Kreml sərt cavab verəcəkmi?
Ermənistanın inadla Qərbə doğru istiqamət alması artıq Rusiyanın səbrini kifayət qədər tükəndirmək üzrədir. Təkcə Rusiya mediası deyil, eləcə də ciddi sosial şəbəkə resursları Paşinyan hakimiyyətinin iç üzünü açmağa başlayıb. Bu dəfə nüfuzlu "Militarist" teleqram kanalı diqqətçəkən faktı aşkara çıxarıb. 275 min 400 izləyicisi olan kanal yazıb: "Ermənistan yenidən xəbər başlıqlarının qəhrəmanına çevrilir. Ola bilsin ki, çoxları Paşinyanın yenidən anti-Rusiya xarakterli fikir səsləndirdiyini düşünə bilər, amma bu dəfə belə deyil. Hətta bu dəfə hər şey daha ciddidir".
Ermənistanın müdafiə naziri Jozef Borrelə niyə və nə üçün yalvarıb?
Adıçəkilən kanal rəsmi İrəvanın Avropa İttifaqının təmsilçisi Jozef Borrelə yazdığı müraciətinin internet şəbəkəsində yayıldığını bildirib. Məktubu isə Ermənistanın müdafiə naziri Suren Papikyan ünvanlayıb. O, Borreldən logistika və hərbi tibb sahəsi üzrə yardım xahiş edib.
"Militarist" yazır: "Şübhə yoxdur ki, bu, Ermənistanla NATO ölkələri arasında hərbi əməkdaşlığın yeni mərhələsidir. İrəvanın bütün bunlardan sonra (öz ərazisində Aİ missiyasının yerləşdirilməsi, ölkədə NATO hərbçilərinin mövcudluğu, atəşkəs sükutunu pozmaqla Azərbaycan mövqelərinin atəşə tutulması və s.) Paşinyanın vasitəsi ilə dayanacağı inandırıcı görünmür".
Militarist: "Görünür, müasir Ermənistanın qarşısına qoyduğu məqsədi yeni Ukrayna olmaqdan ibarətdir"
Beləliklə, Rusiyanın nüfuzlu teleqram kanalı eyham vurub ki, Ermənistan anidən ikinci Ukraynaya çevrilə bilmək təhlükəsini yaşaya bilər: "Görünür, müasir Ermənistanın qarşısına qoyduğu məqsədi yeni Ukrayna olmaqdan ibarətdir. Yəni, tam olaraq Qərb ölkələrinin qanadları altına sığınmaq, maddi gəlirləri artırmaq və ona verilən əmrləri icara etmək. Üstəlik, bütün deyilənlərlə yanaşı baş verən hər şeydə Rusiyanı ittiham etməyi unutmamaq - rusofobiya mitinqlərini keçirmək və hər künc-bucaqda Moskva ilə mübarizə aparmaq vacibliyindən danışmaq".
Top Moskva tərəfdədir...
Teleqram kanalı bütün bu addımların artıq indidən göründüyünü yazır. Lakin onu da qeyd edir ki, vaxtilə Ermənistan Rusiya üçün önəmli platsdarm olub: "Rusiya böyük təəssüf hissləri ilə Ermənistanı itirir. İrəvan Moskva ilə partnyorluq münasibətlərini qurmaqda maraqlı deyil. Heç olmasa Rusiyanın uzun illər ərzində göstərdiyi yardımlarına görə minnətdarlığını bildirə bilərdi. Bənzər vəziyyət 2014-cü ilə qədər Ukraynada da yaşanmışdı. Tarix isə yenidən öz dövriliyini təsdiq edir. Top Moskva tərəfdədir".
Əslində, Azərbaycan dövləti və xalqı dəfələrlə müxtəlif platformalarda Ermənistanın "ipinin üzərinə odun yığmamaq" faktı ətrafında müzakirələr aparıb, digər ölkələrə xatırlatmalar edib. Təəssüf ki, uzun illər Ermənistana "krışalıq" edən Rusiya hələ indi-indi ayılmağa başlayır. Düzdür, Moskva gec ayılıb, amma həmin Moskva göz yaşlarına da inanmır. Sabah-birigün Ermənistan yenidən Kremlə tərəf əl açsa belə, rus "sablyası" bu əli kökündən kəsə bilər. Ona görə biz də müşahidə edərək hadisələrin inkişafını gözləyək...
Afət Tahirqızı