Burnunu Cənubi Qafqaza daxil etməyə cəhd göstərərsə...
Fransa peyk məlumatlarını Ermənistana ötürəcək. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Erməmi nəşri yazır ki, baş nazir Nikol Paşinyanın Parisə səfərinin sonunda Fransa Kəşfiyyat Xidməti ilə Ermənistan Milli Təhlükəsizlik Xidməti arasında dörd ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı razılaşma əldə olunub. Bundan əlavə, eyni iddiaya görə, Paris Ermənistanın sərhədləri boyunca hərbi-siyasi vəziyyətlə bağlı məlumatları özündə əks etdirən peyk məlumatlarını İrəvana ötürəcək.
Korotçenko: "Razılaşdırılmış məsələlər siyahısına uyğun olaraq, İrəvana Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə DGSE tərəfindən alınan siyasi və hərbi xarakterli kəşfiyyat məlumatları ötürüləcək"
Bu arada, Rusiyanın tanınmış siyasi-hərbi analitiki İqor Korotçenko da özünün teleqram kanalında sözügedən faktı təsdiq edib. Onun da qeyd etdiyi kimi,
məlumatlı mənbələr Paşinyanın Parisə səfəri çərçivəsində Fransa (DGSE) və Ermənistan xarici kəşfiyyat xidmətləri arasında sıx tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılıq əldə etdiyini təsdiqləyiblər. "Razılaşdırılmış məsələlər siyahısına uyğun olaraq, İrəvana Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə DGSE tərəfindən alınan siyasi və hərbi xarakterli kəşfiyyat məlumatlarının, o cümlədən peyk və elektron kəşfiyyat materiallarının ötürülməsi nəzərdə tutulur”, - deyə Korotçenko teleqram kanalında yazıb.
Bu fakt isə sübut edir ki, Fransanın, Avropa Birliyinin Ermənistandakı fəaliyyəti təkcə Azərbaycan əleyhinə yönəlməyib, mövzuda digər region ölkələri də var.
"Atlas" araşdırmalar mərkəzi: "Fransanın Azərbaycan və Türkiyə ilə bağlı Ermənistana ötürə biləcəyi məlumat çox deyil”
"Ermənistanın strateji müttəfiqi olan Fransa bu ölkəni silahlandırırsa, kəşfiyyat məlumatlarını da İrəvanla bölüşə bilər. Ancaq son günlərdə Fransa kəşfiyyat xidməti həm Azərbaycanda, həm də Türkiyədə ciddi zərbələr alıb. Fransa kəşfiyyat şəbəkəsinin üzvləri Azərbaycan və Türkiyədə həbs olunublar, məxfi fəaliyyətlə məşğul olan diplomatlar ölkədən çıxarılıb. Ona görə də Fransanın Azərbaycan və Türkiyə ilə bağlı Ermənistana ötürə biləcəyi məlumat çox deyil”. Bu fikirləri isə politoloq, "Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, əgər Fransanın kəşfiyyat şəbəkəsi Azərbaycan və Türkiyədə hələ tam neytrallaşdırılmayıbsa, Ankara və Bakı bu istiqamətdə fəaliyyətini gücləndirməlidir. O, eyni zamanda əlavə edib ki, Rusiya və İranın Fransanın kəşfiyyat şəbəkəsinə qarşı birgə mübarizəsi ehtimalı zəifdir: "Çünki Rusiya və İranın milli və təhlükəsizlik maraqları Azərbaycan və Türkiyənin milli və təhlükəsizlik maraqları ilə üst-üstə düşmür. Rusiya və İran heç zaman kəşfiyyat məlumatlarını Azərbaycan və Türkiyə ilə bölüşməz. Ona görə də Türkiyə və Azərbaycan Fransa kəşfiyyatına qarşı yalnız birgə əməkdaşlığa istinad etməlidir”.
Cənubi Qafqaz Afrika deyil...
Beləliklə, Fransa get-gedə Ermənistan üzərindən Cənubi Qafqaz regionuna təsir göstərmək maraqlarını daha açıq şəkildə nümayiş etdirir. Lakin Paris unudur ki, minlərlə km uzaqdan, hətta kosmosdakı peyklərinin vasitəsilə öz arzusuna nail ola bilməyəcək. Nə Azərbaycan, nə Türkiyə, nə də Ermənistan istisna - digər region ölkələri Fransanın kolonial siyasi maraqlarının təmin olunmasına əsla imkan verməyəcək. Əksinə, Fransa get-gedə öz nüfuzunu və gücünü itirməli olacaq. Daha yaxşı olardı ki, Paris vaxtilə kolonial siyasət yürütdüyü Afrika ölkələrindən necə çıxdaş olunması barədə düşünsün. Və əgər Fransa Cənubi Qafqaza diş atsa, onun dişləri qırılacaq və nəinki məcazi, həm də real olaraq dişsiz ölkələr sırasına daxil olacaq.
Afət Tahirqızı