PDF Oxu

Siyasət

  • 3 376

Stanislav Pritçin: Ermənistanın bu siyasəti onun təhlükəsizliyini təmin etməyəcək - MÜSAHİBƏ

Stanislav Pritçin: Ermənistanın bu siyasəti onun təhlükəsizliyini təmin etməyəcək - MÜSAHİBƏ

“Ermənistan siyasətini eyni məcrada davam etdirsə, o zaman gec-tez Rusiya böyük ehtimalla İrəvanla bağlı sərt bəyanatlardan əməli fəaliyyətə keçəcək”

.

Son aylarda Ermənistan-Rusiya münasibətləri gərginliyin pik həddinə çatıb. İrəvanın anti-Rusiya siyasəti və götürdüyü aşkar qərbyönümlü kurs Moskvada ciddi qıcıq doğrurur və Kreml cavab tədbirləri görmək məcburiyyətində qalır. İki ölkə arasındakı getdikcə artan gərginlik nəyə səbəb ola bilər? Ermənistan KTMT-dən və Aİİ-dən çıxa bilərmi? Rusiyalı ekspert, Rusiya Elmlər Akademiyasının Yevgeni Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin “Caliber” analitik mərkəzinə müsahibəsində bu məsələlərə aydınlıq gətirib. Ekspertin müsahibəsini oxucularımıza təqdim edirik.

- Son vaxtlar İrəvanda bir çox insanların arzusunda olduğu Ermənistanın Avropa İttifaqına daxil olması ehtimalını qəbul edirsinizmi?

- Obyektiv olaraq, İrəvanın Avropa İttifaqına üzvlüyünün mümkünlüyü uzunmüddətli perspektiv kimi görünür. Məsələ ondadır ki, Aİ-nin müəyyən meyarları var- bunlar həyat səviyyəsi, demokratiya standartları, iqtisadiyyat və başqa çox şeydir və Ermənistan, əlbəttə ki, heç bir halda namizəd sayıla biləcək ölkə deyil.

Bəli, bu gün Gürcüstan istisna olmaqla, siyasi səbəblərdən Aİ-yə namizədlər siyahısına əvvəlcədən daxil edilmiş Ukrayna, Gürcüstan və Moldova halları var və Ermənistanın misalında onun da siyasi səbəblərdən AB üzvlüyünə namizəd dövlətə çevrilməsi ehtimalı var. Amma bu, heç də o demək deyil ki, Ermənistan siyasi səbəblərdən bu strukturun tamhüquqlu üzvü olacaq.

- Üstəlik, ölkə Avrasiya İqtisadi İttifaqının üzvü olduğu bir halda?

- Bəli. Ermənistanın Aİİ-yə üzvlüyü də ictimai erməni siyasi dairələri müstəvisində müzakirə olunmayan maraqlı aspektdir. KTMT-yə qarşı davamlı tənqidlər səslənsə də, Aİİ ilə bağlı sükut var. Mənə elə gəlir ki, Ermənistanın Aİ-yə namizəd statusu birbaşa onun Aİİ-dən çıxması ilə bağlı olacaq. Ermənistanın buna hazır olub-olmaması böyük sualdır. Axı, bildiyiniz kimi, Ermənistan Aİİ-də bir çox müxtəlif imtiyazlara malikdir, o cümlədən erməni əmək miqrantlarının patentsiz işləmək imkanı, Rusiya ilə rüsumsuz ticarət və s. Möhkəm üstünlüklər paketindən məhrum olan Ermənistan nəhəng iqtisadi çətinliklərlə üzləşəcək və bu çətinliklər Aİ-nin heç bir köməyi ilə kompensasiya olunmayacaq. Deməli, bu, Ermənistan üçün yolda çox ciddi əngəldir və mən deyərdim ki, KTMT-dən çıxmasından daha fundamentaldır.

- Sizcə, Ermənistan KTMT-dən çıxmaq qərarına gələcəkmi?

- Proqnoz vermək çətindir, bir tərəfdən biz KTMT-yə qarşı davamlı tənqidi görürük, lakin eyni zamanda Ermənistanın bu təşkilatdan yekun şəkildə çıxması məsələsi gündəmə gətirilmir. Üzvlük dondurulur, təmsilçilik ləğv edilir, bir sözlə oyun oynanılır. Düşünürəm ki, bir çox cəhətdən yekun qərar Rusiyanın qətiyyətli addımlarından, Ermənistana qarşı real sərt addımlar atıb-atmayacağından asılı olacaq. Bu da hələlik böyük sualdır. Buna baxmayaraq, etiraf edirəm ki, Ermənistanın KTMT-dən çıxması mümkündür.

- Bəs Moskvadan İrəvanla bağlı hansı əməli hərəkətlər ola bilər?

- Hələlik, biz xarici işlər naziri Sergey Lavrov səviyyəsində Moskvanın ritorikasının sərtləşməsini görürük ki, bu da Ermənistan siyasətindən narazılığın bariz göstəricisidir. Və əgər Ermənistan siyasətini eyni məcrada davam etdirsə, o zaman gec-tez Rusiya böyük ehtimalla İrəvanla bağlı sərt bəyanatlardan əməli fəaliyyətə keçəcək. Ancaq görünür, Ermənistan Rusiya sərhədçilərinin ölkədən çıxarılması ilə bağlı anti-Rusiya demarşlarına haqq qazandırmaq üçün Rusiya Federasiyasından hansısa sərt addımlar atmasını istəyir və sonra özünü doğrultmaq istəyir ki, bəs, görürsünüz biz çıxmaq istəmirdik, amma KTMT bizi onu tərk etməyə məcbur edir. Yəni, bu həm də məsələnin yekun həlli üçün məsuliyyətin bir növ yerdəyişməsidir. İrəvanda Rusiya hərbi bazasının çıxarılması təklifləri havada olsa da, hələ ki, elan edilməyib, müvafiq olaraq Ermənistan-Rusiya münasibətlərinin tamamilə pozulduğu halda belə bir ssenari də mümkün ola bilər.

- Sizcə, Ermənistanda Fransa hərbi bazalarının yaranması mümkündürmü?

- Bu da mümkündür. Baxmayaraq ki, Fransa bazalarının yerləşdirilməsi Ermənistanın regionda təhlükəsizliyini təmin etməyəcək.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər