“Qərb uzun müddətdir ki, bölgədə müharibə hazırlıqları aparmaq istəyir. Konkret olaraq Fransanın rəhbərliyi altında Ermənistan ciddi şəkildə Azərbaycan əlyehinə qızışdırılır. Ermənistana Fransadan müxtəlif təxribatçı, təhrikedici dəstəklərin göstərilməsi, həmçinin sonuncu olaraq Fransa müdafiə nazirinin Ermənistanla hansısa anlaşma imzalaması və burada bölgə ilə bağlı təhdidkar bəhs etməsi, bütün bunların fonunda Avropa İttifaqı missiyası adı altında Ermənistan ərazilərində Qərb şəbəkəsinin ciddi şəkildə koordinasiya edilməsi regionda oynanılan təhlükəli oyunları göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, Qərb Ermənistan vasitəsilə bölgədə gərginlik yaratmaq və öz təmsilçiliyini qorumağa çalışır: “Belə olan təqdirdə bölgədə uzunmüddətli sülh və sabitlik mümkün olmur. Əslində sülh və sabitlik buradakı regional layihələrin dirçəlməsinə, eyni zamanda yeni əməkdaşlıq platformalarının yaranmasına səbəb ola bilər. Bunu yaxşı başa düşən Qərb burada Rusiya, Türkiyə, Çinin Azərbaycanın önəmli iqtisadi layihələr və yeni alternativ layihələrlə dirçəlməsini həzm etmək istəmir. Bu səbəbdən də Ermənistanı qızışdıraraq bölgədə regional layihələri sabotaj etməyə çalışır. Bu baxımdan da düşünürəmki, Qərbin bütün addımları Ermənistanı növbəti dəfə savaşa sürükləmək deməkdir və baş verən tendensiyalar da göstərir ki, bu çox təhlükəli bir oyundur”.
Müəllif: Səbinə Hüseynli