Xocalıya qayıtmışıq, doğma, əzəli yurd yerlərimizə. Azərbaycan xalqı üçün 32 ildir ki, 26 fevral Xocalı Soyqırımı Günü ağrılı bir gün olaraq qeyd olunur. Bu günlə bağlı Azərbaycanın paytaxtında və bütün rayonlarında, o cümlədən dünyanın müxtəlif ölkələrində bir sıra tədbirlər, görüşlər təşkil edilirdi. Bu il də eyni formada dünya azərbaycanlıları Xocalı şəhidlərini yad etdilər. Lakin builki tədbirlərdə acı ilə yanaşı, qürur da var idi. Çünki Müzəffər Azərbaycan Ordusu tərəfindən Xocalı rayonu da ötən ilin sentyabrında bir günlük antiterror tədbirləri zamanı azad edilmişdir. Artıq Xocalı rayonunda Azərbaycanın Dövlət Bayrağı dalğalanır. 32 il sonra ilk dəfə fevralın 26-da xocalılar öz rayonlarında oldular. Həmin gün Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalıda törədilən əməllər ümumbəşəri dəyərlərə tamamilə ziddir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı nəticəsində, 613 nəfər şəhid olmuş, 487 nəfər ağır yaralanmış, 1430 nəfər əsir götürülərək amansız işgəncələrə məruz qalmış, onların 135 nəfərinin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qocalar olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qalmışdır. Soyqırımı aktı zamanı öz torpaqlarını tərk etməyə məcbur olan Xocalı sakinləri ölkəmizin 40 rayonunda məskunlaşmışlar. Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdilər. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirmiş oldu. Oktyabrın 15-də dövlət başçımızın Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması tarixi bir günə çevrildi.
Əlbəttə ki, qazandığımız uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, siyasi iradəsinin təzahürüdür. Dövlət başçımız 20 il bundan əvvəl Azərbaycan xalqı qarşısında verdiyi bütün vədləri yerinə yetirib. Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Həqiqətən də, 2003-cü il oktyabrın 15-də müdrik qərarı ilə İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yoluna qədəm qoydu. Xalqımız əmin idi ki, Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa çatdıracaq. "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır", - deyə Prezident vurğulayıb. Ötən illər ərizində Azərbaycan dünya miqyasında özünə layiq yerini tutub.
PREZİDENTİMİZ BİZLƏRƏ BİR DAHA QƏLƏBƏ SEVİNCİNİ YAŞATDI
2023-cü il oktyabrın 15-də Cənab Prezident üç rəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltdı, Qələbəmizin sevincini bir daha bizlərə yaşatdı. 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsi və Vətən müharibəsindəki tarixi Qələbə Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldib. Bu qələbə Cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın inamı və şəhidlərimizin qanı bahasına əldə olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz Ermənistana böyük zərbə vurdu və əzəli torpaqlarımız işğaldan azad olundu. Qazandığımız Zəfər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, xalq-iqtidar birliyinin təntənəsidir. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad edərək, tariximizə Qələbə yazdı. Bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.
Düz 32 il bundan əvvəl dünyanın gözü qarşısında ermənilərin bəşəriyyət tarixində törətdikləri ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının qisası alındı. İndi Xocalı yeni dövrünə qədəm qoyub. Prezident İlham Əliyev fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq.
Dövlət başçımız onu da bildirib ki, Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır: "Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın".
"ƏDALƏTİ ANCAQ BİZ ÖZÜMÜZ BƏRPA ETMƏLİYİK VƏ BUNU ETDİK"
Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir. Genosidin hüquqi əsası bir sıra sənədlərdə öz əksini tapmışdır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Xocalıda törədilən əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir. Ermənilərin azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir. Hadisələri ardıcılıqla izləsək, görərik ki, Azərbaycanın başına gətirilən olaylar tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan edib.
"Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir", - deyə Prezident bildirib.
Artıq bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə ümumilikdə 100 ailə köçürülməsi planlaşdırılır. Belə ki, Xocalıya 50, Xankəndiyə 50 ailə köçürülməsi nəzərdə tutulub.
Qazandığımız uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, siyasi iradəsinin təzahürüdür. Dövlət başçımız 20 il bundan əvvəl Azərbaycan xalqı qarşısında verdiyi bütün vədləri yerinə yetirib.
Zümrüd BAYRAMOVA