PDF Oxu

Siyasət

  • 1 536

Prinsipial və dəyişilməz mövqe - Ya 5 prinsip, ya da "Dəmir yumruq" - TƏHLİL

Prinsipial və dəyişilməz mövqe - Ya 5 prinsip, ya da "Dəmir yumruq" - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: «Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etməkdir»

«Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər».

Bu sözləri fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlqoyma mərasimində, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

“Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bəli, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında intensiv görüşlər davam edir. Və bu gün İkinci Qarabağ müharibəsinin Qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Ermənistanla aparılan sülh danışıqları prosesində ortaya qoyduğu dəyişməz, qətiyyətli mövqeyi bir daha göstərir ki, məğlub ölkə ilə yalnız məlum 5 prinsip əsasında hazırlanılan sazişə imza atılacaq. Çünki Azərbaycan Qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə müxtəlif bəhanələr gətirib vaxt udmaq istəsə də buna nail ola bilmir. Səbəb isə bölgədə marağı olan güclər Cənudi Qafqazda sülhün və təhlükəsizliyin tez bir zamanda təmin olunmasında israrlıdırlar. Və bu gün dünya birliyi də Azərbaycanın haqlı tələbini aydın şəkildə dəstəkləyir. Tərəflər arasında aparılan sülh danışıqları isə həm Rusiyada, həm də Avropada reallaşır.

Bir sözlə…

PREZİDENT İLHAM ƏLİYEV SÖZÜNÜ DEDİ – BEŞ PRİNSİP, RUSİYAYA MESAJ, BRÜSSELİN VASİTƏÇİLİYİ...

Prezident İlham Əliyev bütün çıxışlarında, görüşlərində və müsahibələrində sülh danışıqları ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz olduğunu vurğulayaraq bildirir ki, irəli sürülən prinsipə əsaslanan sülh müqaviləsi imzalana bilər: «Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər».

Bəli, üç ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan nəticədə üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Amma bu kimi “mövqe” Ermənistan üçün yaxşı gələcək vəd etmir.

Göründüyü kimi, Azərbaycan Prezidentinin açıqlamasında Ermənistana yönəlik açıq xəbərdarlıq mesajı da yer alır. Dövlət başçısı Ermənistanı sülh və savaş arasında prinsipial seçim etməyə çağırır. Sülh sazişi imzalanana qədər sülh vəziyyətinin olmayacağını bəyanlayır. Yəni, Ermənistan sülh istəyirsə, sülh sazişini mütləq ən qısa zaman ərzində imzalamalıdır. Azərbaycan Prezidenti rəsmi İrəvandan sülh sazişi ilə bağlı müsbət reaksiya gözlədiyini qabardır: "Çünki, əgər, bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi".

Bir sözlə, həqiqət budur ki, qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni, öhdəsinə düşəni reallaşdırmağa tam hazır vəziyyətdədir. Yəni, Azərbaycan Prezidenti Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də sülh kontekstində regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Savaşdan sonra hərbi potensialını gündən-günə gücləndirən, sərhəddəki mövqelərini daha da möhkəmləndirən Azərbaycan sülhün, qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyaraq Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün addımlar atır. Bununla yanaşı, prosesin alternativinin nə ilə nəticələnəcəyini də Ermənistana göstərməklə deyir ki, sülh sazişinin imzalanmaması Ermənistan üçün böyük fəlakət olacaq: Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalanmalı, ya da "Dəmir yumruq" yenidən işə düşməlidir.

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib ki, bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz: «Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq».

Çünki Azərbaycan sülhə, sülh danışıqlarına sadiqdir və sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Bir sözlə, Azərbaycan öhdəliklərinə sadiq ölkədir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından üç ilə yaxın bir vaxtın keçməsinə baxmayaraq sülh sazişinin imzalanmasının uzanması artıq beynəlxalq münasibətlər, o cümlədən qlobal informasiya təbliğatında Azərbaycanın ardıcıl və daha böyük işlər görməsini diktə edir. Belə ki, fevralın 16-da Almaniyanın Münxen şəhərində Prezident İlham Əliyevin keçirdiyi görüşlər…

AZƏRBAYCANIN NÖVBƏTİ DİPLOMATİK UĞURUNU AYDIN ŞƏKİLDƏ DÜNYAYA GÖSTƏRDİ

Almaniyanın Münxen şəhərində Prezident İlham Əliyevin keçirdiyi görüşlər Azərbaycanın növbəti diplomatik uğurunu aydın şəkildə dünyaya göstərdi. Bir fakt xüsusilə qeyd olunmalıdır ki, dövlət başçısının keçirdiyi 24 görüşün hamısının təşəbbüskarı məhz qarşı tərəf olub. Dünya siyasətçilərinin diqqətini cəlb edən bu fakt Prezident İlham Əliyevin dünyada daim artan nüfuzunun daha bir təsdiqidir.

Münxen konfransı eyni zamanda Azərbaycanın getdikcə artan gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti konfransa həm də işğaldan azad edilmiş torpaqlarımız da daxil olmaqla ölkənin bütün ərazisində keçirilən növbədənkənar prezident seçkilərinin qalibi kimi qatılmışdı. Görüşlərdə qarşı tərəfin dövlət başçımızı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsi Azərbaycanda növbədənkənar prezident seçkilərinin azad, ədalətli, demokratik və şəffaf, beynəlxalq hüquq normalarının tələbləri səviyyəsində keçirilməsinin dünya birliyi tərəfindən də qəbul edilməsinin təsdiqiydi.

Münxen Təhlükəsizlik Konfransı çox nüfuzlu bir tədbirdir. Konfransa əsasən, dünya liderləri, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu elm mərkəzlərinin rəhbərləri və tanınmış ekspertlər dəvət olunur. Münxen görüşləri bir daha təsdiq etdi ki, dövlətimizin başçısının həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi daha da möhkəmlənib, bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artıb. Ötən illər ərzində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı dövlətlərdən birinə çevrilib. Dövlət başçısının xanım Helqa-Mariya Şmidlə görüşündə dediyi sözlər dünya siyasətçilərinin də diqqətini cəlb edib. Prezident İlham Əliyev görüş zamanı bəzi məqamları da xatırladaraq ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğulayıb.

Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kanslerinin təşəbbüsü ilə Ermənistan-Azərbaycan liderlərinin görüşü olub. Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığı diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında bütöv, suveren Azərbaycanın lideri kimi iştirakı xalqımızda qürur doğurdu. Bütün bunlar Azərbaycan Prezidentinin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Eyni zamanda Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Münxen görüşləri, həm də Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən AŞPA-ya tutarlı cavab oldu.

Beləliklə, bütün bunlar onu göstərir ki, regionda vəziyyətə diktə edən tərəf Azərbaycandır və ölkəmizin atdığı addımlar beynəlxalq hüquqa əsaslanır. Və Azərbaycan öz sülh təşəbbüslərinə adekvat cavab tələb edir və bizim buna tam haqqımız çatır. Çünki haqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Biz heç kimin ərazisinə göz dikmirik və öz halal torpaqlarımızın bir qarışını da heç kəsə verməyəcəyik. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplomatik siyasətinin reallığıdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər