PDF Oxu

Siyasət

  • 5 682

Azərbaycan qadını şücaətli və mərddir - ŞƏRH

Azərbaycan qadını şücaətli və mərddir - ŞƏRH

Bu gün bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur. Qadınlar günü Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb. 1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Vətən müharibəsində əldə olunan tarixi zəfərdə qadınların əvəzsiz rolu olmuşdur. Qarabağ uğrunda canından keçən şəhidlərimizi, vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır. Qadın həkimlərimiz, tibb bacıları gecə-gündüz, yorulmadan ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşən əsgərlərimizə dəstək olmuş, könüllü olaraq müharibə zonasına yollanmış, yaralıların öz sağlamlıqlarına qovuşması üçün əllərindən gələni etmişlər. 44 günlük vətən savaşında iştirak edən və II Qarabağ müharibəsinin yeganə şəhid-qadını olan, hərbi-feldşer Arəstə Baxışovadır. Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı istiqamətində gedən döyüşlər zamanı yaralı hərbçilərimizə tibbi yardım göstərərkən şəhidlik zirvəsinə ucalmışdır. Vətənin müdafiəsi, üçrəngli bayrağımızın və torpaqlarımızın bütövlüyü, azadlıq və istiqlaliyyəti uğrunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Birinci və İkinci Qarabağ müharibələrində xalqımızın neçə-neçə vətənpərvər, cəsur, mərd oğulları, qızları Qarabağımızın hürriyyətə qovuşması üçün qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldılar. İkinci Qarabağ müharibəsində qazanılan zəfərimizdə, 30 il sonra geri alınan torpaqlarımızın hər qarışında igidliklə vuruşaraq şəhid olan 3000-ə yaxın şəhidimizin qanı, hər birinin fərqli qəhrəmanlıq salnaməsi var. Vətənə olan sevgisi, kiçik yaşda hərbçi olmaq xəyalı müharibənin başlanması ilə sanki Arəstəni bu arzusuna yaxınlaşdırdı.

Bu gün minlərlə Azərbaycan qadını Arəstə kimi daima vətənin müdafiəsinə hazırdır. Bayramınız mübarək, əziz qadınlar!

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər