PDF Oxu

Siyasət

  • 1 820

"Hər bir Azərbaycan vətəndaşı YAP-ın gücünə güvənir" - ŞƏRH EDİLDİ

"Hər bir Azərbaycan vətəndaşı YAP-ın gücünə güvənir" - ŞƏRH EDİLDİ

“Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiyasını gerçəkləşdirməkdə danılmaz nailiyyətlərə imza atıb. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas edə biləcək bir siyasi qüvvənin yaradılmasını labüd edirdi. Əslində, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və həmin dövrdə mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O dövrdə partiyanın yaranması həm zamanın tələbi, həm də, xalqın istəyi idi. Tarixə "91-lər" kimi düşən ziyalılarımız, ümumilikdə, xalqın böyük əksəriyyətinin arzu və istəklərini ifadə edən fəal vətəndaşlar idi. Azərbaycanın gələcəyini düşünən ziyalılar ölkəni böhrandan çıxara biləcək yeni bir siyasi partiya yaratmaq və zəngin dövlətçilik təcrübəsinə malik təcrübəli bir liderin,yəni,məhz,Heydər Əliyevin partiyaya rəhbərlik etməsini istəyirdilər. Xalqın partiyanın sədrinə olan sevgisi və inamı tezliklə Yeni Azərbaycan Partiyasının birmənalı olaraq böyük nüfuz qazanmasına səbəb oldu. YAP-ın gücünü, qüdrətini, uğurlarını şərtləndirən bir çox səbəblər də var idi ki,bunlardan biri partiyanın Heydər Əliyev ideyalarına sadiq olması idi. Bu ideyaları bu gün də rəhbər tutan YAP, bu vaxta qədər olduğu kimi, bundan sonra da daha böyük nailyyətlər əldə edəcəkdir. Sevindiricidir ki, hər bir Azərbaycan vətəndaşı YAP-ın gücünə güvənir və öz əməli dəstəyilə onun daha da güclü olması üçün çalışır. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. K.Bayramov qeyd edib ki, ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir: “YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Bu gün intellektual potensialı və fəallığı ilə seçilən gənclərin böyük həvəslə partiyamızın sıralarına daxil olması bir daha Heydər Əliyev ideyalarının əbədi və dönməz olacağına inamı möhkəmləndirir. YAP olaraq gələcəkdə də dövlətimizin qarşısında duran tapşırıqların həllində daha böyük nailiyyətlər əldə edəcəyimizə əminlik yaradır. Əsası, məhz, Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. Bu şanlı tarixi yaşatdığına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyev cənablarına borcluyuq və ona dərin minnətdarlığımızı bildiririk.K.Bayramov xüsusi olaraq qeyd edib ki, son illərdə həyata keçirilən islahatlar idarəetmədə keyfiyyətin və səmərəliliyin daha da artırılmasına, vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət etdi. Bu baxımdan yeni islahatlar dövlət hakimiyyəti idarəetməsini, məhkəmə-hüquq sistemini cəmiyyətdə formalaşan yeni çağırışlara və ölkədə baş verən pozitiv dəyişikliklərə uyğunlaşdırdı, ictimai həyatın bütün sferalarında vətəndaşların məmnunluq səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb etdi. O cümlədən, sosial islahatlar Prezident İlham Əliyevin öz vətəndaşına olan diqqət və qayğısının təzahürü idi.Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası bu islahatların həyata keçirilməsinə öz töhfəsini verir. 2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı əlamətdar tarixi hadisə, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım kimi dəyərləndirildi. Qurultayda ölkə həyatının bütün istiqamətlərində, o cümlədən, YAP-ın qarşısında dayanan vəzifələr diqqətə çatdırıldı. Möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Azərbaycan ardıcıl və sistemli şəkildə qarşıya qoyulan bütün hədəflərə inamla çatır. YAP-ın VII qurultayında vacib qərarlar qəbul edildi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin parlaq nitqində Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən səbəblər, o dövr ölkədəki vəziyyətin xarakteristikası və dövlətçiliyimizin möhkəmləndirilməsi prosesində bu partiyanın aparıcılıq mövqeyinin əhəmiyyətli təhlili, ötən qurultaydan keçən dövr ərzində əldə edilmiş möhtəşəm qələbə və uğurların mexanizmi və dinamikası mühüm yer tutdu. Bir daha bildirildi ki, Ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası və müdrik siyasəti, YAP-ın fəaliyyəti, məqsəd və məramı, onun xalqın inamını qazanması işi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil etdi, ona möhkəm zəmin yaratdı, yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini müəyyənləşdirdi və gələcəyə aparan yolların uzunmüddətli planını verdi. Partiyanın yeni Nizamnaməsinin qəbul olunması, İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir.Bütövlükdə, YAP-ın VII qurultayı və qəbul olunan qərarlar partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldir. Ən əsası, qəbul olunan qərarlarla YAP həm də, yeni siyasi nümunə ortaya qoydu. VII qurultay göstərdi ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcək.

K.Bayramov diqqətə çatdırıb ki, YAP-ın geniş beynəlxalq əlaqələrə malik olması ölkəmizin dünyada nüfuzunun artırılması məsələsində mühüm rol oynayır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP-ın, həmçinin, Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur.Deputat vurğulayıb ki, Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.K.Bayramov əlavə edib ki, ərazi bütövlüyümüzün və bütün ərazilərimizdə suverenliyimizin tam bərpa olunması Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin iradəsinin təntənəsidir. Bu gün işğaldan azad edilmiş, üçrəngli bayrağımızın qürurla və əzəmətlə dalğalandığı ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin torpaqlara hər bir səfəri qalib Azərbaycanın Böyük Qayıdışını, dayanıqlı və layiqli məskunlaşmanı bütün dünyaya nümayiş etdirir. Bu prosesdə əsas istiqamətlərdən biri müasir, yüksək texnologiyaların səmərəli şəkildə tətbiqidir. İşğaldan azad edilmiş ərazilərin «yaşıl enerji» zonası olması, aqrar sahədə tətbiq olunacaq müasir texnologiyalar nəticə etibarilə bu zonanın yüksək texnoloji inkişaf ərazisi olmasını şərtləndirir. Azərbaycan dövlətinin siyasi iradəsi və potensialı bunu reallaşdırmağa imkan verir. Dost və qardaş ölkələrin şirkətləri bu prosesdə iştirak edirlər. Dünyanın nüfuzlu və inkişaf etmiş ölkələri ilə qurulan yüksək səviyyəli münasibətlər bu sahədə də effektiv nəticələr verməkdədir”.
Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər