26 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı şəhərinə gedib. Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməli qoyulmuş və rayon ictimaiyyəti ilə görüş baş tutub. İllər sonra bu il ilk dəfədir ki, Xocalı soyqırımı günü Xocalıda günahsız qurbanların xatirəsini anaraq qeyd edildi. Məhz Xocalı Soyqırımı günündə də memorial kompleksin təməli qoyuldu.
Xocalı soyqırımı heç vaxt yaddaşımızdan silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. 2008-ci il tarixində “Xocalıya ədalət!” kampaniyasına start verildi. Aparılan kampaniya 2009-cu il tarixində bilavasitə beynəlxalq müstəviyə çıxarılıb. Kampaniyanın əsas məqsədi Ermənistan-Azərbaycan, “Qarabağ münaqişəsi”, qaçqın və məcburi köçkünlər haqqında həqiqətləri dünya birliyinə çatdırmaq olmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən kampaniya geniş vüsət alaraq tədbir və təqdimatlar həyata keçirib. Təəssüf ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. 18 ölkə bu faciəni soyqırım kimi tanısa da böyük dövlətlər və beynəlxalq təşkilatların bir çoxu bu məsələyə biganə yanaşdı. Ali Baş Komandan Xocalıda çıxışı zamanı söylədi: “Onu bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq. Halbuki siz də bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər – hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi”. Nəhayət, 15 oktyabr 2023-cü il tarixində bayrağımız Xocalıda qaldırıldı. Ali Baş Komandan cənab İlham Əliyev tarixi ədaləti bərpa etdi.
İşğaldan azad olmuş ərazilərdə quruculuq işləri aparılır və Xocalıda Soyqırım Memorialının təməli qoyuldu. Artıq Xocalı faciəsi qurbanlarının ruhu şaddır. Müxtəlif bölmələrdən ibarət olacaq Memorial kompleksdə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Həmçinin Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq. Burada faciə ilə bağlı sənədli filmlər, həqiqətlər barədə videomateriallar nümayiş olunacaq.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini