Prezident İlham Əliyev: "Bizi təkcə Xəzər dənizi ayırır"
Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olub. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir. Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Qazaxıstanla olan əlaqələri də öz töhfəsini verir. Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin daha da mökəmlənməsinə, ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır. Azərbaycan və Qazaxıstan çoxəsrlik dostluq ənənələrini nəinki qoruyub saxlamağa, genişləndirməyə, Azərbaycan-Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirməyə nail olub. Bu gün xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda Qazaxıstan və Azərbaycan nümayəndələri fəal əməkdaşlıq edir və hər zaman bir-birini dəstəkləyir. Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakı iki ölkə arasında dostluğun ən bariz nümunələrindən biridir. Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər bu əlaqələrin daha da dərinləşməsindən xəbər verir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri əlaqələrin davamlığına dəlalət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin mətbuata bəyanatlarla çıxışı zamanı dövlət başçımızın bidirdiyi kimi, bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk: "Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür. Son ilyarım ərzində mən Qazaxıstana dörd dəfə səfər etmişəm, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üçüncü dəfədir ki, ölkəmizə gəlir. Bu gün, eyni zamanda, fikir mübadiləsi çərçivəsində cari ilin sonunadək qarşıdakı səfərlərlə bağlı razılıq əldə etdik. Yəni, belə dinamik qarşılıqlı fəaliyyət faktı özlüyündə mənzərəni aydın göstərir".
"XƏZƏR TƏKCƏ ÖLKƏLƏRİMİZ ARASINDA YOX, HƏM DƏ BİR ÇOX ÖLKƏLƏR ARASINDA KÖRPÜDÜR"
Səfər çərçivəsində ilk dəfə Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şuranın iclası keçirildi. Bu da tarixi hadisədir və dövlətlərarası iqtisadi-ticari və investisiya əməkdaşlığı, beynəlxalq arenada qarşılıqlı fəaliyyətlə bağlı bütün məsələlərin müzakirəsi baş tutub. Bu, Qazaxıstan və Azərbaycanın strateji tərəfdaşlığına söykənir və müttəfiq dövlətlərdir. "Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində qarşılıqlı fəaliyyətimizin müxtəlif aspektləri ətraflı müzakirə olunub" – deyən Prezident bildirib ki, qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir: "Nəqliyyat-tranzit məsələsi geniş müzakirə olunub, biz Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etmişik. Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir. Kasım-Jomart Kemeleviçlə bu gün apardığımız fikir mübadiləsi də göstərdi ki, biz də qonşularıq. Bizi təkcə Xəzər dənizi ayırır. Amma bu gün o da əngəl deyil, əksinə, Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır". Əlbəttə ki, ölkələrimiz arasında neft üzrə uğurlu əməkdaşlıq mövcuddur. Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Qazaxıstan mənşəli xam neftin dünya bazarına çıxarılmasını bunun təzahürüdür. Ölkələr arasında ticarət dövriyyəsinə gəldikdə isə burada da müsbət dinamika müşahidə olunur və bu təkcə ötən il 598,47 milyon dollar təşkil edib.
"DƏMİR YOLLARI, AEROPORTLAR, AVTOMOBİL YOLLARI, DƏNİZ LİMANLARI DAXİL OLMAQLA, İRİMİQYASLI NƏQLİYYAT LAYİHƏLƏRİ HƏYATA KEÇİRİLDİ"
Bu səfər də dövlətlərimiz arasında əməkdaşlığın inkişaf perspektivləri nöqteyi-nəzərindən çox əhəmiyyət kəsb edir. Səfər çərçivəsində müvafiq sənədlərin, sazişlərin imzalanması əlaqələrin möhkəmlənməsinə söykənir. "Bu gün diskussiyalar çərçivəsində qeyd edildi ki, TransXəzər nəqliyyat marşrutunu meydana, deyərdim ki, dünya nəqliyyat-logistika spektrinə çıxaran indiki geosiyasi şərait möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi. Bu gün bunlara həmişəkindən daha çox ehtiyac var" – deyən Prezident onu da qeyd edib ki, bu, bizi bir daha əmin edir ki, bütün işləri vaxtında görmək və yaxın perspektivdən bir az uzağa baxmaq lazımdır. Yalnız belə olan təqdirdə uğur qazanmaq mümkündür. Ona görə də əgər bu gün nəqliyyat infrastrukturuna investisiya qoymağa başlasaydıq, yəqin ki, indi həmin potensiala malik olmaq üçün onilliklər lazım gələrdi: "İndi bu bünövrə üzərində biz nəqliyyat-tranzit imkanlarımızın, həm limanların, dəmir yollarının, həm də sinergiya yaradılmasının, vahid nəqliyyat kompleksinin qurulmasının genişləndirilməsini planlaşdırırıq. Bu kompleksdə rəqəmsallaşma ilə bağlı layihələr də dəstəklənəcək. Bu məsələlərdə biz paralel istiqamətlər üzrə hərəkət edirik. Həm Qazaxıstanda, həm də Azərbaycanda bu sahəyə çox böyük diqqət yetirilir."
QAZAXISTANIN AZƏRBAYCANA HƏDİYYƏSİ
Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra dünyaya yenidən açıldı, region və dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələri daha da genişləndirdi, bir sıra qurumlarla yeni əlaqələr yaratdı. Heç şübhəsiz, Türk dünyasının bir araya gəlməsi ən mühüm məsələlərdən biri kimi diqqəti cəlb edir. Azərbaycanın türkdilli ölkələrlə, xalqlarla yaxınlaşması, eyni genetik, tarixi köklərə malik olduğumuz dövlətlərlə daha da yaxından təmas qurması üçün müxtəlif siyasi-iqtisadi, mədəni-humanitar platformalar meydana gəldi, iş birliyi rəsmiləşdirən müqavilələr imzalandı. Bu gün işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bərpasında qardaş Qazaxıstan da öz töhfəsini verir. "İlk növbədə, istərdim ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə Kasım-Jomart Kemeleviçə bir daha təşəkkürümü bildirim… Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir. Həmçinin ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq".
Səfər çərçivəsində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi də ətraflı müzakirə olunub. "Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim" – deyən Prezident bildirib ki, Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub.
TÜRKDİLLİ DÖVLƏTLƏR ARASINDA SƏMƏRƏLİ, ETİBARLI SİYASİ DİALOQ
Bütün bu və ya digər məsələlərlə yanaşı, həmçinin qarşılıqlı fəaliyyətin digər məsələləri, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət də müzakirə olunub. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid mövqe nümayiş olunub. Müasir dünyada türkdilli dövlətlər arasında qurulan əməkdaşlıq daha aydın görünür. Bu münasibətlərin güclənmiş və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərməsi əlbəttə ki, türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi mühüm rol oynayır. Türkdilli dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Türkdilli ölkələrin vahid platformada birləşməsi ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır. Müasir dünyada türkdilli dövlətlər arasında qurulan əməkdaşlıq daha aydın görünür. Bu münasibətlərin güclənmiş və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərməsi əlbəttə ki, türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi mühüm rol oynayır. Türkdilli dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Türkdilli ölkələrin vahid platformada birləşməsi ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır.
Görülən işlər deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan əlaqələri qardaş dövlətlərin maraqları çərçivəsində inkişaf edərək əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI