“Fransanın Ermənistanı silahlandırmasının birdəfəlik və ya qısamüddətli olacağını düşünmək sadəlöhvlük olardı. Çünki bu dövlət uzun müddət idi ki, öz anti-türk, anti-Azərbaycan fəaliyyətini həyata keçirmək üçün meydan axtarırdı. Ermənistan bu istiqamətdə Yelisey sarayı üçün əlverişli imkan oldu”. Bu barədə SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.Onun sözlərinə görə, Paris hələ bundan sonra da uzun müddət İrəvanla hərbi sahədə əməkdaşlıq edəcək kimi görünür: “Bu əməkdaşlıq o vaxta qədər davam edəcək ki, Ermənistan ciddi cəzalandırılsın. Yəni Rusiya və ya hər hansı bir region dövləti Ermənistanı regiondan kənar qüvvələrlə əməkdaşlıq etməsinə görə cəzalandırmasa bu əlaqələrin qarşısını almaq mümkün olmayacaq”.Politoloq bildirib ki, Fransanın Ermənistanı silahlandırması ilk növbədə Azərbaycan və Türkiyənin əleyhinə yönəlib: “Yəni həm Ermənistanda, həm də Fransada bu münasibətlərin hədəfində Rusiyanın dayandığını bildirsələr də Azərbaycanla Türkiyə də bu hədəfin mərkəzində yer tutur. Məhz buna görə də Azərbaycan və Türkiyənin Fransa-Ermənistan hərbi əməkdaşlığına qarşı birgə mübarizə aparması təbiidir. Fransa bu addımları ilə Rusiyanın zəifləməsindən istifadə edərək regiona daxil olmaq və Ermənistan vasitəsi ilə möhkəmlənmək istəyir. Amma bu möhkəmlənmə Ermənistanın təhlükəsizliyini təmin etmək inkanına malik deyil. Çünki regionda mıvcud olan dövlətlərdən heç biri Fransa-Ermənistan əməkdaşlığının hərbi apektini qəbul etmək istəmir və etməyəcək. Digər tərəfdən Fransa Rusiyanın regionu boşaltması barədə düşünürsə ciddi yanlışlıq edir. Hamıya məlumdur ki, Cənubi Qafqaz Ukrayna kimi Rusiya üçün ciddi əhəmiyyət kəsb edən bölgədir"
Müəllif: Rəşid Qarayev