Azərbaycan Prezidenti İlham Əliyev: “Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir”Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətli rolu var. Bu mənada Cənub Qaz Dəhlizi Azərbaycan üçün çox böyük iqtisadi və siyasi üstünlük gətirib. Lakin bu layihə 10 il öncə bir çoxları üçün xəyal kimi görünürdü və həyata keçilməsində şübhələri var idi. Halbuki Azərbaycan dövləti bu layihənin də reallaşmasında öz gücünü ortaya qoydu. Ölkə rəhbəri bu haqda martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib ki, Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif fikirlər var idi: “Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik”.
Məhz bu layihənin vasitəsi ilə Azərbaycanın Avropaya kommersiya məqsədli qazının nəqli mühüm tarixi hadisədir. Qeyd edək ki, Cənub Qaz Dəhlizi Azərbaycanın qaz ixracı baxımından meqa layihə hesab edilir. Ölkəmiz bu mürəkkəb layihəni uğurla icra etməyi bacardı və eyni zamanda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentləri əlaqələndirilib, istismara verilib. Eyni zamanda bütün bu işlər daha aşağı xərclə edilib. Dövlətimizin başçısının dediyi kimi, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır: “Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var”. Onu da qeyd edək ki, 2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalanıb. Bu Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. 27 iyun 2012-ci il tarixində Azərbaycanın Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 20 sentyabr 2014-cü ildə isə “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2015-ci il 17 mart tarixində Türkiyənin Qars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 17 may 2016-cı ildə Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. Bakıda 2018-ci il 29 may tarixində Cənub Qaz Dəhlizinin,2018-ci il 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qazboru kəmərinin açılışı olub. 2018-ci il30 iyun tarixində ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə nəqlinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. 31 dekabr 2020-ci ildə Azərbaycan təbii qazının TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb.
Cənub Qaz Dəhlizinin seqmentləri üzrə işlər qrafikə uyğun şəkildə icra edilib. Bu gün layihənin reallaşması TANAP vasitəsilə həyata keçirlir. Ölkə rəhbəri İlham Əliyevin fikrincə, həqiqətən də bu layihə enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. “On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir”,- deyə ölkə rəhbəri əlavə edib. Məlumat üçün bildirək ki, Cənub Qaz Dəhlizinin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.Cənab Prezident müsahəbəsində Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün beynəlxalq əməkdaşlığın önəminə də toxunub: “Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”. Məhz bu mənada Cənub Qaz Dəhlizinin həm də siyasi əhəmiyyəti var. Ona görə ki, bu layihəyə adı olan ölkələr arasında sıx əməkdaşlıq da yaranıb. Azərbaycan, Gürcüstan və Türkiyənin region ölkələri olaraq Cənub Qaz Dəhlizinin icrası zamanı əməkdaşlığı daha da güclənib. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizinin keçdiyi digər ölkələr arasında da özünü göstərib. Ölkə rəhbərinin iştirakı ilə Cənub Qaz Dəhlizi ilə bağlı marşurut boyunca olan ölkələrdə saysız açılış və təqdimatlar təşkil edilib. Boru kəmərinin keçdiyi ölkələrin liderləri layihənin baş tutmasında Azərbaycanın rolunu və mənbə ölkə olmasını qeyd edirlər. Bu işdə onlardövlətimizin başçısı İlham Əliyevin qətiyyətini xüsusi vurğulayırlar. Bütün bunları əlbəttə ki, Avropa liderlərindən eşitmək qürurvericidir.
Ümumiyyətlə, artıq Azərbaycan Avropada, dünyada qaz ixrac edən ölkə olaraq tanınır. Hazırda Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsi ilə bir sıra Avropa Birliyi ölkələrini qazla təmin etməsi dövlətimizin iqtisadi potensialının əsas göstəricisidir. Məhz bununla Avropa ölkələri alternativ təchizat mənbələrini əldə etmək imkanı qazanmış olurlar.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini