PDF Oxu

Siyasət

  • 2 494

Xocalı soyqrımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək - ŞƏRH

Xocalı soyqrımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək - ŞƏRH

Müharibələr xalqların, dövlətlərin tarixində dərin izlər buraxır. İnsanların düzəni pozulur, çox ağır, iztirablı dövrdən keçirlər. Bəzi dövlət və xalqlar ümumiyyətlə müharibələrdən sonra yenidən normal düzəninə qayıda bilmir. Və bir də müharibələrdən belə ağır olan soyqrımlar vardır. Təssüf ki belə soyqrımlardan biri də xalqımızın başına gəlib. 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıdabaşvermiş soyqrımxalqımızın yaddaşından heç bir zaman silinməyəcək. Xocalı faciəsi Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biridir. 1992-ci il fevralın 26-da qanunsuz erməni hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərinə girdi. Həmin gecə 613 dinc sakin vəhşicəsinə qətil yetirildi, 1000 nəfər müxtəlif yaşlı sakin aldığı güllə yarasından əlil oldu, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. İllərdir içlərində böyütdükləri haqsız və mənasız kin-küdurət səbəbilə bir gecədə xalqımıza divan tutdular. Xocalıya hücumda keçmiş SSRİ-ninXankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti və texnikası da iştirak etmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmişdir ki, həmin meyitlərin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Meyidlərin 13-ü uşaq, 130-u kişi və 51i isə qadına məxsus olmuşdur.Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.1988-ci ildən etibarən Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqların "dənizdən dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ümumiyyətlə Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınların həyata keçirilməsi nəticəsində baş verib. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirib. Baş verən vəhşiliklər haqqında xarici mətbuatlarda bir sıra xəbərlər dərc edilmişdir. Londonda nəşr edilən Tayms qəzeti 4 mart 1992-ci ildə yazmişdir: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”.Parisdə dərc edilən Le Mond qəzeti14 mart 1992-ci ildə yazmışdır: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır”.Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddət ərzində hərbi jurnalist kimifəaliyyəti göstərsə də ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur.1993-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olundu.Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində dərin hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.Görüşdə çıxış edən Prezident İlham Əliyev bildirmişdir:“İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə Memorial Kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq Memorial Kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün Memorial Kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik”.

Bu gün Xocalı şəhidlərinin, ümumiyyətlə bütün şəhidlərimizin ruhu şaddır ona görə ki, biz öz doğma torpaqlarımıza qayıtmışıq. Artıq o yerlərdə torpaqların əzəli sakinləri addımlayır.

Lalə Səlimzadə

YAP Yasamal rayon təşkilatının sədri

Digər xəbərlər