2024-cü il fevralın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bildiyimiz kimi, Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya–Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq” şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxil idi. Əslində, Almaniyanın aparıcı biznes qurumlarının və iş adamlarının ölkəmizə gəlişi təzad yaradır. Bu təzadı Azərbaycanın liderinin fikirləri də təsdiqləyir.
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarın qəbuluna diqqət çəkərək məsələnin təşəbbüskarının Almaniya Parlamentinin üzvü Frank Şvabenin olduğunu bildirib. Həmin o Şvabenin ki, Kansler Olaf Şoltsun partiyasının təmsilçisidir. AŞPA isə qərarını insan hüquq və azadlıqlarına etinasız yanaşma kontekstində əsaslandırır. Ümumiyyətlə, qurum elə rəy formalaşdırır ki, sanki, Azərbaycan ayaq basılası yer deyil. Əgər elədirsə Avropanın başlıca məmləkətinin biznes adamlarının ölkəmizdə nə işi var? Prezident İlham Əliyev də dolayısı ilə bundan söz açıb. Prezidentölkəmizə qarşı olan ənənəvi təzyiq cəhdlərinin nədən qaynaqlandığının təsvirini verib. Həm hazırkı neqativ təmayülləri dilə gətirib, həm də keçmişə nəzərsalıb. Nəticədə dövlətimizin başçısı hər iki dövrdəki xoşagəlməzliklər baxımından vahid səbəb və nəticə əlaqəsinin varlığı reallığını ortaya qoyur. Belə ki, səbəb ermənipərəstlikdir, nəticə isə həmin ermənipərəstliyə görə özünü göstərən yanaşmalar. Azərbaycanın lideri bildirdikləri ilə həmin yanaşmaların qərəzli mahiyyətinin dolğun təsvirini çəkir. Bu təsvir heç bir halda bəraət qazanmaq, xarici iş adamlarını ölkəmizə çağırmaq istəyi deyil. Yəni, onlarsız da keçinərik. Cənab İlham Əliyev, sadəcə, heç nəyə baxmayaraq, Azərbaycana təşrif buyurmuş bu şəxslərin qərarının doğruluğunu bildirir və əminlik yaradır. Eyni zamanda da, prinsipial xarakterli mesajlarını da çatdırır.
Prezident almaniyalı iş adamları ilə görüşdə bildirdikləri həm də Azərbaycanda investisiya mühitinin etibarlılığının və dayanıqlılğının ali səviyyədə bəyan edilməsidir. Təbii ki, mövcud cəhətlər respublikamızın gücündən və qüdrətindən xəbər verir. Bu güc və qüdrət özünəinamın məhsuludur. Özünəinam isə ədalət hissindən qaynaqlanır. Bəli, Azərbaycanın dünyadan tələb etdiyi ədalətli yanaşmadır. O yanaşma ki, ikili standartlar siyasətinin arxasınca sürünür. Sanki, ölkəmiz sülh deyil, müharibə tərəfdarıdır. Ölkə rəhbəri İlham Əliyev isə bildirir ki, Azərbaycan sülh prosesinə sadiqdir: “Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə, niyə bunların hamısını hazırlamışıq?!”Deməli, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdiyimizə görə heç bir ittihamla üzləşməməliyik. Həm də ona görə üzləşməməliyik ki, cənab İlham Əliyev çox doğru olaraq “beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”–deyir.
Bu gün Azərbaycan–Ermənistan münasibətlərinin nizamlanması xüsusuna diqqət yetirəndə də durumu açıq şəkildə görmək mümkündür. Belə ki, bu yanaşmaya “nizamlama” demək də olmur. Bunun bir adı var – qatı ermənipərəstlik. Acı həqiqət ortadadır – ermənipərəstlik ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməyimizə qənim kəsilib. Bu yolu tutanlar çalışırlar ki, 44 günlük İkinci Qarabağ müharibəsi ilə qazandığımız Zəfər, lokal xarakterli antiterror tədbirləri ilə əldə etdiyimiz uğur təntənəsi heçə ensin, erməni avantürizmi “mahiyyətini” qoruyub saxlasın. Ən pisi isə odur ki, belə bir təmayül özünü beynəlxalq hüquq prinsiplərinin heçə sayılması ilə göstərməkdədir. Bu xüsusda aydındır ki, Fransa başda olmaqla, kollektiv Qərb Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik etmək yolu tutmaqda, Cənubi Qafqazı anti-Rusiya mübarizəsi platformasının növbəti cəbhəsinə çevirməkdə israrlıdır. Ermənistan alətdir və qeyd etdiyimiz niyyətin gerçəkləşdirilməsi üçün silahlandırılmaqdadır. Qeyd edək ki, Prezident İlham Əliyevin Almaniyanın biznes nümayəndələrini qəbul edərkən üzərində dayandığı ikili standartlar siyasəti və mövcud siyasətin üzdə olan ermənipərəstlik təzahürü o qədər riyakardır ki, özünü hər anlamda göstərir. Prezident bu baxımdan Rusiya–Ukrayna müharibəsinə toxunması heç də əbəs deyil. Öna görə ki, dünya birliyi Ukraynanı öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə çalışan haqlı tərəf kimi tanıyır. Təbii ki, iki qardaş xalq arasındakı qanlı müharibədə onlardan hansının haqlı, hansının haqsız olduğunu mübahisələndirmək fikrindən uzağıq. Rusiyanın özünün haqq bildiyi məqamlar var. O cümlədən Ukraynanın da beynəlxalq hüquq tərəfindən qəbul edilmiş ərazi bütövlüyü və suverenliyi də.
Diqqətə çatdırmaq istədiyimiz başlıca məqam isə ərazi bütövlüyü və suverenlik məsələsinə xarici aləmin yanaşması ilə bağlıdır. Yanaşmada beynəlxalq hüquqla interpretasiya motivi var ki, bu da, bütövlükdə, dünya üçün son dərəcə qorxunc presedent yaradır. “Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən, humanitar normalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdilər. İndi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq. Biz Makron, Borrell və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq”, – deyən Prezident İlham Əliyev Ukraynanın öz ərazi bütövlüyünü bərpa etmək istədiyini, Almaniyanın və digərlərinin ölkəni silahlandıraraq rəsmi Kiyevin apardığı mübarizəni dəstəklədiyini, habelə Azərbaycanın ərazi bütövlüyünün heçə sayıldığını, Cənubi Qafqazdakı durumun vaciblik baxımından Ukrayna məsələsindən geri qalmadığını bildirir. Azərbaycan Prezidenti ölkəmizdə iqtisadi islahatlarla bağlı böyük işlərin həyata keçirildiyini, yalnız ənənəvi enerji sektoru deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu heç də əbəs yerə vurğulamır. Bir növ, sərfəli perspektivi yada salır, hər kəsə “ağıllı olun!” mesajını verir. Deməli, bunu nəzərə almaq, ikili standartlardan çıxış etməkdənsə, ölkəmizin səmimiyyətinə dəyər vermək lazımdır.
Sonda Prezident İlham Əliyev Almaniya biznes dairələrinin Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirib və bunun bütün regionda müsbət inkişafın əsasını qoya biləcəyini vurğulayıb. Yəni ki, Almaniya da özünün iqtisadi maraqlarını düşünməli, kollektiv Qərbin ənənəvi anti-Azərbaycan oyunlarında iştirakdan uzaq dayanmalı, obyektiv mövqe tutmalı, ən əsası isə Cənubi Qafqazda sülh mühitinin ədalətli əsaslarının formalaşmasına və möhkəmlənməsinə töhfəsini verməlidir. Ümid edirik ki, Avropanın başlıca ölkəsinin iş adamları Bakıya gəliblərsə, gələcəyə nikbin yanaşmaq üçün səbəb var.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini