Dağıdıcı müxalifət bütün varlığı ilə xarici maraqlı dairələrin təsiri altında olduğundan Azərbaycan xalqının milli məsələlərində kənarda qalmağa üstünlük verir. Onlar üçün fərq etmir bu seçkidir, hüzn günüdür və ya ərazi bütövlüyü məsələsidir, bütün hallar da xalqla bir olmaqdan, dərdinə şərik olmaqdan imtina edirlər. Bəzən elə hallar olur ki, ümumxalq hüzn günü də təxribatlar törədir və bununla da xalqdan ayrı düşən məxluqlar olduqlarını nümayiş etdirirlər. 20 yanvar faciəsi günündə, eləcə də Xocalı soyqırımının ildönümündə dağıdıcı ünsürlərin törətdikləri təxribatlar mətbuat vasitəsi ilə qınanılan hadisələrdəndir. AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı və onların trol dəstəsi fevralın 26-da “Ana harayı” abidəsinə ziyarət zamanı da ənənəvi amplualarına uyğun təxribatlarından qalmadılar. Asayişi təmin etməyə vəzifə borcu olan polislə qarşıdurma vəziyyəti yaratmağa çalışan Əli Kərimli və trol dəstəsi bununla bir daha islaholunmaz məxluqlar olduqlarını nümayiş etdirdilər. Görünən isə ondan ibarətdir ki, mədəni davranış göstərən polis dağıdıcı ünsürlərin təxribatlarının qarşısını səbirlə almağa çalışdı və buna da nail oldu. Müşahidələr zamanı diqqətçəkən məqam ondan ibarət idi ki, Ə.Kərimli insanların sıx olmasından istifadə edərək, öz məkrli planını həyata keçirməyə cəhdlər göstərdi. Yəni, o, hər vəchlə çalışırdı ki, təxribatlarının miqyasını genişləndirsin və polislə açıq qarşıdurma yaratsın. Hətta müəyyən hallarda çıxış edib öz sərsəm fikirlərini səsləndirməyə çalışdı. Lakin vətənpərvər insanlar Ə.Kərimlinin məkrli niyyətinin nədən ibarət olduğunu anladıqlarından özləri onların ağzını yummağa və anım mərasimindən uzaqlaşdırmağa nail oldular. Rüsvayçı hal ondan ibarətdir ki, təxribata cəhd edən dağıdıcı ünsürlər utanıb-çəkinmədən öz əməllərinə haqq qazandırırlar. Bu, azmış kimi Cənubi Qafqazın ən böyük partiyası olan YAP-ı günahlandırmağa çalışırlar. Əli Kərimli sosial şəbəkə hesabında iddia edir ki, onların ziyarətinə xalqın partiyası olan YAP üzvləri olub: “Xocalı ziyarətimizə mane olan təxribatçılar öz bayraqları ilə - YAP bayraqları ilə gəlmişdilər. İndi artıq heç bir şübhə yoxdur. 20 Yanvar, Xocalı və digər ziyarətlərimizdə törədilən təxribatların sifarişçisi dövlətdir. Bizimlə siyasi rəqabətə hazır deyil. Ona görə belə bir matəm günündə də polisin kölgəsinə sığınıb, cılız təxribatlarından əl çəkmirlər”.
Son vaxtlar Əli Kərimli və ətrafında olanlar aqressivləşiblər
Söz yox ki, hüzn günü də hansısa aksiyanı keçirmək, siyasi çağırışlar səsləndirmək yolverilməzdir. Bu, bütün hallarda siyasətçiyə başucalığı gətirməz. Hüzn günü də hər kəs növbə ilə abidəni ziyarət edib, kənara çəkilməlidir. Çünki hər kəs anım tədbirinin tələblərinə uyğun olaraq abidəni ziyarət etmək istəyir. Bu zaman Ə.Kərimli kimi trollar növbədənkənar ziyarət istəyini yerinə yetirməyə çalışırsa, bu, digər ziyarətçilərin haqlarını pozmaqdır. Bunu Ə.Kərmli və trol dəstəsi bilmirsə, yazıqlar olsun onlara. Ümumiyyətlə, görünən ondan ibarətdir ki, hansısa formada diqqəti cəlb edə biləcəkləri təxribatlar törətsinlər, sosial şəbəkələr üzərindən dezinformasiya xarakterli informasiyalar paylaşsınlar. Aradabir Ə.Kərimli ictimai rəyin heysiyyatına toxunan açıqlamalarla da çıxış edir. Buna misal olaraq onun İnternet TV-lərin birinə verdiyi açıqlamasında “44 günlük Vətən Müharibəsində qazanılan qələbə Sarkisyan-Koçaryan cütlüyünün Qarabağı və ətraf rayonları işğal etmələrindən artıq ola bilməz”. - deyə sayıqlamasını göstərmək olar. Bununla yanaşı, Ə.Kərimli beynəlxalq təşkilatlardan Azərbaycana sanksiyalar tətbiq edilməsini xahiş edir. Bir sözlə, Ə.Kərimli birbaşa Koçaryan–Sarkisyan cütlüyünün qazanına işləyən fikirlər çıxışlar edir. Ciddi araşdırmalar aparılsa Ə.Kərimlinin və C.Həsənlinin bu günlər ifşa edilən Fransa cəsus şəbəkəsinin əməkdaşları olduğu üzə çıxar. Əslində, şübhə edilmir ki, Ə.Kərimli və C.Həsənli ABŞ-ın və ya Avropanın hansısa agentura şəbəkəsinin cəsusları deyillər. Əgər agent deyillərsə, sübut etsinlər, dəlillər ortaya qoysunlar. Niyə ölkədə böyük rezonans doğuran Fransa cəsus şəbəkəsinin ifşasına Ə.Kərimli və C.Həsənli münasibət bilmirlər. Necə ola bilər ki, Azərbaycanın ucqar dağ kəndində baş verən xırda məişət məsələsini qabardıb, onun ətrafında hay-küy qaldıra bilirlər, ancaq fransız cəsus şəbəkəsinin ifşa edilməsindən özlərini xəbərsiz kimi aparırlar. Gözlərinin içinə qədər yalan danışır və özlərini məlumatsız kimi aparırlar. Hər şeydən məlumatlıdırlar. Hətta aylar öncədən ölkəmizdə fəaliyyət göstərən fransız cəsus şəbəkəsinin ifşa olunacağını bilirdilər. Dərk edirdilər ki, kifayət qədər peşəkar olan, təcrübəyə malik Azərbaycan hüquq-mühafizə orqanları çox asanlıqla cəsus şəbəkəsinin ifşasına nail olacaq, elə də oldu. Sadəcə, Ə.Kərimli, C.Həsənli və digərləri ənənəvi metodlarından istifadə edərək özlərini baş verənlərdən məlumatsız kimi göstərirlər. Əslində, lal və kar olmaları gözləniləndir. Axı maddi və mənəvi dəstəyi xaricdəki mərkəzləşmiş şəbəkədən alırlar. Təlimatlar, planlar da mərkəzi şəbəkə vasitəsi ilə onlara çatdırılır. Bu baxımdan, tam qətiyyətlə demək olar ki, Ə.Kərimli və C.Həsənli Azərbaycana qarşı revanşist çıxışlar edən, beynəlxalq təşkilatlardan ölkəmizə sanksiyaların tətbiq edilməsini tələb edən, yenidən müharibə ocağının yaranması çağırışını edən körpə qatilləri Koçaryan və Sarkisyandan heç nə ilə fərqlənmirlər. Belə demək mümkünsə, eyni sifətə və üzə malik məxluqlardır. Belə məxluqların siyasi fəaliyyətlə məşğul olmaları yolverilməzdir. Bu baxımdan, Ədliyyə Nazirliyi Əli Kərimlinin, Arif Hacılının rəhbərlik etdikləri partiyaların qeydiyyatı məsələsinə yenidən baxmalıdır. Ümid etmək olar ki, yeni təyinata alan Ədliyyə naziri ictimai fikri nəzərə alacaq və AXCP-nin, Müsavatın dövlət qeydiyyatı məsələsinə yenidən baxılması üçün tədbirlər görəcək.
İLHAM ƏLİYEV