PDF Oxu

Siyasət

  • 3 545

YAP tarixi zəruriyyətdən yaranan partiyadır ŞƏRH

YAP tarixi zəruriyyətdən yaranan partiyadır ŞƏRH

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 31 il ötür. Keçdiyi keşməkeşli yola nəzər saldıqda YAP-ın ötən illər ərzində onun ümumxalq partiyası kimi Azərbaycan dövlətinin və xalqının həyatında mühüm əhəmiyyətli rol oynadığının şahidi olarıq. Xatırladaq ki, 1993-cü ildən başlayaraq, Azərbaycanda keçirilən bütün seçkilərdə xalqın etimadını qazanan YAP-ın əldə etdiyi uğurlar təşkilatın qarşısına qoyduğu məqsədlərin respublikamızın daxili və xarici siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsi ilə sıx şəkildə bağlıdır. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrinin inkişafında YAP-ın qarşısına qoyduğu vəzifələr ümummilli lider Heydər Əliyevin yoluna sadiqliyi ilə layiqincə yerinə yetirilib.

Partiya çox çətin və mürəkkəb bir şəraitdə yaranıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hakimiyyəti ələ keçirən qüvvələrin dövlət idarəçiliyindəki naşılığı ölkəni addım-addım uçuruma sürükləyirdi. Ölkəmiz müstəqilliyini elan etsə də, köhnə sovet qanunları ilə idarə olunurdu. Həmin dövrdə ziyalılar dövlət idarəçiliyinə yaxın buraxılmır, savadsız, dövlət idarəçiliyində səriştəsi olmayanlar müxtəlif vəzifələrə təyin edilirdi. Tanınmış ictimai-siyasi ziyalılar, mədəniyyət və incəsənət xadimləri ölkəni tərk edib xarici ölkələrə üz tuturdular. Azərbaycanda yaranmış qarşıdurma getdikcə geniş vüsət alırdı. Məhz belə bir şəraitdə xalqı arxasınca apara biləcək dövlət idarəçiliyində zəngin təcrübəsi olan liderə böyük ehtiyac yaranmışdı. Azərbaycan xalqının qərarı yekdil oldu. Azərbaycanı düşdüyü vəziyyətdən yalnız ümummilli lider Heydər Əliyev xilas edə bilərdi.

Azərbaycanın bir qrup tanınmış ziyalısı 1992-ci il 16 oktyabrın tarixində Heydər Əliyevə müraciət edərək bildirmişdi ki, Azərbaycan Sizin sözünüzü gözləyir. Müraciətin əvvəlində müstəqilliyini yeni bərpa etmiş Azərbaycanda mövcud vəziyyət, onun başvermə səbəbləri öz əksini tapmışdı. Ziyalılar müraciətlərində qeyd edirdilər ki, uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Ölkənin demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq, belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Ümummili liderin ziyalılara cavabı çox gecikmədi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Azərbaycan xalqı ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdi və bu məqsədlə xalqın sınanmış lideri və dünya şöhrətli siyasi xadim Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşdi. O vaxtdan başlayaraq, Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyətli dəyişikliklər bir-birini əvəz etdi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi YAP qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Müdrik şəxsiyyət cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan YAP-ı qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Ümummilli lider Heydər Əliyevin yaratdığı partiya Azərbaycanda siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. YAP yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. Partiyanın 2005-ci il martın 26-da keçirilmiş III qurultayında partiyanın yeni Sədri – Prezident İlham Əliyev seçilib. Bu, ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiqliyin bariz nümunəsi idi. O vaxtdan başlayaraq, YAP yeni inkişaf mərhələsinə qədəm qoydu, beynəlxalq əlaqələri daha da genişləndirildi və Cənubi Qafqazda ən böyük və nüfuzlu siyasi partiyaya çevrildi. Partiyanın yeni Nizamnaməsinə uyğun olaraq, YAP Sədri İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il martın 5-də Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb.

Azərbaycan xalqının həmrəyliyi Vətən müharibəsində özünü açıq şəkildə büruzə verdi. Xalq Prezident, YAP Sədri İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad edilməsi yolunda canından keçməyə hazır olduğunu nümayiş etdirdi. Bu, həm də Ali Baş Komandana olan inamdan irəli gəlirdi. Bu birlik və həmrəylik Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu. Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər