Əli Kərimli və Cəmil Həsənli sərsəm bəyanatlarla çıxış etməklə cəsus media şəbəkəsi ilə eyni maraqları bölüşdüklərini nümayiş etdirirlər
Hüquqi, demokratik dövlət quruculuğunda inamla irəliləyən Azərbaycanda demokratiyanın vacib amillərindən hesab olunan söz və mətbuat azadlığının təmin olunması başlıca istiqamətlərdəndir. Çoxsaylı azad mətbu orqanın fəaliyyəti, jurnalistlərin istədikləri mövzuda istədikləri formada yazılar yazmaları, tənqid mövzularda fikirlər, şərhlər ifadə etmələri ölkəmizdə müstəqil, azad mətbuatın, jurnalistikanın formalaşdığından xəbər verir. Təbii ki, bu halda kimsə deyə bilməz ki, məhz jurnalist fəaliyyətinə və ya yazdığı yazılara görə hansısa iradla, təzyiqlə üzləşib. Dövlətimiz bir növ jurnalistlərin himayəçisidir. Təəssüflər olsun ki, bəzi media orqanları yaradılan şəraitdən, imkandan öz çirkin məqsədləri üçün istifadə etməklə xoşməramlı missiya yerinə yetirən Azərbaycan jurnalistikasını gözdən salmağa çalışırlar. Araşdırmalarla sübuta yetirilir ki, həmin jurnalist toplumu xarici şəbəkənin təsiri altında olan media təmsilçiləridir. Yəni, pul qarşılığında jurnalist adını ləkələyirlər. Son vaxtlar “Abzas Media” və Toplum TV ətrafinda yaşanan hadisələr qeyd olunanlara misal ola bilər. İstintaq araşdırmaları ilə təsdiq olunub ki, hər iki media təmsilçiləri qanunlara zidd olaraq qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olublar. Martın 6-da "Toplum TV"nin ofisində aparılan axtarış zamanı istintaq üçün bir sıra vacib olan sənədlər aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Bakı şəhəri Xətai Rayon Məhkəməsi “Toplum TV” işi üzrə saxlanılanlar barədə həbs qətimkan tədbiri seçib. Bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib. Qərarla Akif Qurbanov 4 ay, Ramil Babayev 4 ay, İlkin Əmrahov isə 4 ay müddətə həbs olunublar. Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının idarə heyətinin üzvü Ruslan İzzətli də keçirilən əməliyyat tədbirlərindən sonra davam edən araşdırmalar çərçivəsində saxlanılıblar. Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qərbin qarayaxma kampaniyası Azərbaycandakı cəsus media şəbəkəsinə dəstək xarakteri daşıyır
“Toplum TV”-nin ofisində axtarış-əməliyyat tədbirlərinin həyata keçirilməsi Qərb institutlarının medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri Azərbaycan qanunlarına zidd şəkildə maliyyələşdirməsinə dair ciddi dəlillərin müəyyən edilməsi ilə bağlıdır. Faktlar geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyalarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir. Maliyyə Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb. Proses zamanı Şərq ölkələrində terror təşkilatlarının da istifadə etdiyi üçüncü tərəflərə həvalə mexanizmi, adsız kartlardan geniş istifadə olunub. Bu vəziyyət bir daha göstərir ki, Qərbin bəzi dairələri Azərbaycanla bağlı fəaliyyətini nəinki səngitməyib, əksinə, ölkəmizdə qarışıqlıq yaratmaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Prosesdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onun rəhbəri Samanta Pauer başda olmaqla Qərb fondları, hüquq-müdafiə təşkilatları, mediası mühüm rol oynayır. Nəzərə alınmalıdır ki, son vaxtlar ABŞ-ın və Avropanın bir sıra media orqanları Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, əsassız ittihamlarla dolu materiallar dərc edirlər. Bütün bu kimi fəaliyyət bir növ Azərbaycandakı cəsus media şəbəkəsinə dəstək xarakteri daşıyır. Prosesin sxemi isə belə təsvir oluna bilər: Əvvəlcə şəbəkə qurulur və onların vasitəsilə daxildə qarışıqlıq yaradılır. Mövzu Qərb mediası və qeyri-hökumət təşkilatlarının gündəminə gətirilir. Daha sonra isə rəsmi müstəviyə keçirilir. Bununla da Azərbaycanın beynəlxalq ictimaiyyətin hədəfinə çevrilməsinə cəhdlər göstərilir. Əvvəllərdə analoji çirkin addımlar atılıb. Yəni, Azərbaycanda keçirilən beynəlxalq miqyaslı tədbirlər ərəfəsi, eləcə də seçkilər dövründə Qərbin media orqanları və ictimai təşkilatları ölkəmizə qarşı aktiv qarayaxma kampaniyası təşkil etmişdilər. Eyni ssenari yenidən təkrarlanır. Azərbaycanda fəaliyyət göstərən “Media Abzas”, Toplum TV və bu kimi xaricdən maliyyələşən digər media orqanları ölkəmizin demokratik imicini ləkələmək üçün hər cür çirkin vasitə və üsullardan istifadə edirlər.
