Erməni eksperti: "Ermənistan təslim olmuş ölkədir”
Ermənistan Zvartnots hava limanından rus sərhədçilərin çıxarılması ilə bağlı Rusiyaya rəsmi məktub göndərib. Erməni mediası bunu Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryana istinadən yazıb.
Qriqoryan bildirib ki, artıq Zvartnots hava limanında rus sərhədçilərinə ehtiyac qalmayıb.
Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri: "Ruslar getməlidirlər"
“Hakimiyyətin mövqeyi ondan ibarətdir ki, hava limanında Ermənistan sərhəd qoşunları xidmət göstərməlidir”, - deyə o bildirib.
Qeyd edək ki, artıq İrəvan yalnız aeroportda deyil, digər yerlərdə də Rusiya hərbçilərinin çıxmalarını Moskvadan tələb edir. Erməni ekspertləri belə vəziyyətin ölkə üçün yaxşı nə isə vəd edəcəyinə inanmırlar. Əksinə, Kremlin öc alacağını deyirlər.
Qaqik Ambaryan: "Ermənistan qəzəblənmiş Rusiyanın atacağı addımlara tab gətirə bilməyəcək"
"Rusiya erməniləri dəhşətli şəkildə cəzalandıracaq". Bunu isə erməni politoloq Qaqik Ambaryan mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan qəzəblənmiş Rusiyanın atacağı addımlara tab gətirə bilməyəcək. “Hətta Rusiya tərəfi xarici işlər nazirlərinin telefon danışığının öz təşəbbüsü ilə baş tutduğunu gizlətmir. Burada problem ondadır ki, təslim olmuş Ermənistan tab gətirə, Rusiyaya qarşı bu qədər onu ələ salan və həyasız davranış nümayiş etdirə bilməz. Amma bütün bunlara baxmayaraq, Rusiyanın regiondan çıxarılması prosesi son mərhələyə qədəm qoyub. Ruslar isə bütün bunları çox gözəl başa düşərək erməni tərəfinin manevr etməsinə, iki kresloda əyləşməsinə imkan verməməyə çalışırlar. Çünki Ermənistan təslim olmuş ölkədir”, erməmi ekspert bildirib.
Ambaryan onu da qeyd edib ki, ruslar Ermənistana gedəcəyi istiqaməti açıq şəkildə göstərməsi üçün ultimatum veriblər.
“Rusiyanın bu ultimatumla erməniləri dəhşətli şəkildə cəzalandıracağı bir həqiqətdir və bu reallıqdan qaçmaq qeyri-mümkündür”, - ekspert əlavə edib.
Afət Tahirqızı