PREZİDENT İLHAM ƏLİYEV: “Türkiyə burada yoxsa da, mən buradayam və sizin cavabınızı verəcəyəm»
PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN son şərtini açıqladı – “Azərbaycansız olmayacaq”
Bu gün Türkiyə və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət bir yumruq həmrəyliyi birliyi, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Bu, sərhəd tanımayan qardaşlıq birliyidir. Və hər iki qardaş dövlətlərin liderləri və xalq bir daha dünyaya nümayiş etdirdi ki, bu sarsılmaz qardaşlıq birliyi təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin təsdiqidir və bu, bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar, onlara öz yerlərini göstərirlər. Azərbaycan xalqı bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində gördü və bütün dünya bir daha şahid oldu. Və qələbədən də sonra Türkiyə həmişə olduğu kimi, yenə də haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu.
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV: “TÜRKİYƏ BURADA YOXSA DA, MƏN BURADAYAM VƏ SİZİN CAVABINIZI VERƏCƏYƏM”, SÖYLƏMƏKLƏ DÜNYANI MAT QOYMUŞDU, EYNİ ZAMANDA BÜTÜN TÜRK DÜNYASININ ÜRƏYİNİ FƏTH ETMİŞDİ
Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İllər olaraq Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı” sammitində “dərə xəlvət, tülkü bəy” yanaşmasından çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar, hədyanlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev “Türkiyə burda yoxsa da, mən burdayam və sizin cavabınızı verəcəyəm”, söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda bütün Türk dünyasının ürəyini fəth etmişdi. Eyni zamanda, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”, mövqeyi ilə Türk birliyi mesajını verdi Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycana verdiyi dəstəyə görə dövlət başçısı sosial şəbəkədə təşəkkürünü bildirib: «Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədirlər. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik. Şuşa Bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siz də, mən də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq».
PREZDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: «Türkiyə Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək»
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Antalya Diplomatiya Forumu -2024”-ün açılış mərasimində çıxışı zamanı “Türkiyə Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək”, - deməklə İrəvana mesaj göndərmiş oldu. Yəni Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla razılaşma əldə etməlidir. Bu o deməkdir ki, İrəvanın Türkiyə və Azərbaycan mövzularını bir-birindən ayırmaq siyasəti nəticə vermədi. Yəni Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla razılaşma əldə etməlidir. Bu o deməkdir ki, İrəvanın Türkiyə və Azərbaycan mövzularını bir-birindən ayırmaq siyasəti nəticə vermədi".
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, əslində, Ankaranın bu siyasəti Ermənistanın baş naziri Nikol Paşinyanın manevr imkanlarını artırmalı və o, erməni cəmiyyətini inandırmalıdır ki, iki qonşusu ilə problemlərin həlli və ölkəsinin regional əməkdaşlığa qoşulması Azərbaycanla sülh və ya çərçivə sazişinin imzalanmasından keçir. Politoloq onu vurğulayıb ki, Antalya forumunda çıxış edən prezidentin köməkçisi Hikmət Hacıyevin də Ermənistana mesajı olub: "Mesaj belədir ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, bunu yayanlar bölgədə sülh istəməyən mərkəzlərdir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan da Antalyadakı Forumda çıxış edərkən, Azərbaycanla Ermənistan münasibətlərini normallaşdırmağa çox yaxın olduğunu bildirib. Top yenə Ermənistanın meydanındadır".
Göründüyü kimi, bu gün iki güclü Liderlərin şad gündə, dar gündə bir-birinin yanında olması, müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir-birilərinə dəstək verməyin əsl örnəyini nümayiş etdirir və bundan sonra da bir olacaq. Çünki Azərbaycan-Türkiyənin sarsılmaz birliyinin, bu münasibətlərin maraqlara deyil, dəyərlərə əsaslanmasının dünyaya bir mesajı olmaqla, öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına güclü ölkənin güclü liderlərinin bu dəyərlərin gücü ilə çıxmaları və onlara öz yerlərini göstərmələridir. Və bu iki liderlərin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!
Bəli, bu gün Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubu Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs bundan yalnız faydalanacaq. Çünki Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır. Qarabağ savaşı Böyük Qələbəmizlə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir başlanğıca qədəm qoyur. O başlanğıcın adı Sülhdür! Sabitlik və İnkişafdır!
Bir sözlə, bu gün böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezislərinin bir daha reallıqda təsdiqinin təqdimatı oldu. Artıq bu kəlamlar sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Bu günə qədər bu iki dövlət qoşa qanad kimi, birlikdə addımlayıb, birlikdə bir çox möhtəşəm qələbələrə, nailiyyətlərə, uğurlara imza atıb, bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar və dövlət başçımızın dediyi kimi: «Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək!».
RƏFİQƏ KAMALQIZI