Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycan tarixinə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü kimi yazılan 1991-1993-cü ilin yayınadək olan mərhələ, eyni zamanda, müstəqilliyimiz üçün təhlükənin yarandığı illər kimi də xarakterizə olunur. O illərdə ölkəyə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz insanların rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoydu. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki respublikamızın, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını zərurətə çevirən də məhz həmin dövrün reallıqları idi. Ümumilikdə Azərbaycan xalqının istəyini əks etdirən 91 nəfər ziyalının 1992-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevə ünvanladığı "Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində o dövrün gerçəklikləri öz əksini tapıb: "Azərbaycan, sözün əsl mənasında, siyasi, iqtisadi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, "real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür. Yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirir”. Müraciətdə, həmçinin bu məqamda diqqətə çatdırılırdı ki, yeni-yeni partiyaların meydana çıxması fonunda ölkədə ictimai-siyasi həmrəyliyin yaradılması istiqamətində heç bir iş görülmür. Müraciətdə bu inam ifadə olunurdu ki, yeniqüvvələrin öncülü, aparıcısı Heydər Əliyev kimi şəxsiyyət olarsa, tezliklə respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar.
Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martın 5-də keçirilən VII qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. YAP-ın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışı zamanı Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələri diqqətə çatdırdı, mühüm fikirlər səsləndirdi. Partiyamızın sədri İlham Əliyev qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu. Yeni Azərbaycan Partiyası Qalib xalqın Qalib partiyasıdır. Əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası bundan sonra da bir çox qələbələrə imza atacaq.
Aliyə Orucova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı