Son illərdə Azərbaycan ilə Qazaxıstan arasında ortaq səylər nəticəsində münasibətlər daha açıq və hərtərəfli xarakter daşıyır. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Dövlət başçılarının rəsmi qarşılıqlı səfərləri, eləcə də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də Azərbaycan Respublikasına dövlət səfəri münasibətlərin yüksələn xətlə inkişafının təzahürüdür.Xatırladaq ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra türkdilli ölkələrlə, xalqlarla yaxınlaşması, eyni genetik, tarixi köklərə malik olduğumuz dövlətlərlə daha da yaxından təmas qurması üçün müxtəlif siyasi-iqtisadi, mədəni-humanitar platformalar meydana gəldi, iş birliyi rəsmiləşdirən müqavilələr imzalandı. Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir. Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Qazaxıstanla olan əlaqələrini misal göstərmək olar. Qazax və Azərbaycan xalqları bir çox sınaqlardan keçiblər. Ortaq köklər, yaxın dillər, oxşar mədəniyyətlər xalqları bir-birinə bağlayır.
Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.
MÜTTƏFİQLİK MÜNASİBƏTLƏRİ
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir. Komissiyanın indiyədək 20 iclası keçirilib. Sonuncu iclas isə bu ay Astanada baş tutub. İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" və 2005-ci il mayın 24-də Bakıda imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" ilə daha da möhkəmləndirilib. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlərin imzalanması ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir. Əlbəttə ki, çoxşaxəli əməkdaşlığı möhkəmləndirmək üçün iki xalq arasında münasibətləri qorunub saxlanılıb və daha da möhkəmlənib. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının "Altın kıran" – "Qızıl qartal" ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının daha bir təsdiqidir. Eyni zamanda, ölkə rəhbərinin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.
SƏMƏRƏLİ QARŞILIQLI ƏMƏKDAŞLIQ
Bu gün Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir sıra aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelər tuturlar. Qazaxıstan və Azərbaycan ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir. 2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir. 2022-ci ilin sonlarında Aktauda imzalanan Azərbaycan, Qazaxıstan, Türkiyə ərazilərində Orta Dəhlizin inkişafı üzrə 2022−2027-ci illəri əhatə edən Yol Xəritəsi bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. İki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. "SOCAR Midstream Operations" MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından "Prezident Heydər Əliyev" tankerinə ilk yüklənməsi ötən il martın 21-də, "Şuşa" tankerinə ikinci yüklənməsi isə martın 28-də həyata keçirilib.
Siyasi, iqtisadi-ticari, tranzit-nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində sistemli iş həyata keçirilir. 2020-ci ildən etibarən ölkələr arasında ticarət dövriyyəsi təxminən 5 dəfə artıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı, Qazaxıstandan Azərbaycan bazarına buğda tədarükü bu sıraya daxildir. Dövlətlərarası energetika sahəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.
QARABAĞIN BƏRPASINA VERİLƏN TÖHFƏ
Qazaxıstan dost ölkə olaraq Qarabağın bərpasına da töhfələrini verir. Xatırladaq ki, 2022-ci ilin avqust ayında Qazaxıstan Prezidentinin Bakıya səfəri zamanı hədiyyə olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini bildirmişdir.Artıq Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib. Bu müəssisə ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin daha bir simvoludur. Yaxın gələcəkdə Qazaxıstan şirkətlərinin iştirakı ilə bir sıra layihələr də həyata keçiriləcək. Bununla yanaşı, Qazaxıstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlı olan dövlətdir.
Qazaxıstan ənənəvi olaraq Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin diplomatik yollarla nizamlanmasının tərəfdarıdır, habelə tezliklər sülh müqaviləsi bağlanmasına dair səyləri alqışlayır.
DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏRDƏ YENİ MƏRHƏLƏ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də mətbuata bəyanatlarla çıxış ediblər. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub. Hər iki dövlətin Prezidentləri tərəfindən "Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı" imzalanıb.
"Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə "Damu" Sahibkarlığın İnkişafı Fondu" Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "KazMunayQaz" Milli Şirkəti" Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum"u və "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "KazMunayQaz" Milli Şirkəti" Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş"i və s imzalanıb. Eyni zamanda "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında 2024-2025-ci illər üçün Tədbirlər Planı"nı "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyətinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş"inin imzalanması dövlətlərarası münasibətlərin davamlığını və daha dərinləşməsinə töhfə verəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI