Ermənistan nəinki KTMT-də iştirakını dondurub, görünür, ermənipərəst hərbi blok ruhunda nəsə yaratmaq arzusundadır. Beləliklə, İrəvan Fransa və Hindistanla yanaşı, Yunanıstanla da hərbi-texniki əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Xüsusilə bu, Ermənistan və Yunanıstanın müdafiə nazirləri Suren Papikyan və “daşlar diyarı”na rəsmi səfərə gəlmiş Nikolaos Dendias arasında İrəvanda keçirilən görüşdə müzakirə olunub. “Görüş zamanı Ermənistan və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlığın gedişatı müzakirə edilib, 2023-cü ilin dekabrında Afinada əldə olunmuş razılaşmalar istiqamətində görülən işlər və bir sıra yeni əməkdaşlıq sahələri müzakirə edilib. İki ölkə hökumətləri arasında hərbi-texniki əməkdaşlıq haqqında Sazişin ratifikasiyasından sonra hərbi-texniki əməkdaşlığa yeni təkan vermək üçün razılıq əldə olunub”,- deyə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İrəvanın hazırkı fəaliyyətini və hərbi potensialını fəal şəkildə artırmaq və hərbi ittifaqlara girmək istəyini necə qiymətləndirməliyik? Əcnəbi ekspertlər bu haqda rəylərini "Caliber" analitik mərkəzinə bildiriblər. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.
Rusiyalı politoloq və “İnoSMI” portalının icmalçısı Dmitri Babiçin fikrincə, Ermənistanın Rusiyadan uzaqlaşmaq kursu qurduğu açıq-aydın görünür.
“Mən düşünmürəm ki, Ermənistan hazırda hər hansı bir hərbi blok yaradır- İrəvanın bunun üçün nə potensialı, nə də nüfuzu var. Amma Ermənistan mətbuatında açıq-aşkar anti-Rusiya ritorikası hökm sürür, Paşinyan özü açıq-aşkar anti-Rusiya bəyanatları verir, Fransa və Yunanıstanla silah əldə etmək, hərbi əməkdaşlıq qurmaq cəhdi, təbii ki, Rusiya ilə münasibətlərdə ciddi qıcıq yaradır. Makron bu yaxınlarda NATO qoşunlarının Ukraynaya göndərilməsini tələb edən siyasətçidir. Ona görə də Ermənistan, təbii ki, həm Rusiya ilə yaxşı münasibət saxlamaq, həm də Makronun qucağına tələsmək istəyirsə, indi ən yaxşı vaxt deyil”,- politoloq vurğulayıb.
Yunanıstanın müdafiə nazirinin Ermənistana səfərinə gəlincə, politoloq xatırladır ki, Rusiya ilə Yunanıstan arasında münasibətlərdə böhran var. Deməli, sanki İrəvan bilərəkdən Moskvanın əsəbləri ilə oynayır.
“Yunanıstan Ukraynaya piyada döyüş maşınları (BMP) və Rusiyanın bir vaxtlar Afinaya təhvil verdiyi digər silahlar verdi. Bu, Moskvada çox mənfi qarşılanır, lakin mən İrəvanın bu hərəkətlərinə Rusiyanın reaksiyasının dərəcəsini və formasını dəqiq proqnozlaşdırmağa risk etməyəcəyəm. Çünki bu, Rusiya rəhbəri Vladimir Putinin üslubudur - o, həmişə gözlənilmədən cavab verir. Ancaq həmişə bir siqnal var: Rusiyaya qarşı pis bir şey etsəniz, ən pisini gözləyin. Reaksiya çox kəskin və gözlənilməz ola bilər”,- deyə D.Babiç bildirib.
“İnformasiya Müqaviməti” qrupunun ukraynalı hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenkonun fikrincə, hazırda Ermənistanın öz qoşunlarının silahlanmasını necə aktiv şəkildə gücləndirdiyi, 2020-ci ilin payızındakı müharibədə və 2023-cü ilin payızındakı anti-terror tədbirləri zamanı itkilərini kompensasiya etməyə çalışdığı aydın görünür.
“İndi Ermənistan ilk növbədə özünün hava hücumundan müdafiə sistemlərini bərpa etməyə çalışır: o, dronlarla mübarizə üçün anti-dron texnologiyaları, eləcə də artilleriya alır. Buraya top artilleriyası, eləcə də çoxsaylı buraxılış raket sistemləri daxildir. Ümumilikdə qeyd etmək yerinə düşər ki, top artilleriyasının sayına görə Ermənistan ən çox itki verib. 2020-ci ilin sonunda artilleriya itkilərinə gəldikdə, ümumilikdə onlar təxminən 85 vahid təşkil edir. 214 mm-lik Pinaka çaplı Hindistan reaktiv yaylıq atəş sisteminin təchizatı hər biri 3 batareyadan ibarət 4 bölmənin- cəmi 74 işəsalma qurğusunun ötürülməsini nəzərdə tutur. Haubitsaların ilk partiyası 28 ədəddir. Belə çıxır ki, belə bir müqavilə ilə Ermənistan artilleriya sahəsindəki itkilərini demək olar ki, kompensasiya edəcək”,- deyə A.Kovalenko qeyd edib.
Beləliklə, hərbi ekspertin fikrincə, aydın görünür ki, Ermənistan ordusunun döyüş qabiliyyətinin bərpasına fəal yardım edən Ermənistanın tərəfdaşları ilk növbədə Fransa və Hindistandır.
“İndi deyə bilərik ki, Ermənistan müdafiə silahlarına arxalanır. Ancaq bu, yalnız ilk baxışdan görünür. Bu o demək deyil ki, bir müddət sonra Ermənistan müdafiə texnologiyaları almaqdan hücum silahlarına keçməyəcək. Büdcənin təsirli böyüklüyünə baxsaq, Ermənistan təqribən iki ilə öz hərbi potensialını, həm müdafiə, həm də hücum silahlarını bərpa edə biləcək. Və bu cür cəhdlərin sürəti təbii ki, suallar doğurur. Amma çox aydındır ki, Ermənistanın hərbi büdcəsi yalnız artacaq- İrəvan bunu öz hərəkətləri ilə birbaşa təsdiqləyir”,- deyə A.Kovalenko hesab edir.
Tərcümə - Elçin Bayramlı