PDF Oxu

Siyasət

  • 1 657

Müsəlman dünyası bir arada TƏHLİL

Müsəlman dünyası bir arada TƏHLİL

Prezident İlham Əliyev: "XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır"

Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan bu sahədə mühüm platformaya çevrilən məkandır. "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq konfrans bunun daha bir real təcəssümüdür. Bütün dünyada getdikcə artmaqda və gündəmdə olan islamofobiya probleminin müzakirə etmək üçün dünya müsəlmanları Azərbaycanda bir araya gələrək çox təhlükəli olan məsələni müzakirə etmiş oldular. Azərbaycan islamofobiyaya qarşı mübarizəyə həsr olunan yüksək səviyyəli müxtəlif tədbirlər keçirib, nümunəvi addımlar atıb. Bakıda artıq ikinci dəfədir keçirilən konfransda beynəlxalq səviyyədə islamofobiyaya qarşı mübarizə kontekstində yaşadığımız dövrdə ayrı-seçkilik, islamofobiyanın günümüzün reallığına çevrildiyi diqqətə çəkilib.Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda bugünkü tədbirin İslam aləmi üçün mübarək Ramazan ayının başlaması və "İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü" ərəfəsində keçirilməsinin rəmzi məna kəsb etdiyini bildirib. "Təəssüflər olsun ki, dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır. İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur.
Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir" – deyə bildirilib.
Müasir dünyada baş verən siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqişələr, bəzi ölkələrdə islamofobiyanın yayılması islam dünyasında həmrəyliyin zəruriliyini bir daha əyani surətdə göstərir. Belə şəraitdə Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir. Bu gün Azərbaycan islam həmrəyliyi ideyalarına və mədəniyyətlərarası dialoq ənənələrinə sadiqdir. Azərbaycan islami dəyərlərə, islam dininə bağlı dövlətdir. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır.

"ANTİ-İSLAM TƏZAHÜRLƏRİNİN 80 FAİZİ QƏRB ÖLKƏLƏRİNİN PAYINA DÜŞÜR"

Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizinin Qərb ölkələrinin payına düşdüyünü qeyd edən Cənab Prezident islamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız "Qurani-Kərim"in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlərin söz azadlığı kimi qələmə verildiyin diqqətə çatdırıb: "Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir. "Dünyəvilik" adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir. Bu ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır".
Müsəlmanların hisslərini təhqir edən bu cür təzahürlərlə mübarizə aparmaq, cinayətkarları məsuliyyətə cəlb etmək əvəzinə, həmin ölkələrin hökumətləri islamofob əhvali-ruhiyyəni daha da qızışdırdığını bildirən dövlətimizin başçısı qeyd edib ki, müsəlmanlara qarşı təqibləri təlqin edir və bu kimi mövzuları davamlı olaraq gündəlikdə saxlamağa çalışırlar. "Təəssüflər olsun ki, özlərini demokratik adlandıran bəzi Qərb təsisatları da anti-İslam fəaliyyətini həyata keçirirlər. Bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən platformalara çevrilmişdir".

"İSLAM İRSİNƏ QARŞI ERMƏNİ VANDALİZMİNİN ÇOXSAYLI YENİ NÜMUNƏLƏRİ ORTAYA ÇIXIR"

Müasir dünyada bir çox müsəlmanın islamofobiyanın qurbanı olmağı böyük təəssüf doğurur. İslamofobiyanın dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiyadır.Müsəlmanlara qarşı nifrət insan hüquqlarına zidd bir addımdır. Ədalətli, sülh içində bir dünya yaratmaq üçün bütün insanlar qeyri-tolerantlığa qarşı mübarizə aparmalıdır."İslam sülh, mərhəmət, dözümlülük və ədalət dinidir. Dünya xəritəsinə baxdıqda, terrordan ən çox əziyyət çəkənlərin məhz müsəlmanlar olduğunu görə bilərik. Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir. Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır. İlkin araşdırmalara görə işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır", – deyə məktubda bildirilib.
Bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı faktları aşkar edildiyi də diqqətə çəkilib. Azərbaycan multikulturalizm ideyasını irəli sürdüyü vaxtda, Ermənistan tərəfindən işğal dövründə saysız-hesabsız abidələrimiz dağıdılmışdır. Qarğabazar kəndində Cəlil türbəsi, Aşağı Veysəlli kəndində Mirəli turbəsi, Qocəhmədli kəndində məscid binası, Horadiz kəndində məscid binası, Horadiz kəndində İmamzadə türbəsi, Fuzuli şəhərində məscid binası, Aşağı Aybasandı kəndində İbrahim türbəsi və s. onlarla belə tarixi əhəmiyyətli abidələr işğal dövründə erməni vandallığına məruz qalmışdı. Ermənistanın işğalı nəticəsində saysız mədəni abidələr dağıdılmışdır. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılmışdır ki, xarici ekspertlər onu "Qafqazın Xirosiması" adlandırıblar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. Bütün bunlar Ermənistan tərəfindən Azərbaycana qarşı olan ərazi iddiasının nəticəsində baş vermişdir. Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənələrini, onun mədəni kökünü özündə ehtiva edir. Amma Bakıda erməni kilsəsi qorunub-saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir. "Bu cür həqarət aktları yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edir. Eyni zamanda, Ermənistan ərazisində yerləşən Azərbaycanın İslam tarixi-mədəni irsinin məhv edilməsi böyük məyusluq doğurur. Azərbaycan UNESCO-ya müraciət edərək Ermənistanda illər ərzində dağıdılmış mədəni və dini abidələrimizin vəziyyətinin qiymətləndirilməsinin aparılması məqsədilə bu ölkəyə texniki missiyanın göndərilməsinə çağırış etmişdir. Əfsuslar olsun ki, UNESCO indiyə kimi bu çağırışa cavab verməmişdir", – deyə məktubda qeyd edilir.

"ÖLKƏMİZDƏ MİLLİ SƏRVƏT KİMİ QORUNAN DİNİ BƏRABƏRLİK VƏ İNKLÜZİVLİK AZƏRBAYCAN XALQININ HƏYAT TƏRZİDİR"

Bu gün Azərbaycan dünyada multikulturalizmin ən mükəmməl modelini yaradıb. Artıq bu model ən inkişaf etmiş ölkələrin ali məktəblərində tədris olunur, elmi mərkəzlərdə öyrənilir, təhlil edilir. Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Prezident Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr etdiyimizi qeyd edib: "Burada bütün dinlərin və etnik qrupların nümayəndələri əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə milli sərvət kimi qorunan dini bərabərlik və inklüzivlik Azərbaycan xalqının həyat tərzidir, onun güc mənbəyidir. Bundan irəli gələrək, təbiidir ki, multikultural dəyərlərə hörmət bizim dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir.
Ölkəmiz dünya miqyasında da sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi üçün əlindən gələni əsirgəmir. Azərbaycan müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalar və mədəniyyətlərarası dialoq zəminində davamlı olaraq bir çox qlobal təşəbbüslər irəli sürür. May ayında Bakıda keçiriləcək və artıq yaxşı ənənəyə çevrilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bunun bariz nümunələrindəndir".

"DİNDƏN SİYASİ MƏQSƏDLƏR ÜÇÜN İSTİFADƏ YALNIZ CƏMİYYƏTLƏR DAXİLİNDƏ NİFAQ VƏ QARŞIDURMA YARATMAĞA XİDMƏT EDİR"

Konfransda qeyd olunduğu kimi, müsəlmanlara qarşı təzyiqlərin, ayrı-seçkilik hallarının qarşısını almaq üçün müxtəlif tədbirlər görülməlidir. Dünyada İslam dininə qarşı qərəzli münasibətə, mənfi tendensiyalara adekvat cavablar verilməlidir. Ona görə də islamofobiya ilə mübarizənin əhatə dairəsi genişləndirilməlidir.
Multikulturalizmin yaşam tərzi kimi beynəlxalq əhəmiyyəti müasir dünyamızda son dərəcə həyati əhəmiyyət kəsb edir. Bu gün artıq ölkələr, xalqlar dərk edirlər ki, kütləvi qırğın silahlarının durmadan artdığı bir zamanda əməkdaşlıq, mədəniyyətlərarası dialoq vacib məsələlər sırasındadır. Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub."XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır" – deyə qeyd edən Prezident bildirib ki, dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır".
Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" konfransı dünyada müsəlmanlara qarşı ayrı-seçkilik və qərəzli münasibətin narahatlıq doğurduğu zamanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər