PDF Oxu

Siyasət

  • 2 030

Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik ŞƏRH

Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik ŞƏRH

Prezident İlham Əliyev fevralın 26-da Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirdi və görüş zamanı çıxışında bildirdi ki, Azərbaycanın bu ədaləti döyüş meydanında təmin etməsi beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur: “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı”.

44 günlük Vətən Müharibəsində əldə etdiyimiz böyük Qələbədən sonra Xocalı soyqırımının ildönümü fərqli şəkildə anılır. 32 ildən sonra Xocalı sakinləri öz doğma yurdunda şəhidlərin xatirəsini yad etdi. Dövlət başçımız Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin təməlini qoydu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Prezident İlham Əliyevin Xocalıda ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüş, burada verilən mesajlar bir daha təsdiqlədi ki, 20 sentyabrdan etibarən Xocalının da artıq yeni parlaq tarixi, yeni inkişaf dövrü başlayıb. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram günüdür. Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı Prezident İlham Əliyev artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıtdıqlarını bildirdi. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri geniş vüsət alıb. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ölkə başçısı diqqətə çatdırdı ki, sentyabrın 20-də suverenliyimizi tam bərpa edəndən dərhal sonra Xocalıda xocalılıların evlərinin bərpa edilməsi üçün göstəriş verilib. Çünki mənfur düşmən qanlı soyqırımı törətmiş, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Xocalının tarixi adını dəyişdirməyə cəhdlər olmuşdur. Azərbaycanlıların evlərinə isə separatçılar və xarici ölkələrdən olan insanlar yerləşdirmişdi. Xalqımıza qarşı böyük və çirkin cinayət törədilmişdir. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Azərbaycan xalqı bu qanlı cinayəti heç vaxt unutmayacaq.

Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçi-şovinistlərinin yüzillər ərzində Azərbaycan xalqına qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib. Ölkəmizin başçısı hər il bu dəhşətli faciənin qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyur, onların xatirəsini ehtiramla yad edir. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır.

İşğaldan azad olunmuş başqa ərazilərimiz kimi, Xocalıda da çox böyük quruculuq işləri aparılır. Yaxın aylarda Xocalı sakinləri ata-baba ocaqlarına qayıdıb məskunlaşmağa başlanacaq. Bununlada Xocalı sakinlərinin öz doğma evlərinə qayıdışı təmin ediləcək. Lakin illər, əsrlər keçsə də Xocalı hadisələri nə xocalıların nə də Azərbaycan xalqının yaddaşından silinməyəcək. Bu gün artıq soyqırım qurbanlarının narahat ruhları şaddır, bu da həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılmasına start verilib. Xocalıya da böyük köçün başlayacağı gün uzaqda deyil. Rəsmi məlumatlara əsasən, hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri həyata keçirilir. Xocalıya köç prosesi sürətləndikcə ərazidə tikilən 200-ə yaxın həyət evi mərhələli şəkildə məskunlaşma üçün təhvil veriləcək. Eyni zamanda, biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli 110 mənzillik binalar da Xocalı sakinləri üçün yenidən qurulur. Cənab Prezident Xocalı ictimaiyyəti ilə görüşündə Ermənistana növbəti mesajlarını verdi. Ermənistan tez bir zamanda özünün davranışlarına diqət yetirməsə, səmimi şəkildə Azərbaycanın şərtlərini qəbul etməsə, yeni iddialarla özünün vəziyyətini daha da qəlizləşdirir.

ARZU ƏLİYEVA

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər