PDF Oxu

Siyasət

  • 2 059

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir ŞƏRH

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir ŞƏRH

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Qadınlar Günü hər il Azərbaycanda da rəsmi bayram kimi qeyd edilir. Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev hər zaman ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmaqla onların fəaliyyətinə geniş meydan yaradıb. Dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Qadınların ictimai nüfuzunun artırılması, cəmiyyətdə rolunun yüksəldilməsi, gender siyasətinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərin nəticəsi olaraq bu gün Azərbaycan qadınları dövlət qurumlarında, parlamentdə, bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir və ölkənin inkişafına hər sahədə böyük töhfələr verirlər. Tarix boyu qadınlar haqqında əsərlər yazılıb, qadına sevgi motivi dünya incəsənətinin, xüsusən poeziyanın ilham mənbəyi olaraq bəşəri şedevrlər yaradıb, görkəmli şəxsiyyətlər zaman-zaman qadınlar haqqında bir-birindən fərqli və maraqlı fikirlər söyləyiblər.Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar. Onlar adlarını uca tutduqları maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirmiş, müsəlman Şərqində qadınlar arasında mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqlarını əməli surətdə sübuta yetirmişlər.

Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.
Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

Aliyə Orucova

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər