Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan ərazilərə köç karvanları davam edir. Yenidən çiçəklənən ərazilərimiz doğma sakinlərini qarşılayır. İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağımızda insanların rahat, firavan yaşamasına istiqamətlənib. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə hər bir səfəri tarixi hadisələrlə yadda qalır. Böyük Qayıdışımız uğurla yerinə yetirilir. Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına köç edirlər. İnsanların doğma yerlərdən səsləri eşidilir. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulub.
YENİDƏN QURULAN LAÇINIMIZ
Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Laçın da abadlıq-quruculuq meydanına çevrilib. Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini sürətləndirir. Əlbəttə ki, 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrasturuktur yaradılır. Məlumdur ki, dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 1 dekabr tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirmişdi. "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq" – deyən Cənab Prezident döyüş meydanında əldə edilmiş parlaq qələbənin bu gözəl nəticəyə gətirib çıxardığını və üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçının bizə qaytarıldığını qeyd etmişdi.
"Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə "Qarabağ Ermənistandır", - deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir", - deyə Azərbaycan Prezidenti bildirmişdir.
BÖYÜK QURUCULUQ MEYDANI
Məlumdur ki, 18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçının işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəali avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb. Bu gün onların öz doğulduqları yerə göndərilməsi əsas məsələlərdən biridir. Artıq işğaldan sonra digər ərazilərimiz kimi, Laçın da böyük quruculuq meydanına çevrilib. Müharibədən ötən müddət ərizində görülən işlər bu ərazilərdə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür.
Bu, əlbəttə ki, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır. Azərbaycan Prezidentinin sözlərinə görə, 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqram deyil. Laçın şəhərinin Baş planı hazırdır. Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İsveçrənin "SA Partners" şirkətinin iştirakı ilə hazırlanıb.
LAÇINA 20 AİLƏ - 78 NƏFƏR, ZABUX KƏNDİNƏ 4 AİLƏ - 11 NƏFƏR KÖÇÜRÜLDÜ
Laçının Zabux kəndi də bu sevinci yaşadı. İlk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köç etdi. Bakıdan, Lökbatandan Zabuxa yol alan karvan məcburi köçkünləri neçə ilin həsrətindən sonra el-obası ilə görüşdürdu. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Qeyd edək ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı fevralın 28- də Qaradağ rayonundan yola salındı. Bu mərhələdə Laçın şəhərinə daha 78 nəfərdən ibarət 20 ailə, Zabux kəndinə isə 4 ailədən ibarət 11 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlər 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaradılıb.
EL-OBALARINDAN QAÇQIN DÜŞƏNLƏRİN RUZİGARLARINA SALINAN NAXIŞ BU GÜN ÖZ RƏNGİNİ DƏYİŞİB
Vətən müharibəsində qazandığımız Zəfərdən 3 il ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Böyük Qayıdışımız reallığa çevrilir. 44 günlük Vətən müharibəsi 30 ilə yaxın öz ata-baba yurdundan uzaq düşən, əzəli torpaqlarımızın həsrəti ilə yaşayan insanların acı talelərinə bir sevgi, əbədi bir dünya bəxş etdi. Vaxtilə qovhaqovla el-obalarından qaçqın düşənlərin ruzigarlarına salınan naxış bu gün öz rəngini dəyişib. Viran qalmış yurd yerlərinə əzəli sakinlər artıq sahibdirlər.
Laçının Zabux kəndinə ilk mərhələdə 88 nəfərdən ibarət 20 ailə köç etdi. İndi isə onların sayı artıb. Zabux çayının sahilində, Qarabağ yaylasında olan Zabux kəndinin keçmiş adı Xut Zabux olmuşdur. Əvəllər bu ərazidə Sus Zabux adlı başqa kənd də var idi. Mənbələrə əsasən, XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı olmuş və mövqeyinə görə Zabox adlanmışdır. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən şadmanlı kəndləri də həmin adla adlanmışdır. Kənddə işğal dövründə başçısı Zeylan Öcalan olan "Kürd konqresi" terrorçu qrupu yerləşdirilmişdir. Kənd ərazisində XIX əsrə aid tarix mədəniyyət abidəsi olan iki körpü var. Bütün tarixi dövrlərdə, Zabux kəndinin etnik tərkibi tamamilə azərbaycanlılardan ibarət olmuşdur.
Əlbəttə ki, 30 il erməni işğalında qalan ərazilərimizdə erməni vandalların törətdikləri vəhşiliklərin nəticəsində yurd yerləri dağdılmış, viran qoyulmuşdur. Əqli mülkiyyətimizə, maddi mədəniyyət abidələrimizə böyük ziyan dəymişdir. Qarabağ, eyni zamanda onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinci və İkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış, talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələrimiz əlbəttə ki, tədricən bərpa və təmir olunur və olunacaqdır. Böyük Qayıdışın ilk karvanı Ağalıdan başlasa da növbəti karvanlar digər ərazilərimizə yol aldılarr. İndi bu məkanlarda həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır.
Görülən və görüləcək işlər böyük quruculuq, abadlıq işləridir. Təbii ki, Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı layihələrin reallaşlmasına imkan verir. 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrasturuktur yaradılır.
Zümrüd BAYRAMOVA