PDF Oxu

Siyasət

  • 2 955

Müasirləşən Sumqayıt yeni inkişaf mərhələsində TƏHLİL

Müasirləşən Sumqayıt yeni inkişaf mərhələsində TƏHLİL

Prezident İlham Əliyevin Sərəncamı əsasında Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə 8,1 milyon (səkkiz milyon yüz min) manat ayrılıb.

Azərbaycanın müasir sənaye mərkəzlərindən olan Sumqayıt bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Əhalisinin sayına görə və sahəsinə görə Bakıdan və Gəncədən sonra üçüncü böyük şəhər olan Sumqayıt yarandığı dövrdən etibarən, müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçib. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınmış, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə etmişdir. Özünəməxsus inkişaf yolu keçən Sumqayıt şəhəri yarandığı zamandan inkişaf mərhələləri keçmişdir. 1949-cu il – Azərbaycan Ali Soveti Prezidiumunun qərarı ilə Sumqayıta şəhər statusu verilib. Tez bir zamanda Sumqayıt Alüminyum zavodu, elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir. Burada Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanılıb. Bir-birinin ardınca yeni müəssisələr - kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70–80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılmış, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir.
Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt şəhəri özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam etmişdir. Ulu Öndər Heydər Əliyev dəfələrlə Sumqayıtda olmuş, bu şəhərin iqtisadi və mədəni inkişafına, elm və mədəniyyətinin tərəqqisinə daim yüksək qayğı və diqqət göstərmişdir. Ümummilli Liderin Sumqayıtın inkişafı ilə bağlı həyata keçirdiyi bütün tədbirlər sumqayıtlıların yaddaşına əbədi həkk olunmuşdur. Xalqımız milli müstəqilliyə nail olduqdan sonra Ulu Öndərin Sumqayıta diqqət və qayğısı daha da artmışdır. Bu gün Sumqayıtın sosial-mədəni həyatında mühüm irəliləyiş və dəyişikliklər baş verir, şəhər yeni bir inkişaf mərhələsini yaşayır. Ulu Öndərin layiqli davamçısı Cənab İlham Əliyevin Sumqayıt şəhərinə olan diqqət və qayğısı da davamlıdır.
YENİLƏŞƏN YOL İNFRASTRUKTURU
"Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,1 milyon (səkkiz milyon yüz min) manat ayrılıb.
Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Belə ki, son illər paytaxt Bakıda və rayonlarda yol infrastrukturunun genişləndirilməsı ilə bağlı mühüm tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Bu mövqe düzgün siyasət, gələcək perspektivi aydın müəyyənləşdirən strateji kurs və vaxtında ən optimal islahatlar keçirilməsi, müasir layihələr icra edilməsi nəticəsində qazanılıb. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan yol infrastrukturunun inkişaf səviyyəsinə görə beynəlxalq təşkilatların tərtib etdiyi hesabatlarda ön sırada qərarlaşır.
Prezident İlham Əliyevin Sərəncamları ilə dövlət büdcəsindən ayrılan vəsait yol infrastrukturunun yenidən qurulmasını daha da sürətləndirməyə imkan verib.
Son zamanlar Sumqayıt şəhəri yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində şəhərdə kompleks yenidənqurma işləri aparılır. Son bir neçə ildə inşa edilən müxtəlif idman kompleksləri, sənaye obyektləri, təhsil və tibb ocaqları, mədəni mərkəzlər bu qayğının parlaq təzahürüdür.
Müvəffəqiyyətlə gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində "Sumqayıt Texnologiyalar Parkı" və "Sumqayıt Kimya Sənaye Parkı", həmçinin digər mühüm obyektlər qurulmuşdur. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiyaya əsasında yenidən qurulmuşdur.
Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır. Sumqayıt Dövlət Dram Teatrının ölkədə teatr sənətinin inkişafında özünəməxsus xidmətləri vardır. Sumqayıtda Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutu, "Azərikimya" İstehsalat Birliyinin Dövlət Layihə İnstitutu və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "Neftqazavtomat" Elm İstehsalat Müəsissəsi fəaliyyət göstərir.
CƏNUBİ QAFQAZDA ƏN BÖYÜK SƏNAYE PARKI
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Hazırda ərazisi 583,5 hektar təşkil edən sənaye parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Parkda ümumi investisiyaların həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Qeydiyyata alınmış 38 rezidentdən artıq 20-si fəaliyyət göstərir. Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İraq, Yaponiya, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrə ixrac olunur.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar isə son 20 ildə Sumqayıtın sürətli inkişafı ilə bağlı yeni-yeni uğurların əldə olunmasını təmin edib.
Məlum olduğu kimi, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bu sahədə Prezident İlham Əliyevin iqtisadi siyasətinin nəticəsi olaraq yaranan Sumqayıt Kimya Sənaye Parkının da böyük xidmətləri var.
Özünün yeni inkişaf dövrünü yaşayan Sumqayıtın sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər