PDF Oxu

Siyasət

  • 1 466

Ölüm-qalım məsələsi -FELYETON

Ölüm-qalım məsələsi -FELYETON

-Ay camaat, nə yeyib, nə içirsiniz?

Camaat:

-Sənə nə var. Heç verilməli sualdır, nə yeyirsiniz? Nə yeyəcəyik ki, dükan-bazar doludur ərzaqla, tərəvəzlə, bir-birindən gözəl. Gedib alıb gətiririk, doldururuq soyuducuya, yeyirik. Suala bax, nə yeyirsiniz. Yox bir, gəlin bu işimizə də qarışın. Kitab oxumursunuz, qəzet oxumursunuz, Azərbaycan filmlərini izləmirsiniz, uşağınız belə geyindi, küçədə ucadan danışdı, məktəbdə özünü apara bilmədi, özünüz çox seriala baxırsınız, övladınızın tərbiyəsi ilə məşğul olmursunuz, dediniz deyə bildikcə, indi də keçmisiniz nə yeməyimizə? Gördüyünüz kimi yeyirik ki, ayaq üstündəyik də. Yeməsəydik, çox yəqin ki, o dünyada olardıq. Ta hər işə də qarışmayın ki? Bəsdir də, başımıza ağa kəsiləcəksiniz? Onu etməyin, bunu etməyin, belə olmayın, niyə belə olmalıdır? Bezdirirsiniz ey adamı. İndi də nə yeyirsiniz? Nə yemirik ki, şükür Allaha.

İndi ki, bu qədər maraqlısınız, buyurun, görün nə yeyirik. Necə deyərlər, gir bazara, quş südü tap. Bazarlar doludur ətlə, balıqla, toyuqla, yumurta ilə. Kənd toyuğu ayrı, broyleri ayrı, budu, qanadı, içalatı, yumurtası ayrı. Bazar dolur, boşalır, istehsal var da, həm də sürətli. Yoxsa bu qədər tələbatı çatdırmaq olar? Kartof, soğan, sarımsaq, badımcan, bibər, pomidor, xiyar, göyərti, nə bilim, hər cür tərəvəz var.

Bazar- market doludur qışda yayda yetişən, yazda payızda yetişən meyvə-giləmeyvələrlə. İlboyu piştaxtalardan əskik olmayan tərəvəzlərlə. Göz istəyir ki, gözəlliyinə baxsın. Heç yayda elə tərəvəzlər olmur. Adamın üzünə gülür. Qışboyu heç turşu tutmağa ehtiyac yoxdur, təzə pomidor, xiyar, rəngbərəng bibərlər, göyərti istənilən qədərdir. Qatıq, süd, pendir, şor, kərə yağı nə qədər istəyirsən. Maşallah, görün nə qədər süd istehsal olunur ki, süd məhsulları ayaq tutub yeriyir.

Marketlər doludur ərzaqla. Nə istəsən, ala bilməzsən? Yerlisi də var, xaricdən gələni də. Biz də qədrimizi bilirik, xaricdən gələni alırıq. Niyə? Çünki insanı yaxşı qidalanmaq yaşadır. Niyə də ki, almayaq, bir dəfə gəlirik dünyaya. Nə üçün süfrəmizə istədiyimiz məhsulu qoymayaq? Bunun düyüsü, mərciməyi, noxudu var, kərə, ayçiçək, qarğıdalı yağları var. Hansının rəngi gözəldir, görünüşü böyükdür, xaricdən gəlib, ondan alırıq. Yağlar da ki, həm təmiz, keyfiyyətli, həm də qiymətləri münasib. Məsələn, kərə yağı var ki, qiyməti 5 manata, günəbaxan, qarğıdalı yağları var 6-8 manata. Belə götürəndə 1 kiloqram kərə, 1 litr günəbaxan, qarğıdalı yağları üçün heç xammalı bu qiymətə almaq olmaz. Çox razıyıq, qiymətlərdən də, keyfiyyətdən də. Şükür Allaha, süfrəmiz də ki, doludur.

- Düz deyirsiniz, həqiqəti deyirsiniz. Haqlısınız, əlbəttə, insan yeməsə, ölər. Ancaq mən ölüm-qalım məsələsindən danışacaqdım. Adı GMO idi. Ancaq imkan vermədiniz ağzımı açım. Bunun üçün də sağ olun, var olun. Ancaq and olsun ki, çoxlarınız GMO nədir, bilmirsiniz. Genetik modifikasiya olunmuş məhsul deməkdir. Bunu demək istəyirdim, vəssalam.

Mətanət Məmmədova

Digər xəbərlər