Avetik Çalabyan: "44 günlük müharibədən sonra Ermənistanın təhlükəsizlik sistemi nəinki pozulub, hətta son 3 ildə təhlükəsizlik vəziyyəti sıfırlanıb"
Paşinyan iqtidarı olan-qalan funksiyasını da itirmək üzrədir. Belə ki, 44 günlük müharibədən sonra yalnız daxili deyil, həm də xarici siyasətində uğursuzluqlara imza atan hakimiyyət bütövlükdə sistemsizlik dövrünü yaşamaqdadır. Artıq bu kimi etirafların da sayı artmaqdadır.
Erməni politoloqu, “HayaVote” təşəbbüs qrupunun koordinatoru Avetik Çalabyana görə, 44 günlük müharibədən sonra Ermənistanın təhlükəsizlik sistemi nəinki pozulub, hətta son 3 ildə təhlükəsizlik vəziyyəti sıfırlanıb. Xüsusilə, Fransa faktorunu qabardan ekspertə görə, Ermənistanın təhlükəsizliyinə zəmanət vermək istəyən Fransanın bu regionda heç bir iştirakı yoxdur və heç vaxt da olmayacaq "Fransızlar rusları əvəz etməyə hazır olduqları ilə bağlı erməni cəmiyyəti qarşısında illüziya yaradıblar. Bu bizə nə verəcək, bax həmin sualın cavabını anlamaq lazımdır. Hər kəs dəqiq bilməlidir ki, sıxışdırsaq, Rusiya bizə əks-hücuma keçəcək. Proseslər də onu göstərdi ki, Moskva bölgəni tərk etməyəcək, amma getsə belə, ondan nə əldə edəcəyimizi anlamaq lazımdır”.
"Artıq hakim iqtidarda ziddiyyətlər var, çatlar dəqiq görünür"
Məhz bu baxımdan, Çalabyan hesab edir ki, artıq hakim iqtidarda ziddiyyətlər var, çatlar dəqiq görünür: "Çünki onlar da başa düşürlər ki, Rusiya ilə münasibətləri pozmaq təhlükəlidir. İranın müdafiə naziri Tehranda erməni həmkarı Suren Papikyanla görüşündə deyib ki, regiondan kənarda təhlükəsizlik axtarışları əks nəticə verəcək. Məhəmməd Rza Aştiani hesab edir ki, təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda ölkəmiz bütün nəticələr və təhdidlərlə fövqəldövlətlər arasında münaqişələr meydanına çevriləcək. Biz regionun əcnəbilər üçün rəqabət meydanına çevrilməsinə imkan verməməliyik ki, bu da bütün region ölkələrinin təhlükəsizliyinə və sabitliyinə təsir edəcək".
"Ermənistanın getməyə çalışdığı yolu vaxtilə Suriya tutub"
Tehranın İrəvana verdiyi mesajının, əslində, çox aydın olduğunu deyən politoloq əlavə edib ki, belə bir mesaj ilk dəfədir verilir. "Ermənistanın getməyə çalışdığı yolu vaxtilə Suriya tutub. Bu gün Suriya ərazisində bir neçə super güc müharibə aparır. Ermənistanın Suriyaya çevrilməsinə imkan vermək olmaz", Avetil Çalabyan təhlükənin ölkə astanasında olduğuna eyham vurub: "Suriyaya çevrilmək istəmiriksə, necə gücləndiyimizi, daxili resursumuzun nə olduğunu başa düşməliyik. Biz güclənsək, həm Rusiya, həm də Fransa ilə daha güclü mövqedən danışacağıq”.
Politoloq vurğulayıb ki, Ermənistanda daha bir saray inqilabı olmamalıdır. Paşinyanı əvəz etmək üçün onun yerinə kimin gələcəyi ictimaiyyətə çatdırılmalıdır. Və Ermənistanın təhlükəsizliyinə təhdid olan Paşinyandan qurtulmaq lazımdır. "İctimai-siyasi sahədə yeni konsolidasiya, əməkdaşlıq mühiti formalaşmalıdır. Çünki Ermənistan heç vaxt bu qədər həssas olmayıb”, deyə o fikirlərini yekunlaşdırıb.
Məhz erməni politoloqunun da dediklərindən belə bir nəticə hasil etmək olar ki, Ermənistan xarici güclərin əlində təhlükəli oyuncağa çevrilib və bütövlükdə İrəvanın mövcud siyasəti region üçün yaxşı heç nə vəd etmir.
Afət Tahirqızı