Albaniya Azərbaycanın enerji sahəsində əməkdaşlıq etdiyi əsas ölkələrdən biridir. Belə ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləri kimi Cənub Qaz Dəhlizinin icrasında çox önəmli rol oynayır.
Cənub Qaz Dəhlizi layihəsi “Əsrin müqaviləsi” kimi Azərbaycanın enerji strategiyasının uğurlu nəticəsidir. Azərbaycan öz qonşuları, eləcə də tərəfdaşları ilə birlikdə hər zaman uğurlu yerli və beynəlxalq layihələr həyata keçirir. Cənub Qaz Dəhlizi bu kimi uğurlu beynəlxalq enerji layihələrindən biridir. Bütün bunlar Azərbaycan üçün bir tarixi nailiyyətdir. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində bir çox dövlətlərlə, o cümlədən Albaniya ilə də fəal əməkdaşlıq edir. Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bu haqda da danışıb: “Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir”. Qeyd edək ki, Məşvərət Şurası aktual məsələlərin müzakrə edilməsi və həlli üçün mühüm platformadır. Görünür, buna görədir ki, bu tədbirdə iştirak edən ölkələrin və təşkilatların sayı əvvəlkindən artıqdır. Ənənəvi olaraq bu toplantıda da iştirakçılar ideya və planları müzakirə edib, fikir və təkliflərini irəli sürüblər. Toplantı açılış sessiyasından sonra işini “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam etdirib. Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirilib. Tədbir çərçivəsində yaşıl enerji sahəsində sənədlər imzalanıb. Müstəqlliyimizin ilk illərində olduğu kimi Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirən Dövlət başçısı cənab İlham Əliyev Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd etmişdir. Səfər zamanı Ölkə başçısı bu dəstəyi yüksək qiymətləndirərək demişdir: “Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız bizim əlaqələrimizi gücləndirir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”. Göründüyü kimi, Müstəqil Azərbaycan bir çox ölkələrlə dövlət müstəqilliyi meyarları əsasında qarşılıqlı əlaqələrini genişləndirməkdə davam edir. Albaniya-Azərbaycan dostluğu və əməkdaşlığı, ümumiyyətlə, qarşılıqlı əlaqələrin böyük etimada əsaslandığını hər addımda sübut etməkdədir. Ölkə başçısının iştirakı ilə bu ölkənin dövlət rəhbərləri ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlər iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də ölkələrarası münasibətlərdəki dostluq və həmrəyliyində əyani təzahürüdür.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri