Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapıb. Ölkəmizin malik olduğu iqtisadi imkanlar əməkdaşlıq əlaqələrinin inkişafında da əhəmiyyətli rol oynayır. Fevralın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərəkən bu sahədə əməkdaşlıq üçün mövcud imkanlar geniş müzakirə edildi. Dövlət başçısı İlham Əliyev alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini xüsusi vurğuladı. Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən Prezident İlham Əliyev iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyevin görüş zamanı əsas diqqət göstərdiyi məsələ ölkəmizə qarşı əsassız təbliğatın aparılması, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər oldu. Bir daha vurğulandı ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayan cənab İlham Əliyev bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd etdi. Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.
Ümumiyyətlə, Azərbaycan-Almaniya ikitərəfli münasibətlərində iqtisadi sahə həmişə mühüm əhəmiyyət daşıyıb. İki ölkə arasında əlaqələrin inkişafında Alman İqtisadiyyatının Şərq Komitəsinin də mühüm əhəmiyyət daşıyan rolu vardır. Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bunun əyani şahidi olduq. Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxildir. Komitə Azərbaycan və Almaniya iş adamları arasında əlaqələrin qurulması, bu əlaqələrin inkişaf etdirilməsi, ümumən Bakı ilə Berlin arasında iqtisadi sahədə münasibətlərin yeni bir mərhələyə çatdırılmasında sistemli fəaliyyət göstərir. Keçən il Berlində alman iş adamları ilə Azərbaycan iş adamlarının görüşünün keçirilməsi, bu yaxınlarda Münxendə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iri korporasiya rəhbərləri ilə görüşlər keçirməsi, bu günlərdə isə böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsi öz-özlüyündə həm də Almaniyanın Azərbaycana olan marağından, Berlinin Bakı ilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyindən xəbər verir.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri