“Qərbin bu gün Cənubi Qafqazla münasibətdə əsas siyasəti bu regionda yerləşməkdir və bu məqsədə çatmaq üçün iki istiqamətdə hərəkət edir”. Bu barədə SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Onun sözlərinə görə, hər iki istiqamət Ermənistan üzərindən həyata keçirilir və bu böyük geosiyasi oyunun piyadası Ermənistandır: “Yəni Qərb məhz Ermənistan vasitəsi ilə regionda öz məqsədinə çatmaq istəyir. Bu istiqamətlərdən biri Ermənistanı maksimum Rusiyadan uzaqlaşdırmaqdır ki, bu proses artıq son günlər ciddi vüsət alıb və Paşinyanın son bəyanatları bunu təsdiq edib. Bu gün o artıq KTMT-dən çıxmağa hazır olduqlarını bildirib”.Politoloq bildirib ki, bu Rusiyaya qarşı çağırışdır və Kremldən cavab uzun çəkməyəcək: “İkinci istiqamət isə Azərbaycan Ermənistan münasibətlərini sona qədər gərginləşdirmək və Azərbaycanın Ermənistana qarşı tədbir görməsinə nail olmaqdır. Azərbaycan bu vəziyyəti düzgün qiymətləndirdiyinə görə Ermənistandan olan təxribatlara hələ cavab vermir. Bu cavab sona qədər gözləyə bilməz və Azərbaycanın səbri sonsuz deyil”.