5 mart 2021-ci ildə keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı istər partiyanın, istərsə də ölkənin ictimai-siyasi münasibətlər sisteminin tarixində mühüm hadisə kimi yadda qalıb.Ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi böyük tarixi inkişaf yoluna nəzər salıb və çox mühüm fikirlər səsləndirib. Dövlətimizin başçısı qeyd edib ki, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyasının nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyası olduğunu bildirən dövlət başçısı deyib: "Partiyamızın böyük ənənələri var. Qeyd olunduğu kimi, biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir".
Yarandığından ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədar idi. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin partiyanı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi.
Qurultayda qəbul edilən bir sıra qərarlar partiyanın siyasi varislik prinsipinə sadiq olduğunu da növbəti dəfə göstərir. Dövlətimizin başçısı qeyd etdiyi kimi, siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar: "Burada, əlbəttə ki, təcrübəli nəslin fəaliyyətindən çox şey asılıdır. Misal üçün, Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradılıb. Hesab edirəm ki bu, çox önəmli addımdır. Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər".
Önəmli məsələlərdən biri də Yeni Azərbaycan Partiyasının VII qurultayında altı siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul etməsidir. Bu, ilk növbədə, Yeni Azərbaycan Partiyasının, sözün əsl mənasında, ümumxalq partiyası olduğunu və yüksək nüfuza malik aparıcı qüvvə kimi çıxış etdiyini göstərir. Digər tərəfdən, ötən müddət göstərdi ki, belə bir qərar, heç şübhəsiz, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, Azərbaycanın əldə etdiyi tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhəmiyyətli amillər var ki, onların da başında hər şeydən əvvəl lider amili gəlir. Tarixi təcrübə və bugünkü ən yeni reallıqlar bir daha təsdiq edir ki, qələbəni yalnız güclü iradəyə sahib, qətiyyətli, cəsur qərarlar qəbul edən, milli maraqları hər şeydən üstün tutmağı və həm də onu qorumağı bacaran liderlər qazana bilirlər. 44 günlük Vətən müharibəsi tarixində Azərbaycan xalqı öz liderində bütün bu keyfiyyətləri bir daha gördü. Bunu isə təkcə Azərbaycan xalqı deyil, bütün dünya da gördü. Azərbaycan xalqı öz mübarizəsi ilə torpaqları işğala məruz qalan, haqqı əlindən alınan xalqlara bir nümunə oldu, bütün dünyaya ədaləti, beynəlxalq hüququ necə bərpa etməyi göstərdi.
Artıq bu gün tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından qürurla bəhs edirik. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılıb. Suverenliyimizin tam bərpa olunması ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinə çağırış oldu. 7 fevral tarixində Zəfər seçkiləri keçirildi. Bu seçkilər, təbii ki, özəlliyi ilə diqqətdə oldu. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə etdi. Cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi bu seçkiləri daha yaddaqalan etdi. Cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən böyük uğurudur.VII qurultayın əhəmiyyətindən danışarkən onu da qeyd etməliyik ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Bütövlükdə, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyuldu.Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü dövlətə, xalqa və azərbayçılıq ideyalarına xidməti fəaliyyətinin əsasında saxlayan, beynəlxalq aləmdə Azərbaycanın davamlı uğurlarına böyük töhfələr verən, cəmiyyətdə nüfuzunu günbəgün artıran partiyada təmsil olunmağı ilə qürur duyur.
Saleh Məhərrəmov
YAP Oğuz rayon təşkilatının sədri