“Sülh müqaviləsinin imzalanma tarixinin uzanmasının daha çox təhlükəli olduğunu İrəvanda artıq yaxşı başa düşürlər”. Bu barədə SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Politoloqun sözlərinə görə, orada hesab edirlər ki, onların arxasında dayananların Azərbaycana təsir etmək mexanizmləri hələ bitməyib, və bu təzyiqlər nəticəsində sülh müqaviləsi imzalanarkən Ermənistan üçün daha uyğun şərait əldə etmək olar: “Amma Ermənistan və onun havadarları unudurlar ki, vaxt keçdikcə Azərbaycanın şərtləri daha da çətinləşir”.Ə.İbrahimov bildirib ki, əslinə baxanda Ermənistan bəlkə də sülh müqaviləsini tez imzalayıb təhlükəsizliyini təmin etmək istərdi: “Amma Fransa kimi himayədarları onu bu addımı atmağa qoymur. Çünki Makronun məqsədi Ermənistanın təhlükəsizliyini təmin etmək deyil, ermənilərin təhlükəsizliklərini təmin etmək adı altında regiona soxulmaqdır. Bu məqsədinə çatmaq üçün Makron bütün vasitələrdən istifadə edir və hətta Azərbaycanla müharibə təhlükəsi yaratmaqdan belə çəkinmir. Amma Azərbaycan göründüyü kimi, son dövrlər Ermənistanın sərhəddə törətdiyi təxribatları cavabsız buraxır ki, Fransaya bölgəyə girmək üçün əsas verməsin”.Politoloq qeyd edib ki, Azərbaycan sona qədər öz mövqeyini müdafiə edərək heç bir təzyiqə boyun əyməyəcək: “Ermənistanla yeni müharibəyə ciddi səbəb yarandığı təqdirdə isə bu addımı amaqdan belə çəkinməyəcək. Qoy Fransa və Ermənistan yeni müharibə təhlükəsindən narahat olsunlar. Çünki bu müharibə Ermənistan adlı dövlətin son müharibəsi kimi tarixə düşə bilər”.
Müəllif: Rəşid Qarayev