Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.
Bu gün isə müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliklə bərabər səviyyədə ölçülməkdədir. İndiki geosiyasi reallıqlar fonunda dövlətlər üçün enerji təhlükəsizliyinin önəmi daha da artıb. Ədalətli enerji siyasəti həyata keçirən Azərbaycanın ayrı-ayrı ölkələrin, o cümlədən də Avropa İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanda istehsal olunan təbii qaz 8 ölkəyə ixrac olunur ki, onlardan 6-sı Avropa dövlətidir.
Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı "Euronews" televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər bir daha onu göstərdi ki, Azərbaycanın nəyinki regionda, həmçinin dünya enerji bazarında ən önəmli yerlərdən birini tutmaqdadır.Cənab Prezidentin qeyd etdiyi kimi Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi: "Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi”. Dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olması bildirilmişdir.
Onu da qeyd edək ki, bu, prestij məsələsi olmaqla bərabər, dövlətlərin, onların hökumətlərinin, regional idarəedicilərin, bələdiyyələrin, özəl sektorun və sadə vətəndaşların birgə səyləri ilə mümkün olan bir əməkdaşlıq formuludur. Bütün bunlar yeni dövrümüzün reallığıdır, eyni zamanda, həm iqtisadiyyatın inkişafında yeni texnologiyaların tətbiqini, həm də təkcə özünü deyil, başqalarını da düşünən cəmiyyət üzvlərinin mədəni həyatındakı imperativlərin yaratdığı obyektiv bir mənzərədir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri