PDF Oxu

Siyasət

  • 1 098

Mart hadisələri: dövlət çevrilişinə edilən cəhd TƏHLİL

Mart hadisələri: dövlət çevrilişinə edilən cəhd TƏHLİL

Azərbaycanın müstəqillik tarixində baş veren olaylar onun sütunlarını zəiflədə bilmədi. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın tədricən beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməsi hakimiyyəti ələ keçirmək istəyən bəzi qüvvələrin qısqanclığına səbəb olmuş olsa da güclü iradə, siyasi güc bütün təhlükələrin qarşısını aldı. Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyevin xalqın iradəsi ilə, demokratik və qanuni yolla hakimiyyətə qayıdışı ölkəmizi sevməyən qüvvələri narahat edirdi. Ümummilli Lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ - dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı. Məlumdur ki, AXC-Müsavat dövründə respublika iqtisadiyyatı tamamilə dağıdılmış, xalqın rifah halı aşağı düşmüşdü. Şimalda "Sadval" separatizmi, cənubda Talış-Muğan Respublikası xülyası, qərbdə erməni işğalı, ölkəmizdə çətin ictimai-siyasi böhrana yol açmışdı. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır.1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandıqdan sonra ölkəmizin dünya miqyasındakı nüfuzu daha da artdı. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Ulu Öndər Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətin mövqeyini dünyaya çatdırmış, bununla da, ölkəmizə diqqət və maraq güclənmişdir. Azərbaycanın siyasi-iqtisadi əlaqələri genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır. Qısa bir zamanda, Ulu Öndərin müdrik siyasəti nəticəsində, ölkədə ictimai-siyasi sabitlik yaradılmış, qanunçuluğun bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır.

XARİCİ HİMAYƏDARLARIN TƏHRİKİ İLƏ DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHD

Artıq Azərbaycan dövlətçiliyinə və müstəqilliyimizə qarşı yönəlmiş dövlət çevrilişi cəhdindən 29 il ötür. 1995-ci il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər.Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda dövlət çevrilişinə cəhd mart hadisələri 1995-ci ilin mart ayının 12-dən 13-nə keçən gecə ölkənin ən ucqar nöqtəsində - Qazaxda və Ağstafada başladı. Həmin gün "OMON"-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edildi. Hər iki rayonda dövlət əleyhinə faktiki qiyam baş verdi. Lakin mart ayının 15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən qiyam yatırıldı. 16-17 mart tarixində isə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərmək istəyirlər. Hələ martın 14-də daxili işlər naziri "OMON"-un buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzalamışdı. Əmrə görə, silahı könüllü təhvil verənlər törətdikləri əməllərə görə cəzalandırılmayacaq və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində Ulu Öndər Heydər Əliyev "OMON"-çuları bağışlanmaq imkanı yaradan xüsusi Fərman imzalayır. Lakin XTPD-nin başçısı Rövşən Cavadov Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri ilə dövlət başçısı qarşısında müəyyən şərtlər qoydular.

QEYRİ-QANUNİ SİLAHLI QRUPLAŞMALARA XƏBƏRDARLIQ

Onu da bildirək ki, Ümummilli Liderimiz, Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək, qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmişdi, onları əfv edəcəyini bildirmişdi. Hətta Cavadov qardaşlarının atası Bəxtiyar Cavadovla da söhbət aparmış, ona oğlanlarını vətəndaş müharibəsi və silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyə etmişdi.

Dövlət çevrilişinə cəhd edən qeyri-qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idi. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. R.Cavadovun böyük iddiası vardı: dövlət başçısı olmaq. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri bütün bu hoqqabazlıqlara, xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. R.Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə, heç bir nəticə vermirdi. Əksinə, belələri ictimaiyyətin qınağına tuş gəlir və ağır ifadələrlə təhqir olunmaqdan belə yan keçə bilmirdilər.

HAKİMİYYƏT HƏRİSLİYİ – TÖKÜLƏN QARDAŞ QANI

1995-ci il martın 16-dan 17-nə keçən gecə isə paytaxtın 8-ci kilometr qəsəbəsindəki "OMON" - çuların qərargahı yaxınlığında başlanan atışmada dünənədək cəbhə bölgəsində, erməni təcavüzkarları ilə savaşda səngər yoldaşı olmuş döyüşçülər üz-üzə dayandılar. Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal etdiyi bir vaxtda, Azərbaycanın paytaxtında bir qrup vəzifə hərisi hakimiyyəti ələ keçürmək üçün dövlətçiliyimizə qəsd edirdi. Onların hakimiyyət hərisliyi nəticəsində, qardaş qanı töküldü. Cavadov qardaşlarının hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək cəhdləri 22 hərbçi, 7 mülki şəxs, 1 polis və 8 XTPD əməkdaşının ölümünə səbəb olmuşdu. Hadisə nəticəsində, 105 nəfər yaralanmışdı. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etmişdi.Belə ağır zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.

XALQ-İQTİDAR BİRLİYİ, HƏMRƏYLİK

Ulu Öndər Heydər Əliyevin dövlət çevrilişlərinin qarşısını qətiyyətlə alması Azərbaycan xalqının sabaha, gələcəyə ümidini daha da artırdı. Ulu Öndər Heydər Əliyev düşmənlərimiz tərfindən təşkil olunmuş dövlət çevrilişi cəhdlərinin qarşısını almaqla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.Bu hadisələrdən keçən 29 ildə Azərbaycan müstəqil dövlət kimi daha da inkişaf etdi, əlaqələri genişləndi və mövqeləri möhkəmləndi. Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub-saxlanıldı. Bu gün ölkəmiz Cənubi Qafqaz regionun lider dövlətinə və güc mərkəzinə çevrilib. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır, dövlətimiz durmadan yüksəlir, inkişaf edir və yeni uğurlar qazanır. Dövlət başçısının uğurlu daxili və xarici siyasəti, müasir yanaşmalar, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrində yeni nailiyyətlərin qazanılmasına səbəb olub. Dövlət başçısının həyata keçirdiyi güclü ordu strategiyasının məntiqi nəticəsi olaraq, Azərbaycan Ordusu hərb tarixində yeni səhifə olan 44 günlük Vətən müharibəsində Azərbaycanın gücünü dünyaya göstərə bildi. Müzəffər Ali Baş Komandanın əmrinə əsasən, ordumuz döyüş meydanında müharibə qanunlarına əməl etməklə, hərb tarixinə yeni səhifə yazdı. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər