Cari ilin 26 fevral tarixində Prezident İlham Əliyevin Xocalı şəhərində soyqırımın 32-ci il dönümü ilə bağlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü böyük tarixi hadisə idi.
İlk dəfədir ki 32 ildən sonra, Xocalı soyqırımı günü məhz Xocalıda qeyd olunur. Otuz iki ildən sonra dövlətimizin başçısı İlham Əliyev və xocalıların iştirakı Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməlinin qoyulması isə yaddaşlara əbədi həkk olunacaq. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayan və işğal, təcavüz siyasətini azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə kimi qanlı aktlarla icra edən Ermənistan tarixi dərsini aldı. 44 günlük Vətən müharibəsi nəticəsində döyüş meydanında məğlub olan Ermənistan 10 noyabr 2020-ci il tarixində kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu, tarixi ədalətin təntənəsi idi. Şəhidlərimizin, günahsız qurbanlarımızın qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən düşmən döyüş meydanında darmadağın edildi. Hazırdaölkənin bütün sərhədlərində şanlı üçrəngli bayrağımız dalğalanır. Azərbaycanın bütöv ərazisində suverenliyimiz tam təmin edilib. Nəhayət ki, Ermənistan və ona havadarlıq edən qüvvələrin dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında mövcudluğunu saxlamağa çalışan separatizm yuvası məhv edildi.
Otuz iki ildən sonra cənab Prezidentin iştirakı ilə xocalıların Xocalıda bu qanlı soyqırımı anması, onların əziz xatirəsinə həsr edilən Memorial Kompleksin bünövrəsinin qoyulması olduqca önəmli bir tarixi an oldu. Ona görə ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək bir qanlı aktdır. Azərbaycan xalqı bu qanlı cinayəti heç vaxt unutmayacaq. 32 il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirdi. Nəticədə 613 nəfər vəhşicəsinə qətlə yetirilidi, 150 nəfər itkin düşdü, 1000-dən çox insan girov götürüldü, 60-dan çox uşaq, 100-dən çox qadın, 70-dən çox yaşlı insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində soyqırıma məruz qaldı. Şübhəsiz ki, Xocalıda olanlar heç vaxt Azərbaycan xalqının qan yaddaşından silinməyəcək. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət! çağırışı bu gün də davam edir. Dövlətimiz, dövlət qurumları, həmçinin, xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlar bu işdə aktiv yer alıb. Məhz Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində təbliğ edilir. Ona görə ki, Xocalı soyqırımı cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir: “Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın” – ölkəmizin başçısı bu qanlı soyqırım aktına görə dünya birliyinin biganə yanaşmasdığını bildirib.
Ötən bu onilliklər ərzində Azərbaycanın qanlı cinayəti, soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsi üçün çalışıb. Nəticədə isə bu ədaləti ancaq Azərbaycanın özü təmin etdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Sözsüz ki, 2023-cü ilin 19-20 sentyabrına qədər bu ərazilərdə hələ də özünün mövcudluğunu saxlamağa çalışan separatçı rejim tarixin arxivinə göndərildi. Ölkə rəhbəri də qeyd edib ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Azərbaycan xalqının tarixində və şüurunda Xocalının o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Müzəffər Ali Baş Komandan tərəfindən 2023-cü il oktyabrın 15-də Xocalıda şanlı üçrəngli bayrağımızın ucaldılması tarixi ədalətin təntənəsi oldu. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Heç bir günahı olmayan Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. Qarabağ və Şərqi Zəngəzurda artıq böyük qayıdış konsepsiyasına uyğun olaraq sürətlə bərpa, quruculuq işləri icra edilir. 2023-cü ilin 20 sentyabrından sonra ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilməyə başlayıb. Qısa zamanda həyata keçirilən bərpa-quruculuq işləri keçmiş qaçqın və məcburi köçkünlərin öz tarixi ata-baba yurdlarına qayıdaraq, burada əbədi xoşbəxt, təhlükəsiz şəraitdə yaşayışı təmin olunacaq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi Ermənistan üçün yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Qalib, güclü Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində bütün şəhidlərimizin, günahsız qurbanlarımızın qisasını döyüş meydanında alıb.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini