Tiqran Koçaryan: "Paşinyan Rusiya ilə düşmənçilik edir və bütün ölkəyə problem yaradır"
"Ermənistanda cərəyan edən proseslər 2018-ci illə əlaqəlidir". Bu sözləri erməni mətbuatına müsahibəsində siyasi ekspert Tiqran Koçaryan deyib. Koçaryan xatırladıb ki, hələ o zaman hakimiyyətdə olan ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistana səfəri zamanı Rusiyanın regiondan çıxarılması üçün hakimiyyətə yol xəritəsi təqdim etmişdi. Məhz bu baxımdan, Nikol Paşinyan Qarabağı Azərbaycana verməklə bu məsələni həll edəcəyinə ümid edirdi. Ancaq onun və havadarlarının proqnozları özünü doğrultmadı, çünki Rusiya (sülhməramlıları) 2025-ci ilə qədər Qarabağda qalacaq.
Ekspert paralel olaraq İran faktoruna da toxunub və bildirib ki, Tehran da bu və ya digər şəkildə Ermənistanın sərhədlərinin dəyişdirilməsinə imkan verməyəcəyini bəyan edir.
Qərb isə məqsədli olaraq Rusiyanın hərbi mövcudluğunu Sünikdən (Zəngəzurdan) çıxarmaq olduğunu sərgiləyir. Məlum olduğu kimi, Rusiya sərhəd mühafizəçiləri ilə Sünik (Zəngəzur), Meğri (Mehri), eləcə də Gorus və Sisyan (Dərələyəz) rayonundadır. "Paşinyan iqtidarı bütün imkanları ilə rus sərhədçilərinə qarşı antitəbliğat aparır. Baş nazir və komandası 19 noyabr sənədinin 9-cu bəndi ilə xalqı çaşdırmağa çalışır ki, Rusiya bizdən ərazi tələb edir. Təbii ki, belə bir şey yoxdur. Çox insan düşünürdü ki, Nikol Qarabağı təhvil verəcək və proses dayanacaq, sülh olacaq, amma bu, baş vermədi. Ermənistanda Rusiyanın varlığı müddətincə o (Nikol Paşinyan) sakit durmayacaq”, - deyə Tiqran Koçaryan qeyd edib.
Ekspert əlavə edib ki, Serj Sarqsyanın istefası həm daxildən, həm də xaricdən yetişməkdə idi. Proseslər başlayanda isə artıq bütün geosiyasi aspektlər işə salındı. Nəticədə, Gümrü mübahisə mərkəzinə çevrilib: "Nikolun Gümrüdən gəzməyə başlaması təsadüfi deyildi. Bildiyimiz kimi, orada Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Hansı ki, keçmişdə ən çox Qərb qrantı Gümrüyə daxil olub, ən böyük anti-Rusiya təxribatları da Gümrüdə baş verib. Nikol artıq satılıb. İndi o, özündən heç nə təqdim etmir, davranışı isə nə Qərbi, nə də Rusiyanı qane etmir. Bunu dərk edən Nikol, sadəcə, vabanka (toqquşmaya) gedir".
Deyirlər ki, Qərbin namizədi Nikolun əvəzinə təhlükəsizlik şurasının katibi Armen Qriqoryan olacaq. Ancaq buna əmin deyiləm. Çünki onun anti-Rusiya mövqeyi bütün sərhədləri keçib. Qərbin metodu Ukraynada olduğu kimidir. Yalan ittifaq dövləti ideyası Paşinyanın ixtirasıdır və ondan müqəvva kimi istifadə edir”.
Tiqran Koçaryan həmçinin düşünür ki, xarici siyasət kursunu şaxələndirmək olar, lakin bu, o demək deyil ki, digəri ilə münasibətlər gərginləşməlidir: “Paşinyan Rusiya ilə düşmənçilik edir və bütün ölkəyə problem yaradır. Rusiyalı hərbçi alim Ruslan Puxovun sözlərinə görə, Nikolun həyat yoldaşı Anna Akopyanın ukraynalı məktəblilərə apardığı iddia edilən planşetlər, əslində, Ukrayna silahlı qüvvələrinə pilotsuz uçuş aparatları kimi daxil olub. Əvvəllər Ermənistan açıq səma altında muzey idi, indi biz açıq səma altında sınaq poliqonuyuq".
"Deyək ki, Rusiya pis müttəfiqdir, amma biz niyə onlarla özümüzü düşmən etmək üçün növbəti addımı atırıq? Rus pis müttəfiq ola bilər, amma o, düşmən kimi çox dəhşətli də ola bilər. Heç bir ölkə Rusiya ilə düşmənçilikdən xilas olmayıb", - deyən erməni ekspert bəzi faktları əlavə edib: "Baxın, Gürcüstanda, Moldovada baş verənlər, Ukraynada baş verənlər. Bu, böyük ölkələrin cavabıdır. Neytral ölkə olmaq ideyası beyinsiz insanın məntiqidir. Biz, məsələn, Monqolustan, Yeni Zellandiya və ya başqa bir ölkə olsaydıq, yaxşı olardı, amma son məqsədi sonuncu ermənini məhv etmək olan Türkiyə və Azərbaycan kimi düşmənlərimiz olduğu üçün bloklara qoşulmayan dövlət haqqında düşünməməliyik. Çünki Azərbaycan Ermənistana hücum etsə, Türkiyə bu tərəfdən girsə, biz nə edəcəyik, kim xilas edəcək bizi? Fransa? Türkiyə və Fransa NATO üzvüdür. İki NATO ölkəsi bir-biri ilə döyüşəcəkmi?".
Məhz Türkiyə varlığını da önə çıxaran ekspert düşünür ki, Ermənistan Azərbaycan və Türkiyə üçün asan həzm deməkdir. "Hücum etsələr, biz nə edəcəyik? Qərb müdafiə edəcəkmi? Təbii ki, yox! Bizi udacaqlar. Biz təhlükəsizlik məsələlərimizi bu reallıqlara əsaslanaraq düzəltməliyik”.
Fransanın uğursuz dəstəyinə toxunan Tiqran Koçaryan bir əsr əvvəl Fransanın erməni kilikiyası üzərində mandatı olduğunu xatırladıb: "Erməni kilikiyası indi haradadır? Fransa bu gün Afrikadakı koloniyalarını itirir, bizi necə qoruyacaq? Makron Fransada ingilis agenti sayılır. Makron siyasətə biznesdən daxil olub, Rotşildlər üçün bankir işləyib. Bəs xarici kəşfiyyat rəhbəri, Ərdoğanın yaxın dostu Riçard Murun Ərdoğana yaxın olduğu, Paşinyanla tez-tez görüşən Ukraynada, Böyük Britaniyada kimlər səslənir? Makron erməniləri basdırmaqda və yenidən dəfn etməkdə çox ustadır, başqa heç nə onun işinə yaramır. Lazım olsa, Şarl Aznavuru məzardan çıxarıb bir daha dəfn edəcək", - deyə o istehza ilə bildirib.
Ekspert nəticəyə vararaq son etirafını belə izah edib: "Paşinyanın KTMT-dən çıxmasının dövlət sirrini açım, gəlsinlər məni mühakimə etsinlər. Buradan bəyan edirəm, KTMT-dən çıxmağın, düşmənçiliyin nəticəsi Ermənistanın məhvi olacaq. Ölkə və xalq tamamilə yox olmaq ərəfəsindədir”.
Afət Tahirqızı