Yenə də Əli Kərimli və Cəmil Həsənli qarayaxma kampaniyasının önündədirlər
Fakt ondan ibarətdir ki, ölkəmizdə törədilən istənilən pozucu aktların, təxribatların arxasında dağıdıcı müxalifət dayanır. Yəni, hansı təxribat xarakterli daşı qaldırsan altından AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, Milli Şuranın rəhbəri Cəmil Həsənli və onların ətrafında olan trollar çıxacaq. Yenə də yanlışlıq olmadı. Məlum oldu ki, “Media Abzas”ın və Toplum TV-nin fəaliyyətlərinin tənzimlənməsində sözügedən müxalif ünsürlərin dəstəyi olub. İndi də öz dəstəklərini əsirgəmirlər. Bu dəfə Ə.Kərimli və C.Həsənli sərsəm bəyanatlarla çıxış etməklə cəsus media şəbəkəsi ilə eyni maraqları bölüşdüklərini nümayiş etdirirlər. Rüsvayçı hal ondan ibarətdir ki, AXCP və Milli Şura bəyanat adlı cızma-qaranı yayarkən bir-birini təkzib ediblər. Daha doğrusu, Ə.Kərimli bilərəkdən və ya bilməyərəkdən məlum cinayət əməlinə görə həbs edilən Qubad İbadoğlunu jurnalist olaraq təqdim edib, onun da Toplum TV əməkdaşı kimi həbs edildiyini iddia edib ətrafında hay-küy qaldırır. Ə.Kərimli “Abzas Media”nın əməkdaşlarının saxlanılmasını da bəyanatına əlavə edib və nə dediyini özünün də qanmadığı fikirlər ifadə edir: “2023-cü ilin sonlarında “Abzas Media”ya, indi isə Toplum TV-yə olan inzibati basqın da məhz buna xidmət edir. Bu media orqanlarının hər ikisi fəaliyyətini ölkənin daxilindən qurmuşdu və onların bu fəaliyyət imkanından məhrum edilməsi ölkədə söz azadlığının bir az da artıq boğulmasıdır”.
Trollar çirkli pulların yuyulmasında iştirakçı olduqlarını etiraf edirlər
Bu arada diqqətçəkən məqam ondan ibarətdir ki, AXCP, Müsavat və Milli Şurada kök salan pozucu qüvvələr pərdəarxası təxribatlarını açıq müstəviyə keçiriblər. Hətta haradan və necə maliyyə yardımları əldə etdiklərini də dilə gətirirlər. Bu isə bəzi trollarla rəhbərlik arasında maliyyə konflikti yarandığını göstərir. AXCP-dəki fəal trollardan hesab olunan Fuad Qəhrəmanlı bəyan edib ki, onlar Qərbin maliyyə qaynaqlarından yardımlar alınmasını qanunsuz hesab etmirlər: “Media orqanlarının da Qərbin maliyyə fondlarında maliyyələşməsi müsbət hal kimi qiymətləndirilməlidir”. F.Qəhrəmanlı sözarası Qərbin donor fondlarından maliyyələşən “Abzas Media” və Toplum TV əməkdaşlarının həbs olunmasının müxalifətin informasiya təbliğatına təsir edəcəyini söyləyib: “Qərb donor fondlarından maliyyələşən media quruluşlarına və qruplara qarşı həbslər həyata keçirməkdədir. Bundan bir qədər əvvəl hakimiyyətə baglı saytlarda yayımlanmış xüsusi hazırlanmış bir məqalədə ölkədə Qərb donor fondlarına bağlı təqribən 18 qrupun olduğu bildirilirdi. İqtidar mətbəxində hazırlanmış bu məqalədən belə görünürdü ki, hakimiyyəti inanır ki, bu qruplar müxtəlif sahələr üzrə fəaliyyət göstərsələr də, onların hamısı eyni mərkəzdən idarə olunurlar”.
F.Qəhrəmanlı bu tip statusu ilə narahatçılığını dilə gətirmiş olur. O mənada ki, ifşa olunduqlarını anlayır. Dərk edir ki, cəmiyyət dağıdıcı müxaliflərlə cəsus media orqanlarının eyni mərkəzdən idarə olunduqlarını başa düşür. Bu baxımdan, F. Qəhrəmanlının aradan çıxacağı şübhə doğurmur.
İLHAM ƏLİYEV