Müasirləşən və yeni reallıqlar yaradan Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ölkəmizin günü-gündən inkişaf etməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Azərbaycanı dağılmaq təhlükəsindən məhz Ulu Öndərin hakimiyyətə gəlişi xilas etdi. Ümummilli liderin ən böyük xidmətlərindən biri də bundan ibarət oldu ki, Azərbaycanda qanlı müharibəni dayandırdı, 1994-cü ildə atəşkəs elan olundu. Ölkədə quruculuq işlərinə başlanılması üçün imkanlar yarandı. Elə həmin il dünyanın iri neft şirkətlərinin iştirakı ilə "Əsrin müqaviləsi" imzalandı. Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişi ölkəmizin ilk uğurlu iqtisadi nailiyyəti oldu. Azərbaycanımız dünyada tanınmağa başladı, uğurlu xarici siyasət nəticəsində Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların üzvü oldu. Bu elə bir dövr idi ki, torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri hələ də öz həllini gözləyirdi. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan bu problemlərlə ciddi məşğul olurdu. Beynəlxalq aləmdə Ermənistanın təcavüzkar dövlət kimi tanıdılması, BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələrinə əməl olunması, qaçqınların sosial problemlərinin həlli və s. istiqamətlərdə davamlı siyasət həyata keçirilməyə başlanıldı. Çıxışlarının birində Ulu Öndər demişdi: "Bu insanların məskunlaşdıqları yerlərdə yaşamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edirik. Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir."
Azərbaycanlı qaçqın və məcburi köçkünlər ölkənin, demək olar ki, əksər bölgələrində məskunlaşmışlar. Ulu Öndərin siyasi kursunun uğurlu davamçısı Prezidet İlham Əliyev hakimiyyətdə olduğu illərdə bu problemə xüsusi önəm vermiş, bir neçə dövlət proqramı imzalamışdır. 2004-cü il iyulun 1-də möhtərəm Prezidentimizin imzaladığı "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" 2005- 2007-ci illəri əhatə edirdi. 2007-ci il oktyabrın 31-də həmin proqrama əlavələr edilməsi ilə bağlı cənab Prezidentin xüsusi Sərəncamı oldu.
Prezidentimizin səyi nəticəsində Azərbaycanda bir çadır şəhərciyi belə qalmamışdır. Onların yerində gözəl, yaraşıqlı, hər cür rahatlığı olan yeni qəsəbələr salınmışdı.
"BİZ ÇALIŞIRIQ VƏ ÇALIŞACAĞIQ Kİ, SİZİN YAŞAYIŞ SƏVİYYƏNİZİ YAXŞILAŞDIRAQ"
"Mənim yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib. Həmin gün yetişdi. Zəfər qazanan Azərbaycan Qarabağımızda, Şərqi Zəngəzurda böyük quruculuq işlərini davam etdirir. Şuşada, Zəngilanda, Laçında və digər ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kəndi müasir məkana çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın bu ərazilərimizə səfərləri zamanı görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Tamamilə yeni bir dövr yaşanılır və bu torpaqların əzəli sakinlərinin işğaldan azad edilmiş torpaqlara mərhələ-mərhələ qayıdışı böyük canlanmaya səbəb olub. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağı idisə, bu gün artıq bu istiqamətdə aparılan işlərin məntiqi olaraq köç karvanları digər ərazilərimizə mərhələli olaraq da yol alırlar. Ağalı, Talış kəndi, sonra isə Laçın, Füzuli. Son iki yüz ildə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər qədər möhtəşəm qələbə yoxdur.
Qazandığımız bu Zəfərdən üç il ötsə də hərb tarixində yeni səhifə açmış 44 günlük Vətən müharibəsindən ölkəmizdə, eləcə də dünya ölkələrində hələ də danışılır, müzakirələr aparılır. Bu Qələbə xalqımızın üzərindən məğlub, torpaqları işğal altında qalan, qaçqın və köçkün sözünü götürdü. Xalq-Dövlət-Ordu birliyinin ən yüksək səviyyədə olduğunu bütün dünya gördü. Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri hələ uzun müddət təhlil ediləcəkdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yürütdüyü güclü daxili və xarici siyasət, Preazident kimi fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər, qazandığımız Qələbəni şərtləndirən başlıca amillər sırasındadır.
"BEYNƏLXALQ MÜSTƏVİDƏ ÖZ SÖZÜMÜZÜ DEMİŞİK, BÖLGƏDƏ ÖZ SÖZÜMÜZÜ DEMİŞİK"
Elə ilk günlərdən başlayaraq, böyük abadlıq-quruculuq işlərinə start verildi. "Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən - Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək " -deyə Prezident bildirmişdir.
Azərbaycanın əzəli, tarixi torpaqları işğaldan azad olunub. "Bizim ölkəmiz üçün yeni dövr başlayır",- deyən dövlət başçısı artıq ölkəmizdə yeni dövrün başlandığını bildirmişdi: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".
Artıq əzəli sakinlər, doğma yurdla görüşürlər. Əlbəttə ki, bu gün Zəfər qazanmış xalq olaraq bu torpağa ayaq basır. Erməniyə dərs verən və ona kimliyini göstərən Qalib Xalq kimi. Bu Qələbə əlbəttə ki, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır. İşğaldan azad edilmiş bütün ərazilərimizdə abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Müharibədən ötən müddət ərizində görülən işlər bu ərazilərdə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmalarına imkan yaranıb.
ŞUŞADA, AĞDAMDA, FÜZULİDƏ, ZƏNGİLANDA ÇOXMƏRTƏBƏLİ EVLƏRİN TİKİNTİSİNƏ START VERİLİB
Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir.
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin daha da vüsət almasına böyük təkan verir. 2023-cü il tariximizdə Böyük Qayıdışın sürətli inkişaf mərhələsi kimi qaldı. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Daha sonra isə digər ərzizilərimizə qayıdış oldu. Bir çox kəndlərdə artıq inşaat işlərinə başlanılıb. Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də start verilib. Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. 5 mindən artıq keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır.
"BİZ - BU TORPAQLARIN SAHİBLƏRİ QURUB - YARADANIQ"
Cənab Prezidentin bildirdiyi kimi, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar: "İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq. Biz - bu torpaqların sahibləri qurub-yaradanıq. Biz qurub-yaradan xalqıq", - deyə Prezident bildirib.
Güclü iqtisadi inkişafa sahib olan Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2.2 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Laçında, Füzulidə və digər ərazilərdə görülən işlər, Füzuli Beynəlxalq Hava Limanın cəmi səkkiz ay ərzində tikilib istifadəyə verilməsi, Zəngilan Beynəlxalq Hava Limanını açılışı və s. işlərin uğurla davam etdiyini göstərir. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu isə cari ildə istifadəyə veriləcək. Xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. 10-dan çox kəndin Baş planı təsdiqlənib və bir neçə kəndin təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Görülən işlər Baş planlar əsasında həyata keçirilir.
Zümrüd BAYRAMOVA