PDF Oxu

Siyasət

  • 2 879

Azərbaycan-Səudiyyə Ərəbistanı: perspektivli inkişaf mərhələsi - TƏHLİL

Azərbaycan-Səudiyyə Ərəbistanı: perspektivli inkişaf mərhələsi - TƏHLİL

İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycanı Səudiyyə Ərəbistanı ilə bir sıra amillər bağlayır. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında münasibətlər tarixi xarakter daşıyır və hazırda müxtəlif sahələrdə fəal şəkildə inkişaf edir. Bu əlaqələr iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında səfərləri ilə əlamətdar olub. Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci ildə tanıyıb. 24 fevral 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr yaranıb. 1992-ci ildə Azərbaycan Respublikasının xarici islər naziri Səudiyyə Ərəbistanında rəsmi səfərdə olub. 1994-cü ilin aprel ayında Azərbaycanın Səudiyyə Ərəbistanında Səfirliyi fəaliyyətə başlayıb.
1999-cu ilin iyun ayında Səudiyyə Ərəbistanının Azərbaycanda Səfirliyi açılıb. Azərbaycan-SƏK münasibətlərinin genişlənməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub.
13 iyul 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri olub. Səfər zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair Baş Saziş imzalanıb. Səfərin yekunlarına dair Birgə Bəyanat qəbul edilib. Səfər zamanı Prezident Heydər Əliyev müqəddəs Kəbəni ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin SƏK-ə həyata keçirilən səfəri iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində xüsusi rola malikdir. Bu səfər Azərbaycan - SƏK münasibətlərində yeni mərhələ olub.

TURİZM SAHƏSİNDƏ ƏLAQƏLƏRİN GENİŞLƏNMƏSİ

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul etməsi əlaqələrin davamlılığına söykənir. Taufiq bin Fauzən Əl Rabiə İlham Əliyevi prezident seçkilərində qələbəsi və Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik edib. Qonaq əvvəl çalışdığı vəzifələrdə də ölkəmizə səfər etdiyini xatırladaraq son dövrlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında bütün sahələrdə olduğu kimi, turizm sahəsində də əməkdaşlığın genişlənməsini və qarşılıqlı turist səfərlərinin artmasını məmnunluqla qeyd edib, uçuş reyslərində olan dinamikanı müsbət qiymətləndirib.
Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarına münasibətdə vizaların verilməsi prosesinin asanlaşdırılması turizm sahəsində əməkdaşlığa ciddi təkan verib. Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosesinin sadələşdirilməsi istiqamətində addımlar atılıb.
Qonaq "Expo-2030"un və 2034-cü ildə futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı Azərbaycanın verdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirib.
Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib.

İKİ ÖLKƏ ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIQ ÜRƏKAÇANDIR

Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının İslam həmrəyliyi prinsipindən çıxış edərək, Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan ilə diplomatik əlaqələr qurmamasını xatırladaraq, İslam dünyasında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu cür ədalətli mövqedən çıxış etməsinin Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Səudiyyə Ərəbistanının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı mina təmizləmə işlərinə dəstəyi iki ölkə arasında güclü münasibətlərin və əməkdaşlığın yüksək səviyyədə olmasının daha bir təsdiqləyir. Səudiyyə Ərəbistanı həmişə Ermənistanın təcavüzünə məruz qalan ölkəmizin ərazi bütövlüyünü dəstəkləmiş və bütün beynəlxalq tribunalarda problemin beynəlxalq hüquq normalarına uyğun olaraq həllini müdafiə etmişdir. 44 günlük müharibə zamanı rəsmi Ər-Riyad Azərbaycanın qanuni hüquqlarına dəstək mövqeyini bəyan edərək, münaqişənin BMT və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələrinə uyğun həllinə tərəfdar olduğunu bütün dünyaya çatdırmışdır.
Səudiyyə Ərəbistanı ilə Azərbaycan ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam İnkişaf Bankı, OPEK çərçivəsində də səmərəli əməkdaşlıq edirlər. İki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində işlər ürəkaçandır. Bu əməkdaşlıq iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Bu prosesi sürətləndirmək məqsədilə birgə komissiya yaradılıb. 2021-ci il dekabrın 15-də paytaxt Ər-Riyad şəhərində Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib.
Prezident İlham Əliyev hazırda Qarabağda aparılan bərpa-quruculuq işlərini qeyd edib və Böyük Qayıdış layihəsinin həyata keçirildiyini bildirib.
Azərbaycanda Səudiyyə Ərəbistanından olan turistlərin sayının artmasındakı müsbət dinamikaya toxunan dövlətimizin başçısı turistlərin sayı ilə bağlı COVID-19 pandemiyasından əvvəlki rəqəmlərə çatmağın vacibliyini vurğuladı və bu istiqamətdə böyük potensialın olduğunu bildirib.
Görüşdə Azərbaycanda və Səudiyyə Ərəbistanında ölkələrimizin iqtisadi, investisiya, turizm və digər potensialını əks etdirən sərgilərin təşkilinin vacibliyi bildirilib, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd edilib.
Həm Azərbaycanda, həm də Səudiyyə Ərəbistanında urban inkişaf üzrə çox böyük layihələrin həyata keçirildiyi bildirilərək, bu sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb.
Onu da vurğulayaq ki, iki ölkə arasında qardaşlaşmış şəhərlər təcrübəsi də mövcuddur. Bakı ilə Ciddə qardaşlaşmış şəhərlərdir və xalqların, insanların, mədəniyyətlərin daha da yaxınlaşmasında mühüm rol oynayırlar.
Son zamanlar Azərbaycan-Səudiyyə münasibətləri həyatın bütün sahələrində müsbət, normal inkişaf edir. Qarşılıqlı münasibətlərin daha da güclənməsi Cənubi Qafqazda, Yaxın və Orta Şərqdə sülh və təhlükəsizlik işinə xidmət edəcəkdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər