Tarix boyu Azərbaycan qadını müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.
Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan qadınları seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Çox sürətlə maariflənən qadınlarımız 100 illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Azərbaycanın keçmişinin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir xanımlarımız öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ümummilli lider Heydər Əliyev tərəfindən mövcud istiqamətdə strateji prioritetləri müəyyən etmək üçün çoxlu sayda Fərman və Sərəncamlar imzalanmışdır. Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq məqsədilə Azərbaycan Respublikasının 30 iyun 1995-ci il tarixində qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə 14 yanvar 1998-ci il tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayan ümummilli lider Heydər Əliyev eyni tarixdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılması haqqında Fərman imzalamışdır.
Xalqımızın ümummilli liderinin siyasi kursunu hər bir sahədə uğurla davam etdirən cənab Prezident İlham Əliyev bu istiqamətdə də böyük işlər görmüşdür. Dövlət başçısı cənab İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Gender bərabərliyinin təmin edilməsi üçün kamil qanunvericilik bazası yaradılmışdır. Eyni zamanda, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Nəticədə bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.
Qeyd edək ki, eyni zamanda qadın hüquqları bir sıra məcəllələrlə də təsbit olunmuşdur. Qəbul olunmuş bir sıra dövlət proqramları, həmçinin “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının qadın əməyi sahəsində qəbul etdiyi bir çox konvensiyalara qoşulmuşdur. Azərbaycanda gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Xanımlarımız mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Ümumiyyətlə, ölkəmizdə qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti bir nümunədir. Mehriban xanım öz genişmiyaslı və səmərəli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan qadınına hər zaman xüsusi diqqət və qayğı vardır. 8 Mart - Beynəlxalq Qadınlar Gününün Azərbaycanda rəsmi bayram günü kimi qeyd olunması və hər il bayram günü ərəfəsində dövlət başçısının 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlaması, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verməsi, digər bir qrupunun isə orden və ya medallarla təltif edilməsi məhz Azərbaycan qadınına olan xüsusi diqqətin əyani təzahürüdür.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini