7 fevral növbədənkənar Prezident seçkilərində qalib gəlməsindən sonar cənab Prezident İlham Əliyevin ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi dostluğun, qardaşlığın əyani təzahürüdür.
Qardaş ölkəyə rəsmi səfər zamanı görüşlərdə münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişafı müzakirə edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və əməkdaşlıq münasibətlərinə və iki ölkə arasında yaradılan güclü əlaqələrə diqqət çəkmişdir.
Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən danışarkən cənab Prezident İlham Əliyev qeyd etdi ki, “İkinci Qarabağ savaşından sonar bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.
Azərbaycan-Türkiyə qardaşlığı iki ölkə arasında bütün sahələrdə olduğu kimi hər bir sahədə də əməkdaşlığın dərinləşməsinə xidmət edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Ordusu Türkiyə Ordusunun modeli əsasında inkişaf edir. Məhz bu istiqamətdə birgə atılan addımlar Ordumuzun müharibədən sonrakı dövrdə daha da güclənməsinə, Türkiyə ordusu modelində inkişafına zəmin yaradır. Hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır.
Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində öz əksini tapmış müddəalar Azərbaycan və Türkiyə dövlətlərinin ortaq taleyinin və maraqlarının hərbi cəhətdən birlikdə müdafiə olunmasının qarantıdır.
Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinin Azərbaycanla Türkiyənin birliyinə və əməkdaşlığına geniş strateji imkanlar açması nəticə etibarilə dünyada və Qafqazda, o cümlədən türk dünyası coğrafiyasında sülhün, qarşılıqlı etimadın və birgə əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.
Azərbaycan və Türkiyənin birlikdə məsul vəzifə kimi üzərinə götürdüyü regional səviyyədə sülhün və sabitliyin təmin edilməsi ilə yanaşı, Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyət üzrə regional və beynəlxalq müstəvidə səylərimiz birləşdirilmişdir.
Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstərir. Bu birlik və əməkdaşlıq dünyaya və regiona, ölkələrimizə yalnız sülh və əmin-amanlıq vəd edir.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri