PDF Oxu

Siyasət

  • 2 864

"Bizim sözümüz imzamız qədər eyni qüvvəyə malikdir" TƏHLİL

"Bizim sözümüz imzamız qədər eyni qüvvəyə malikdir" TƏHLİL

Qazandığımız şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan gələcək inkişaf strategiyasını dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirib. Uzaqgörən qərarları ilə Azərbaycan Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir irimiqyaslı layihələri ilə müasir dünyamızda dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. İqtisadi cəhətdən qüdrətli dövlətə çevrilən ölkəmizin coğrafi mövqeyi, böyük tranzit potensialı, nəhəng regional layihələri, eləcə də əlverişli biznes mühiti dünya ölkələri ilə qarşılıqlı etimad əsasında əməkdaşlığın qurulmasında mühüm amillər sırasındadır.

"BİZ YENİ TƏŞƏBBÜSLƏR İRƏLİ SÜRMÜŞÜK VƏ ƏMİNƏM Kİ, ONLAR HƏYATA KEÇİRİLƏCƏK"

"Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğruldub. Bizim sözümüz imzamız qədər eyni qüvvəyə malikdir. "Bu sözləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. "Biz yeni təşəbbüslər irəli sürmüşük və əminəm ki, onlar həyata keçiriləcək", - deyən dövlətimizin başçısı vurğulayıb ki, təkcə ötən ilin nəticələri bunu nümayiş etdirir.

Son 20 il ərzində Azərbaycanın keçdiyi misilsiz inkişaf yolu, ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin əsas hərəkətverici qüvvəsi müstəqilliyin ilk illərində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi yeni neft strategiyasıdır. Bu strategiyanın həyata keçirilməsi sayəsində Azərbaycan Qafqaz regionunun güclü və nüfuzlu dövlətinə, Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən ölkəyə çevrilib. "Növbəti ilin birinci rübündə dərinsulu "Azəri-Çıraq-Günəşli" layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir"-deyə Prezident bildirib.

"Azəri-Çıraq-Günəşli"nin uzun müddət neft ixracımızın əsas mənbəyi olduğunu söyləyən dövlətimizin başçısı deyib ki, bu, "Şahdəniz" və "Abşeron"dan başqa, bizim qaz təchizatımıza əlavə mənbə olacaq.
Ulu Öndərin müəllifi olduğu neft strategiyasının məntiqi nəticəsidir ki, bu gün Azərbaycan regionda reallaşdırılan qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, "Üç dənizin əfsanəsi" adlandırılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, eləcə də Azərbaycan qazının Avropaya çatdırılmasını təmin edən Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan Cənubi Qafqaz, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərləri məhz ölkəmizin, onun rəhbərinin təşəbbüsü və qətiyyəti sayəsində real fəaliyyət sahəsinə çevrilmişdir.

"AVROPA İTTİFAQINDAN AZƏRBAYCAN QAZINA BÖYÜK TƏLƏBAT VAR İDİ VƏ İNDİ DƏ VAR"

Azərbaycanda iqtisadiyyatın intensiv inkişaf edən nəqliyyat sektoruna xüsusi önəm yetirilir. "Şimal-Cənub", "Şərq-Qərb" və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələrin həyata keçirilməsi mühüm töhfələr verir. Böyük İpək yolunun yenidən canlandırılmasına yönələn Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta Dəhliz təkcə Azərbaycana deyil, bütün dünyaya böyük perspektivlər açır. Yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilən "Orta Dəhliz" Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.

"Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin.

Çünki Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var idi və indi də var " - deyə Prezident diqqətə çatdırıb.

Bir çox ölkənin təbii qazla bağlı Azərbaycana müraciət etdiyini onlardan altısının artıq təbii qaz aldığını, bir neçəsi ilə də danışıqların aparıldığını vurğulayan dövlətimizin başçısı bildirib: "Qaza ehtiyac var. Bizim isə ehtiyatlarımız və infrastrukturumuz mövcuddur. Düşünürük ki, Avropa maliyyə təsisatları bu layihələrlə bağlı maliyyələşdirmə məsələsində real yanaşmalara əsaslanmalıdır. Onlar antiənənəvi enerji yanaşmalarının kölgəsində qalmalı deyil. Təbii ki, biz bunu görürük. Bizdə yaşıl keçid gedir. Lakin, eyni zamanda, heç kəs o faktı yaddan çıxarmalı deyil ki, ənənəvi enerji mənbələri olmadan dünya növbəti illər ərzində inkişaf edə bilməz".

AZƏRBAYCAN DÜNYAYA BİR DAHA GÜCÜNÜ GÖSTƏRMİŞ OLDU

Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un gələn il Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür.

Əlbəttə ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin növbəti təntənəli qələbəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. Ötən ilin sentyabrında rəşadətli ordumuz Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrini diz çökdürdü. Qarşı tərəf ağ bayraq qaldıraraq təslim oldu. 44 günlük Vətən müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha ordumuzun gücünün göstəricisidir. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa olundu. Azərbaycan dünyaya bir daha gücünü göstərmiş oldu. Qeyd edək ki. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi.

COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü.

"COP29-UN AZƏRBAYCANDA TƏŞKİL EDİLMƏSİ BARƏDƏ YEKDİL QƏRAR BEYNƏLXALQ BİRLİYİN ÖLKƏMİZƏ HÖRMƏTİNİN ƏLAMƏTİDİR"

Bu tədbir Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.

Vurğulayaq ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

Bildiyimiz kimi, COP-28-in gündəliyinə böyük maraq var idi. Buna görə də belə bir tədbirin keçirilməsində ölkəmizin üzərinə çox böyük məsuliyyət düşür. Belə böyük tədbirin keçirilməsi çox məsuliyyətli və çox maraqlı bir proses olacaq. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında ölkəmizin bu il COP29 Konfransına ev sahibliyi etməsinin önəmindən də söz açıb. Dövlətimizin başçısı bu barədə qərar qəbul olunan kimi ölkəmizin müxtəlif QHT-lərin və media təşkilatlarının hücumuna məruz qaldığını vurğulayaraq deyib: "İqlim dəyişikliyi ilə bağlı bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması bizim iradəmizi nümayiş etdirir. Bizə buna görə hücum olunmamalıdır, biz təqdir edilməliyik. Biz heç bir yanlış iş görməmişik. Lakin qərar qəbul olunan kimi bizə qarşı dərhal əlaqələndirilmiş, konsolidasiya olunmuş və çox ədalətsiz hücum edildi. Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. Lakin mən sizə sadəcə məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir. Bizim tədbirə ev sahibliyi etmək və bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər