Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biri olan Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş ölkəmizlə əməkdaşlığın daha da dərinləşməsinə maraq göstərir. Etibarlı tərəfdaş kimi münasibətlərin ildən-ilə inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizlə Almaniya arasında diplomatik münasibətlər qurulmuşdur. Ötən müddət ərizində, diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.
Tarixi dövrə nəzər salsaq görərik ki, Prezident Heydər Əliyevin 1-4 iyul 1996-cı il tarixdə Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə bu ölkəyə rəsmi səfəri zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri aydın şəkildə müzakirə edilib, siyasi, iqtisadi və elmi texniki əməkdaşlıq sahəsində beş müqavilə imzalanıb. Keçən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb.
Ulu Öndərin siyasi kursunun davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 24-26 avqust 2004-cü ildə Almaniya Prezidentinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı siyasi əlaqələrin vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu və ya digər rəsmi səfərlər ölkələr arasında olan əlaqələrin möhkəmlənməsinə təsirini göstərib. Ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də "Şərq tərəfdaşlığı" Proqramında mühüm rol oynaması əlbəttə ki, Almaniyanın ölkəmizə marağının artmasında rol oynayıb. Həm Almaniya, həm də Avropa İttifaqı üçün tərəfdaş olan Azərbaycan Almaniyanın və Avropa İttifaqının enerji təchizatı üçün böyük potensiala malik olan ölkəyə çevrilib.
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi əlaqələrin davamlığının təzahürüdür. Görüş çərçivəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi haqqında fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarətdir. Almaniya biznes dairələri və şirkətləri böyük töhfələrini verməyə hazırdır.
Dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı və forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər ölkəmizin beynəlxalq aləmdə artan yeri və rolunun diqqətçəkən ifadəsidir. Bu görüşlər dövlətimizin başçısının şəxsi nüfuzunun da parlaq göstəricisidir. Qürurvericidir ki, Azərbaycan liderinin beynəlxalq aləmdəki yüksək nüfuzu Azərbaycanımızın da çəkisini yüksəldir. Münxen Təhlükəsizlik Konfransı Azərbaycan üçün, kifayət qədər uğurlu platformadır.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Ralf Horlemin Prezident İlham Əliyevin Münxen səfəri zamanı Almaniya Kansleri ilə keçirdiyi görüşlərinin təəssüratı altında olduqlarını bildirib. O, eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu gün Berlində keçirilməsindən məmnunluqlarını ifadə edib və ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini vurğulayıb.
AZƏRBAYCAN DÜNYADA QLOBAL PROBLEMLƏRİN HƏLLİNDƏ FƏAL İŞTİRAK EDƏN VƏ BUNA ƏMƏLİ TÖHFƏLƏR VERƏN ÖLKƏ KİMİ QƏBUL OLUNUR
COP29 və Azərbaycanın ev sahibliyi etdiyi və edəcəyi digər qlobal tədbirlər ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artdığını göstərir. Prezident İlham Əliyevin də andiçmə mərasimində qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur.
Görüş çərçivəsində COP29-un keçiriləcəyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün bir imkan yarandığı vurğulanıb. Bu da öz növbəsində sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.
Dünyanın müxtəlif dövlətlərinin marağının Azərbaycana artması ölkəmizin siyasi gücünə, iqtisadi inkişafına, sülhsevər dövlət olmasına əsaslanır. Müstəqillik tariximizdə ölkəmizin etibarlı tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə verdiyi töhfələrin məntiqi nəticəsidir.
Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək, bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. Eyni zamanda, Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib. Belə ki, Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.
"BU GÜN İKİLİ STANDARTLAR BİR SIRA BEYNƏLXALQ İNSTİTUTLAR, O CÜMLƏDƏN AVROPA İTTİFAQI ÜÇÜN ADİ HALA ÇEVRİLİB"
"Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir", – deyən Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan, Cozef Borrelin qeyri-adekvat bəyanatları Azərbaycanı çox məyus edib. Dövlət başçısının bildirdiyi kimi, əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.
Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu ötən il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!
İki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
"BİZ İSTƏR ƏRAZİ BÜTÖVLÜYÜNÜN BƏRPASI, İSTƏR İQTİSADİ GÜNDƏLİYİMİZLƏ BAĞLI ÖZ XALQIMIZIN, ÖLKƏMİZİN RİFAHI NAMİNƏ İŞLƏR GÖRÜRÜK"
Dövlətimizin başçısı bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Prezident İlham Əliyev bir məsələni də təəssüf hissi ilə qeyd edib ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. "Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm", - deyən Prezident İlham Əliyev bunu həmin yazıların müəlliflərinin özlərinin də yaxşı bildiyini vurğulayıb və qeyd edib ki, Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfiri də ölkəmizdə gedən proseslərin şahididir. Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Dövlətimizin başçısı "Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük", - deyə bildirib.
Azərbaycanın özünü təmin edən ölkə olduğunu qeyd edən dövlətimizin başçısı onu da vurğulayıb ki, ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə biz minnətdar olarıq. Bu olmazsa biz yenə də təəssüflənməyəcəyik.
Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Müasir dövrdə dünya siyasətində dəyişikliklərin baş verdiyi, bəzən ədalətə, bəzən də ikili standartlara əsaslanan yanaşmaların müşahidə olunduğu bir dövrdə Azərbaycanın müstəqil siyasət həyata keçirərək, dəyişməz mövqeyini sərgiləyir.
ZÜMRÜD BAYRAMOVA