ermənistanla cici-bacılığına açıq şəkildə qısqanan və qeyzlənən Tehran İrəvana xatırlatmalar edərək uzun illər bu ölkəyə nəfəslik açdığını bildirib və İranın maraqlarına zidd addımlar almamağa dəvət edib.Hələlik isə Ermənistan rəhbərliyi öz siyasi klounadası ilə məşğuldur və unudur ki, ölkə daxilindəki çoxminli Rusiya kontingenti hər an Moskvadan "vur" əmri ala bilər. Həmçinin, Azərbaycan və Türkiyə reallığı da bir anda Ermənistanın siyasi varlığını böyük sual altında qoymaq əzmindədir. Nə qədər gec deyil, İrəvan utopiya yuxusundan ayılmalı və əsl reallığı dərk etməlidir.
Afət Tahirqızı