PDF Oxu

Siyasət

  • 1 481

Xəyal adlandırılan Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin uzaqgörən siyasi iradəsi sayəsində reallaşdı - ŞƏRH

Xəyal adlandırılan Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin uzaqgörən siyasi iradəsi sayəsində reallaşdı - ŞƏRH

Əməkdaşlığa regional çərçivədən başlayan Azərbaycan bu gün artıq çoxtərəfli əməkdaşlığın başlanğcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsinə nail olub. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasını bu günədək görülən işlərin zirvəsi kimi dəyərləndirən cənab İlham Əliyev belə bir reallığı da böyük əminliklə qeyd edir ki, Azərbaycan hər bir layihəni uğurlu sonluqla başa çatdırır. Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları enerji sektorunda qazandığımız uğurların, onlara yol açan düşünülmüş və məqsədyönlü siyasətin təqdimatı oldu. Dünyanın diqqətini Azərbaycana yönəldən bu tədbir mühüm çağırışları özündə ehtiva etdi. Toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olundu. Tədbir çərçivəsində yaşıl enerji sahəsində sənədlər imzalandı. Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur.

Dövlət başçısı ölkənin bərpa olunan enerji potensialı və qarşıdakı hədəflər barədə məlumat verib. Prezident İlham Əliyev Xəzər dənizində dayazlaşma məsələsinə də toxunub. Dövlət başçısı həmçinin qeyd edib ki, Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacarıb. Prezident İlham Əliyəv Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə də danışıb. Dövlət başçısı bildirib ki, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Cənub Qaz Dəhlizinin seqmentləri üzrə işlər qrafikə uyğun şəkildə icra edilib. Hazırda layihənin reallaşması TANAP vasitəsilə həyata keçirlir.

Cənab İlham Əliyev bu toplantı çərçivəsində “Euronews” televiziyasına müsahibəsində tədbirin enerji sənayesi üçün əhəmiyyətindən, Cənub Qaz Dəhlizinin uğurlu istismarından, nailiyyətlərdən və gələcək addımlardan bəhs edərək bildirdi ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi: “Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq.” Bu reallıq xüsusi vurğulandı ki, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.

Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcək. Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Cənab İlham Əliyev uğurlarımızın təhlili əsasında böyük əminliklə qeyd etdi ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək. Çünki təkcə ötən ilin göstəriciləri bunun sübutudur.

Əsas hədəflərdən biri Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqdaqalır. Bizə bir çox ölkələr müraciət edib və artıq altı ölkə bizim təbii qazı alır. Əlavə bir neçə ölkə ilə danışıqlar aparılır. Qaza tələbat var. Bunun üçün resurslarımız və müvafiq infrastrukturumuz da var. Cənab İlham Əliyev belə bir çağırışı səsləndirdi ki, Avropa maliyyə institutlarının maliyyələşməsi real yanaşmaya əsaslanmalıdır və ümumi hal almış qazıntı yanacağına qarşı meyillərin kölgəsi altına düşməməlidir.

Cənab Prezident İlham Əliyev həmçinin bildirmişdir ki, ölkəmizin bərpa olunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Azərbaycanın nəhəng bərpa olunan enerji ehtiyatları ölkəmizin yaxın gələcəkdə “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə imkan verəcək. COP29-un bu il Azərbaycanda keçirilməsi barədə qəbul edilmiş qərarda ölkəmizin yaşıl gündəliyini bir daha nümayiş etdirir” .

ARZU ƏLİYEVA

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər